Bakıdakı
204 nömrəli tam orta məktəbdə tanınmış şair Vahid
Əzizlə görüş keçirilib. Tədbiri məktəbin direktoru
Ziba Rzayeva açaraq dəvəti qəbul edib gəldiyinə görə
şair Vahid Əzizə kollektiv adından minnətdarlığını
bildirib.
Tədbirin aparıcıları Vahid Əzizin həyat və yaradıcılığı
haqqında məlumat veriblər. Qeyd ediblər ki, hələ telləri
gümüşlənməmiş, gəncliyinin dəliqanlı çağlarında Rəsul
Rza onun haqqında demişdir: "Vahidin şeirləri qibtə
oyada biləcək qədər poetikdir".
Şagirdlər Vahid Əzizin şeirlərinə bəstələnən mahnıları
məharətlə ifa ediblər. Onlar şairin şeirlərini
söyləyərək ona olan məhəbbətlərini, sevgilərini dilə
gətiriblər. Yuxarı sinif şagirdləri Vahid Əzizin lirik
əsərlərindən parçalar nümayiş etdiriblər, şeirləri ifa
ediblər.
Sonda şair Vahid Əziz tədbirə görə məktəb kollektivinə
təşəkkürünü bildirib. Tədbir iştirakçılarının arzusu ilə
qələmə aldığı şeirlərindən bir neçəsini səsləndirib.
Şagirdlərə gözəl çıxışlarına görə çox sağ olun deyən
şair tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |