Bu
yaxınlarda Bakı şəhəri 10 nömrəli orta məktəbdə görkəmli
dramaturq Hüseyn Cavid yaradıcılığına həsr edilmiş
ədəbi-bədii gecə keçirildi. Nizami Rayon İcra
Hakimiyyətinin başçısı Tahir Budaqovun və rayon
ictimaiyyətinin iştirak etdiyi tədbir, həqiqətən, bir
ədəbi bayrama çevrildi. İlk olaraq dramaturqun həyat və
yaradıcılığının əsas məqamlarını əks etdirən videosüjetə
baxış oldu. Videosüjetdə Cavidin ailə fotoları,
əsərlərindən parçalar, ulu öndər Heydər Əliyevin
dramaturqun qızı Turan xanımla görüşü, Cavid
məqbərəsinin açılışı əks olunmuşdu.
Şagirdlərin ifasında təqdim edilən ədəbi-bədii
kompozisiya yazıçının müxtəlif şeirləri, dram
əsərləri, eləcə də "Azər" poeması əsasında
hazırlanmışdı. Şagirdlərdən Sadiq Musazadə və Əsmər
Salahovanın aparıcılıq etdiyi tədbirdə səslənən şeirlər,
təqdim edilən mahnı və rəqslərin hər biri Hüseyn Cavid
yaradıcılığının əsas məqamlarını əks etdirirdi. Hüseyn
Cavidin obrazını canlandıran Xalid Musazadənin, Xəyyam
və Peyğəmbər obrazlarını canlandıran Əhməd Məmmədlinin
çıxışları tamaşaçıların alqışları ilə qarşılandı.
Hüseyn Cavidin məşhur şeirlərindən olan məktəbli qız
Gülbaharla (Cansu İsmayıllı) müəllimin dialoqu, şairin
ülvi məhəbbəti vəsf etdiyi şeirləri, Fatimə və Günelin
ifasında şairin bir neçə şeirinə bəstələnmiş mahnı,
Püstənin milli rəqs ifası, Mələk (Gözəl Hüseynli) və
İblisin (Əyyub Əliyev) dialoqu Cavid fəlsəfəsinin əsas
qayəsini ifadə edirdi. Sonda Hüseyn Cavidin " İblis"
dramından səsləndirilən İblisin monoloqu, şairin
obrazının səhnədə canlandırılması, kompozisiyanın
finalını tamaşaçılar alqışlarla qarşıladılar. İkinci
sinif şagirdi Hüseynin, üçüncü sinif şagirdləri Ayan,
Ömər, Aslan, Aminin, yuxarı sinif şagirdləri Fatimə,
Nərgiz, Samir, Rübabə, Günel, Valentina, Ruqəyya,
Mehrubə, Məlahət, Nərmin, Leyla, Ayxan, Qızqayıt, Nail
və digərlərinin təsirli çıxışları, Cəlalın tarda ifası
həm qonaqlar, həm də məktəb kollektivinin rəğbətini
qazandı. Şagirdlər ədəbi-bədii gecənin hazırlanmasında
zəhməti olan müəllimləri Familə Aslanlının, Nüşabə
Sadıqovanın, Sevda Hacıyeva və Rəfiqə İbrahimovanın
onlara olan ümidlərini layiqincə doğrultdular. Məktəbin
direktoru Leyla Məmmədova məktəbdə bu cür ədəbi-bədii
tədbirlərin artıq ənənə halını aldığını, şagirdlərin bu
cür tədbirlərdə fəallıq göstərdiyini qeyd etdi. O
bildirdi ki, bu tədbirlər şagirdlərin ictimai
fəallığının artması ilə yanaşı, onların dünyagörüşünün
formalaşmasında mühüm rol oynayır. Nizami Rayon İcra
Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək belə
uğurlu və maraqlı tədbirə görə şagird və müəllim
kollektivinə təşəkkür etdi. Natiq qeyd etdi ki, Hüseyn
Cavid şəxsiyyəti və yaradıcılığı dünyanın ən dahi
yazıçıları qədər yüksək fəlsəfi düşüncə, bəşəri
ideyalarla zəngindir. O qeyd etdi ki, ulu öndər Heydər
Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində dahi şairin
nəşinin uzaq Sibirdən gətirilərək doğulduğu Naxçıvanda
dəfn edilməsi və şairin adına layiq məqbərənin
ucaldılması, həqiqətən, Hüseyn Cavid şəxsiyyətinə
verilən dəyərin göstəricisi idi.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri,
millət vəkili Sədaqət Vəliyeva, Rayon Ağsaqqallar
Şurasının sədri Mail Əliyev ədəbi-bədii gecənin yüksək
səviyyədə təşkil edildiyini, məktəblilərin
vətənpərvərlik duyğularının artırılmasında mühüm
əhəmiyyəti olduğunu vurğuladılar.
Əfsanə BAYRAMQIZI |