Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadə adına
Bakıdakı 164 nömrəli tam orta məktəbin 6-cı "b"
sinif şagirdləri xalq şairi Səməd Vurğunun
ev-muzeyində olublar. Şagirdlər öncə şairin büstünün
önünə tər çiçəklər qoyaraq söz ustadının xatirəsinə
öz ehtiramlarını ifadə ediblər. Sonra muzeyin
əməkdaşları tərəfindən şagirdlərə şairin həyatı və
yaradıcılığı haqqında ətraflı məlumat verilib.
Şagirdlər şairin şəxsi əşyalarına, ailə üzvləri
ilə bağlı maraqlı şəkillərə baxıb, ona bağışlanan
hədiyyələrlə tanış olublar. Onlar ulu öndər Heydər
Əliyevin muzeyin xatirə dəftərinə yazdığı ürək
sözlərini oxuyublar. Şagirdlər daha sonra təbiət
vurğunu olan şairin yaradıcılığının parlaq nümunələri
olan "Azərbaycan", "Şair, nə tez qocaldın sən",
"Təbiət ilhama çağırır məni" şeirlərini
söyləyiblər.
Sonda Azərbaycan dili və ədəbiyyat müəllimi
Təranə Bağırova şagirdlərə muzeydən aldıqları
təəssüratlarla bağlı inşa yazısı yazmağı tapşırıb.
Sifai SƏFƏROVA |