Təkcə
elmi ictimaiyyət deyil, ümumilikdə oxucular üçün maraqlı
olacağına şübhə etmədiyim "Həsən Mirzəyevin
yaradıcılığında filologiya məsələləri" kitabı işıq
üzü görüb. Filologiya üzrə fəlsəfə doktoru Mahirə
Hüseynovanın yazdığı monoqrafiya 87 illik ömrünün 65
ilini yaradıcılığa həsr etməklə bərabər, ictimai-siyasi
həyatda da iz buraxmış əməkdar elm xadimi, "Şöhrət"
ordenli, filologiya elmləri doktoru, professor Həsən
İbrahim oğlu Mirzəyevin elmi fəaliyyətinin tədqiqinə
həsr olunub.
Müəllif monoqrafiyanın əvvəlində mövzunun aktuallığını
əsaslandıraraq əsərin yenilikləri, məqsəd və vəzifələri,
tədqiqatın mənbə və obyekti, aprobasiya məsələləri,
nəzəri və praktik əhəmiyyəti barədə dolğun təəssürat
yarada bilir. Bununla bərabər, Mahirə Hüseynovanın
Azərbaycan dilçilik elminin yaradıcısı olan müxtəlif
nəsillərin, xüsusi ilə 60-cıların elmi axtarışlarına
ekskursu da maraqlıdır. O nəsil ki, Xruşşov
volyuntarizminin yaratdığı imkanlardan bəhrələnərək
elmin, ədəbiyyatın, maarifin, incəsənətin bütün
sahələrində milli oyanışın yeni bir erasını başlamaqla
bərabər, öz sahələri üzrə elmin inkişafına xidmət
etmişlər. Həmin nəslin nümayəndələrindən biri də
sonralar dilçilik, ümumən filologiya elmində dərin izlər
buraxacaq Həsən Mirzəyev idi.
Əsərin "Giriş"ində H.Mirzəyevin yaradıcılıq yoluna ümumi
nəzər salınır. Sadə feillərin, feili sifətlərin, təsirli
və təsirsiz feillərin tədqiqini genişləndirərək onun
feilşünas alim kimi tədricən necə tanındığını təqdim
edən müəllif, alimin əsərləri haqqında yazılanları, hələ
gənc yaşlarında yazdıqlarına verilən qiymətləri də
oxucuya çatdırır.
Əsərin "Həsən Mirzəyev Azərbaycan dilçiliyində feilin
tədqiqatçısı kimi" adlanan birinci fəslində ilk
növbədə feili sifətin tədqiqi sahəsində H.Mirzəyevin
rolu araşdırılıb. Dilçilik tariximizdən məlumdur ki,
feili sifətlər uzun müddət gah feil, gah da sifət
bəhsinə daxil edilib. 1924-cü ildən 1960-cı ilədək feili
sifət şəkilçiləri ilə feildən sifət düzəldən şəkilçilər
birlikdə öyrənilmişdir. Tədqiqatlar artdıqca şəkilçilər
öz yerini tapıb və bu sahədə H.Mirzəyevin də xüsusi
xidmətləri olub.
Müəllif H.Mirzəyevin tədqiqlərini araşdıraraq göstərir
ki, o ilk dəfə olaraq feili sifətlərlə feildən düzələn
sifətlərin 15 fərqini, feildən düzələn sifətlərdən
fərqli olaraq, feli sifətlərin zaman, təsirlik, növ,
inkarlıq, tərz və s. kimi xüsusiyyətləri saxladığını
təsdiq edə bilib.
M.Hüseynova H.Mirzəyevin Azərbaycan dili feili
sifətlərinin türk dilləri feili sifətləri ilə müqayisəli
tədqiqinə haqq qazandırır və göstərir ki, "Bunlarsız
mövzunun düzgün, elmi dəlillərlə əsaslandırılmış şərhini
vermək olmazdı".
Monoqrafiyanın bu hissəsində M.Hüseynova H.Mirzəyevin
1987-ci ildə müdafiə etdiyi mövzunun - "Müasir
Azərbaycan dili feillərində təsirlilik-təsirsizlik
kateqoriyası" adlı doktorluq dissertasiyasının da geniş
təhlilini verir.
Monoqrafiyanın 2-ci fəsli "H.Mirzəyevin
tədqiqatlarında müasir Azərbaycan dili və Azərbaycan
dilinin qrammatik sistemi ilə bağlı məsələlər"
adlanır. Bu fəsildə M.Hüseynova H.Mirzəyevin 1972-ci
ildə çap etdirdiyi "Müasir Azərbaycan dilindən ixtisas
kursu" kitabını əsas götürməklə alimin dilçilik
görüşlərini izah edir. Müəllif doğru qeyd edir ki, o
dövrdə hələ Müasir Azərbaycan dili fənninin başqa
elmlərlə əlaqəsi ətraflı tədqiq olunmamışdı. H.Mirzəyev
bu əsərində ilk dəfə fənnin bədii ədəbiyyat,
ədəbiyyatşünaslıq, tarix, fəlsəfə, məntiq, psixologiya,
fiziologiya, fizika və digər elmlərlə əlaqəsini ətraflı
şərh etmişdir.
Fəslin ikinci hissəsində H.Mirzəyevin tədqiqatlarında
Azərbaycan dilinin qrammatik quruluşu məsələləri əhatə
edilir.
Monoqrafiyanın "H.Mirzəyevin onomalogiya və
dialektologiya sahəsində araşdırmaları" adlanan
üçüncü fəslində onomastik tədqiqatlar sahəsində
H.Mirzəyevin xidmətləri əks olunur.
İki bölmədən ibarət olan fəslin əsas hissəsi
H.Mirzəyevin Azərbaycan onomastikasının öyrənilməsi
sahəsində xidmətlərinə həsr olunub. M.Hüseynova əvvəlcə
Azərbaycan onomastikasının tədqiqi vəziyyətini nəzərdən
keçirmiş, sonra H.Mirzəyevin bu sahədə xidmətlərini
araşdırmışdır.
Onomastik leksikadan danışarkən tədqiqatçı daha çox
H.Mirzəyevin uzun müddət araşdırmalar apararaq yazdığı
"Azərbaycan toponimləri və şivə sözləri", "Azərbaycan
poeziyasında yaşayan adlarımız və tariximiz" (1997)
kitablarına və alimin böyüklü-kiçikli 125-ə qədər
məqaləsinə əsaslanır.
Monoqrafiyadan aydın olur ki, H.Mirzəyev xüsusilə
Dərələyəz toponimlərini aşkara çıxarmaqda çox böyük
zəhmət çəkmişdir. Azərbaycanlıların bu yerlərdən son
nəfərinə qədər kütləvi deportasiyasından az sonra
toponimlərin saxtakar erməni alimlərinin əli ilə bir
anda yox edildiyi faktlarla göstərilir.
Monoqrafiyadan aydın olur ki, H.Mirzəyev aşıq
poeziyasında - Qurbanidən bu günə qədərki aşıq şeirində
işlənmiş onomastik leksikanı - toponim, etnonim,
antroponim, hidronim və sairi çox böyük diqqətlə
toplayıb araşdırmış, onların hər birinin yaranma yolunu,
qrammatik strukturunu, mənşəyini nəzərdən keçirmişdir.
Fəslin sonunda M.Hüseynova H.Mirzəyevin dialektoloji
araşdırmalarını nəzərdən keçirir.
M.Hüseynova tədqiq obyektinə aludə olmur, yeri gəldikcə
H.Mirzəyev yaradıcılığının ayrı-ayrı məsələlərə
münasibətini tənqidi şəkildə nəzərdən keçirir, hər bir
məsələ barədə öz mövqeyini əsaslı şəkildə izah etməyə
çalışır.
Monoqrafiyanın son fəsli H.Mirzəyevin folklorşünaslıq
fəaliyyəti və şeir yaradıcılığına həsr olunmuşdur.
H.Mirzəyevin Dərələyəz folkloru ilə bağlı gördüyü
işlərin miqyası heyrətamizdir: Dərələyəz camaatının
dilində işlənən, Dərələyəz əhalisinin qan yaddaşını
təşkil edən holavarlar, sayaçı sözləri, mövsüm və
mərasim nəğmələri, miflər, əfsanələr, inamlar,
rəvayətlər,sınamalar,and, alqış, yalvarış, qorxu,
qarğış, söyüş, atmaca, vəsfi-hal, milli oyun, bayatı,
ağı, atalar sözü, məsəl, gülməcə, türkəçara, layla, şivə
sözü və sairdən ibarət 767 səhifəlik "Dərələyəz
folkloru" adlı kitab fikrimizi təsdiq edə bilər.
M.Hüseynova qeyd edilənlərin hər birinin dəqiq sayını da
göstərir.
Fəslin sonunda H.Mirzəyevin "Həsən Mirzə" imzası ilə
yazdığı şeirlər təhlil edilmiş, onun mövzu dairəsi,
əsərlərinin folklor özəllikləri, bədii dilinin üslubi
xüsusiyyətləri tədqiq edilmişdir.
Monoqrafiyanın yüksək elmi səviyyədə işlənilməsi onu
göstərir ki, müəllifin ardıcıl, yaradıcı yanaşmaları həm
də gərgin zəhmətdən keçib. Hər bir məsələdən danışarkən
əvvəlcə o sahədə mövcud tədqiqatlar xatırlanır, sonra
məsələnin izahına başlanılır- bu isə dəyişməz metodiki
yanaşma stili kimi diqqət çəkir. Müəllif
araşdırmalarının miqyasını göstərmək üçünsə bircə onu
qeyd etmək kifayətdir ki, mövzu üzrə tədqiqat müddətində
225 elmi ədəbiyyatdan istifadə olunmuş, xeyli sayda
internet resurslarındakı yazı mənbələrinə müraciət
edilmişdir.
Qəzənfər KAZIMOV,
filologiya elmləri doktoru, professor, Asiya və
İordaniya Kral Universitetinin fəxri doktoru
|