Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Tapşırıq əsasında dil öyrənmə

 

Ellada MİRZƏYEVA,
Sabirabad şəhər N.Gəncəvi adına 5
nömrəli tam orta məktəbin ingilis dili müəllimi

 Tədris etdiyimiz ingilis dili fənni təkcə xarici dil mənimsətmək məqsədi daşımır. Bu həm də öyrənənin dünyagörüşünün formalaşmasına, onlarda ümumbəşəri problemlər, ətraf mühit və s. haqqında daha aydın təsəvvürün yaranmasına  kömək edir. Tədris olunan mövzunun ictimai və tərbiyəvi əhəmiyyəti qabardılmalı və öyrənənlərin diqqətinə çatdırılmalıdır.

Tapşırıqların həlli zamanı lazımsız məcburetmə  prinsipi aradan qalxmalı, müəllimin təlim zamanı dominant rolu azalmalı, sinifdə rahat öyrənmə atmosferi yaranmalıdır. Şagirdlər öz fikirlərini ifadə edərkən linqvistik səhvlərə yol verəcəklərindən çəkinməməlidirlər.

Pedaqoq özünün də səhv edə bildiyini, məlumatının az olduğu sahələrin mövcudluğunu oyrənənlərin diqqətinə çatdırmalıdır. Əgər müəllim dil materialını həddən artıq sadələşdirərək öyrənənlərə təqdim edirsə, düşünürəm ki, onlar öz öyrənmə resurslarından lazımınca istifadə edə bilməyəcəklər. Müəllim dərs prosesində öz danışıq müddətini azaldaraq şagirdlərin bilikləri müstəqil mənimsəmə və öz səhvlərini qarşılıqlı surətdə düzəltmə prosesinə təkan verə bilər. Müəllim,  şagirdlərin öyrənməsi üçün adekvat şərait yarada və bələdçilik edə bilər. 

Müəllimin tədris etdiyi dil materialları  müxtəlif yaşda olan şagirdlərin maraqlarına, ehtiyaclarına, arzularına uyğun olmalıdır. Tədris olunan materiala şagirdin emosional münasibəti yaranmalıdır,  materialların onlara çatdırılma və təqdimolunma formalarının rəngarəngliyi də şagirdlərdə maraq yaratmalıdır.  Emosional  münasibətin formalaşması öyrənmə prosesini sürətləndirir.   

Beynəlxalq dilöyrətmə təcrübəsində tapşırığa əsaslanan dilöyrətmə metodundan (TBL - Task-Based Learning) geniş istifadə olunur. Bu metod mənalı bir tapşırığı yerinə yetirmək üçün öyrənilən dilin resurslarından istifadəetmə metodudur. Əvvəlki mərhələdə müəllim tapşırığın xarakterini izah edir, ola bilər ki, istifadə olunacaq lüğət və qrammatik konstruksiyalar barədə də məlumat versin. Müəllim həmçinin tapşırığın nümunəsini özü etməklə və ya onu şəkil və videomateriallar vasitəsilə də başa sala bilər. Tapşırığın yerinə yetirilməsi nəticəsində mətn və ya təqdimat formasında linqvistik material yaranır. Öyrənənlər bir-birlərinin materialını nəzərdən keçirib öz fikirlərini deyə bilərlər. Tapşırıq əsasında dil öyrənmə, informasiya boşluğunu doldurmaq, yarımçıq hekayənı tamamlamaq, verilmiş informasiyadan yeni tipli informasiya yaratmaqdan və s. ibarət ola bilər. Tapşırıq əsasında dil öyrənmə prosesində dil materialı əvvəlcədən müəyyənləşdirilmiş formada olmur. Öyrənən dil vahidlərinin istifadəsində sərbəstdir. O, təkcə cari dərsin lüğət və qrammatik strukturlarından istifadə etmir,  eləcə də əvvəlcədən mənimsədiyi dil vahidlərinin ehtiyatına da müraciət edir. Öyrənmə  prosesi təbii axınla gedir. Bu metod öyrənilən dildə danışma sürətini artırmaq və öyrənəndə öz bacarıqlarına inam yaratmağa yönəlir. Etdiyi tapşırıq onun maraq mərkəzində durur, fəaliyyətini stimullaşdırır və kommunikasiyaya yol açır.

Tapşırıq əsasında dilöyrətməyə misal: "Şagirdlərin hər biri öz ideal ölkəsinin modelini yaratsın, onun xəritəsini çəksin, ad qoysun, iqlimini müəyyən etsin, bu ölkəyə qanunlar qoysun, bu ölkənin insanlarının xüsusiyyətləri barədə məlumat versin".

Bu tipli tapşırıq öyrənənləri fəallaşdırır və dil resurslarından geniş  istifadə etməyə stimul verir.

Digər bir misal:  "Tənəffüs zamanı  şagirdlərdən biri müəllimin sevimli kitabını təsadüfən yerə ataraq korladı. Sonra onu heç bir şey olmamış kimi yerinə qoydu. Şagirdlərdən biri bunu gördü...". Beləliklə, dil öyrənənlər bu hekayəni öz istədikləri şəkildə, öyrəndikləri xarici dildə tamamlayırlar.

Bu tapşırıqlar, "naməlum bir planeti, onun canlılarını və s. təsvir et" kimi və ya "sizcə, ideal məktəb necə olmalıdır?" kimi də qoyula bilər. Past Simple zamanı formasından sərbəst istifadə məqsədilə belə bir tapşırıq vermək olar: "Dünən etdiyin 10 fəaliyyəti təsvir et".

Daha bir misal: "Biz meşəyə, bir neçə saatlığa piknikə gedirik. Hansı əşyaları götürməli olduğumuzu siz müəyyənləşdirəcəksiniz. Seçimlərinizin vacibliyini əsaslandırın".

Tapşırıq öyrənənlərin qruplara bölünərək bir-birlərindən müsahibə götürməsi formasında da ola bilər. Məsələn, qrupun biri yoxsulluğun aradan qaldırılması agentliyinin əməkdaşlarını  təmsil edə bilər və ikinci qrup isə jurnalistlər olaraq onlara yoxsulluqla mübarizə barədə suallar verə və cavab ala bilərlər.

Bu tipli tapşırıq sonda fəal diskussiyaya səbəb olur və öyrənənlər özləri də hiss etmədən çoxsaylı dil resurslarını istifadə etmiş və yeni şeylər öyrənmiş olurlar. Oyrənilən dil kommunikasiya vasitəsi kimi  istifadə olunur, müəllim, lazım gəldikcə, fikirləri ümumiləşdirir və yeni dil vahidlərini öyrənənlərin diqqətinə çatdırır. Öyrənilən dil materialını tapşırıq müəyyən edir. Təcrübələr göstərir ki, tapşırıq üzərində cəmləşdikdə dil öyrənənlər tərəfindən daha asan mənimsənilir.

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov