Akif MƏMMƏDOV,
BSU-nun Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və
ədəbiyyat kafedrasının müdiri,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent
Mütaliə
məsələsi hazırda cəmiyyətdə ən çox müzakirə olunan
problemlərdən biridir. Ümumi mənzərə belədir ki,
mütaliəyə, xüsusilə bədii ədəbiyyatın mütaliəsinə maraq
son dərəcə azalmışdır. Bu hal bizdə digər ölkələrə
nisbətən daha xoşagəlməzdir. Məsələn, təxmini
hesablamalara görə, il ərzində bir yunan 25, isveçli 10,
fransız və türk 7 kitab oxuduğu halda, Azərbaycanda bu
göstərici minimum səviyyədədir. ABŞ-da valideynlərin
87%-i məktəbəqədər yaşlı övladlarına kitab oxuyur, 37%-i
bunu gündəlik edir. Bizdə isə 34% ailələrdə uşaqlar üçün
kitablar yoxdur (bax: Azərbaycan Respublikasının təhsil
naziri Mikayıl Cabbarovla müsahibə, "Kurikulum" jurnalı,
2014, №4). Mətbuatda, elmi-pedaqoji ədəbiyyatda bunun
səbəbləri və fəsadları haqqında çox yazılmışdır. Bir
məsələdə hamı yekdildir ki, mütaliəsizlik ən çox təhsilə
zərbə vurur, gənc nəslin müxtəlif yöndə inkişafına əngəl
olur. Bugünkü gənc nəsil isə sabahın fəal vətəndaşı,
gələcək inkişafımızın rəhnidir.
Mütaliə mədəniyyətinin formalaşdırılması və inkişafı
baxımından, heç şübhəsiz ki, məktəbin üzərinə böyük
məsuliyyət düşür. Elə buna görədir ki, təhsil naziri
cənab Mikayıl Cabbarov bu məsələyə dəfələrlə toxunmuş,
çıxışlarında, müsahibələrində mütaliənin əvəzsiz rolunu
dönə-dönə qeyd etmişdir. Mərkəzləşdirilmiş imtahanlarda
bir çox hallarda yüksək nəticələr göstərən və yaxud
təhsildə uğurları ilə fərqlənən gənclərimizin öz
fikirlərinin ifadəsində çətinlik çəkmələrini də təhsil
naziri onların mütaliəsinin zəif olması ilə
əlaqələndirmiş və Təhsil Nazirliyinin müvafiq
strukturlarına, məktəb rəhbərlərinə şagirdlərin
mütaliəsinin dövrün tələbləri səviyyəsində təşkili üçün
tapşırıqlar vermişdir. Mütaliənin vacibliyi nəzərə
alınaraq, Təhsil Nazirliyi tərəfindən 16 dekabr 2014-cü
il tarixdə "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə
vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə
mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər
barədə" əmr verilmişdir. Əmrdə məktəb qarşısında konkret
vəzifə və tələblər qoyulmuş, bu sahədə görüləcək işlərin
konturları cızılmışdır.
Respublikanın qabaqcıl təhsil ocaqlarından biri, 2014-cü
ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi
olan Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey
Kompleksində sinifdənxaric oxu sahəsində əvvəldən
müəyyən ənənə mövcud idi. Mütaliənin əvəzsiz rolunu
qiymətləndirən BSU-nun keçmiş rektoru, akademik Kamal
Abdullanın təşəbbüsü və səyi nəticəsində bu problem
həmişə diqqət mərkəzində olmuşdur. Hələ 2009-2010-cu
tədris ilindən məktəbin tədris planında müvafiq
dəyişiklik edilmiş və V-IX siniflərdə həftədə bir saat
olmaqla "Sinifdənxaric oxu" fənninin tədrisi
müvəffəqiyyətlə aparılır. Bunun üçün kompleksin
Azərbaycan dili və ədəbiyyat kafedrasında proqram
hazırlanmış və bu sənəd həm kafedra iclasında, həm də
kompleksin elmi-metodik şurasında müzakirə və təsdiq
olunmuşdur. Proqramda o bədii əsərlərin oxusu nəzərdə
tutulmuşdur ki, onlar orta ümumtəhsil məktəbinin
ədəbiyyat dərsliklərində olmasın. Bununla yanaşı, bədii
nümunələr seçilərkən şagirdlərin yaş və maraq dairəsi,
ümumdidaktik prinsiplər və s. nəzərə alınmışdır.
Sinifdənxaric oxu dərslərində öyrədilməsi nəzərdə
tutulan əsərlərin siyahısı dərs ilinin əvvəlindən
şagirdlərə təqdim olunur, dərs prosesində isə həmin
bədii nümunə hərtərəfli (əsərin məzmunu, mövzusu,
ideyası, müasir həyatla bağlılığı və s.) təhlil edilərək
mənimsədilir.
Təhsil naziri cənab Mikayıl Cabbarovun müvafiq
göstərişlərindən və yuxarıda qeyd etdiyimiz əmrindən
sonra kompleksdə bu iş daha da canlandırıldı. Belə ki,
əmr diqqətlə öyrənildi, məktəb kitabxanası daha da
zənginləşdirildi və məktəb rəhbərliyinin, kitabxana
işçilərinin və Azərbaycan dili və ədəbiyyat kafedrası
müəllimlərinin rəy və təklifləri nəzərə alınaraq geniş
tədbirlər planı hazırlandı. Təbii ki, burada əsas
məsələlərdən biri hansı ədəbiyyatın seçilməsi problem
idi. Bu işdə əmrdəki göstərişlər əsas götürüldü.
Mütaliəsi nəzərdə tutulan əsərlərin siyahısı tərtib
olundu. Əsərlər seçilərkən çalışdıq ki, şagirdlər həm
Azərbaycan (M.Ş.Vazeh, M.F.Axundzadə, C.Məmmədquluzadə,
İ.Əfəndiyev, Anar, Elçin, Ç.Abdullayev və s.), həm də
dünya ("Qabusnamə", H.K.Andersenin, M.Tvenin əsərləri və
s.) ədəbiyyatı nümunələri və müxtəlif ədəbi növlər əhatə
olunsun. Bütün sinif şagirdlərinin əhatə olunması
nəzərdə tutuldu. Şagirdlər həvəslə işə girişdilər. Onlar
əsərləri sevə-sevə oxuyur, müzakirələrdə fəallıq
göstərir, səhnəciklərdə ürəkdən iştirak edirlər.
Əsərlərdən seçilən fraqmentlərin teatrlaşdırılması,
hazırlanan ədəbi-bədii kompozisiyalar, təşkil olunan
disputlar şagirdlərin böyük marağına səbəb oldu. Bu işdə
bizə valideynlər və məktəb kitabxanası da yaxından kömək
edir. Oxunan əsərlər əsasında yuxarı sinif şagirdlərinin
təəssürat, rəy və mülahizə xarakterli inşa yazıları
təşkil edilir. Bu yaxınlarda prosesin yekunu olaraq,
əmrdə göstərildiyi kimi, "Ən fəal oxucu", "Bədii əsər
haqqında ən yaxşı inşa", "Bədii əsər barədə ən mükəmməl
rəy" müsabiqələrinə yekun vurulacaq, oxuduqları
əsərlərin sayına görə siniflər üzrə şagirdlərin reytinqi
müəyyən edilməklə onların arasında sağlam rəqabət
mühitinin yaradılması təmin ediləcəkdir.
Təcrübə göstərir ki, mütaliə prosesinin bu şəkildə
təşkili hər hansı bir əsərin təkcə öyrənilməsi ilə
yekunlaşmır. Şagirdlər həm də nəyi və necə oxumağı,
mütaliə zamanı hansı məsələlərə diqqət etməyi və bədii
əsərdən sərbəst şəkildə bəhrələnməyi öyrənirlər. |