İntiqam CƏBRAYILOV,
pedaqogika üzrə
elmlər
doktoru,
professor,
TPİ-nin
təhsil
nəzəriyyəsi
şöbəsinin
müdiri
Müasir
dövrdə ölkəmizdə təhsilin bütün pillə və səviyyələrində
köklü dəyişikliklər aparılır, struktur, məzmun və
idarəetmənin yeni mexanizmləri formalaşdırılır. Bu
məsələlər başlıca tələblər kimi "Azərbaycan
Respublikasında təhsil sahəsində İslahat Proqramı"nda,
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda,
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında, "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda əksini
tapmışdır. Yeni təhsil standartları hər bir pillə üzrə
təhsil fəaliyyətinin yeni modelinin tətbiqi üçün
əlverişli zəmin yaratmışdır. Yeni standartlar təhsilin,
tədris prosesinin nəticələrinin keyfiyyətinə təminat
verir. Bu da ilk növbədə təhsilə standartlar vasitəsilə
sistemli yanaşmadan irəli gəlir.
Məlumdur ki, ənənəvi təhsil modelinə
(assosiativ-reproduktiv model) görə təhsilalanlarda
müasir standartlara uyğun keyfiyyətlərin
formalaşdırılması mümkün deyil. Araşdırmalar göstərir
ki, bu gün təhsil sistemində bilikyönlülükdən
fəaliyyətyönlülüyə keçid mühüm əhəmiyyət kəsb edir.
Ənənəvi təhsil sistemi cəmiyyətdə gedən proseslərdən
mahiyyətcə geri qalır, müasir dövrün tələblərinə cavab
vermir. Ənənəvilik, eyni zamanda səriştəli
mütəxəssislərin formalaşdırılması, işçilərin
ixtisasartırma səviyyəsinə qoyulan tələbləri də ödəmir.
Bu da nəticə etibarilə hazırlanan mütəxəssislərin
rəqabət qabilliyinə, peşə səriştəliliyinin inkişafına
ciddi təsir göstərə bilmir. Məhz buna görə hazırkı
dövrdə təhsil müəssisələrinin fəaliyyət mexanizminin
yeni tələblər əsasında qurulması üçün cəmiyyətin artan
tələbatının nəzərə alınması, təhsildə innovasiyaların
davamlı olaraq tətbiqi, şəxsiyyətyönlülüyə xüsusi
əhəmiyyət verilməsi, təhsilalanlarda və təhsilverənlərdə
təfəkkür mədəniyyətinin formalaşdırılması vacibdir.
Təhsildə innovasiya fəaliyyəti ilə bağlı son illərdə bir
sıra elmi-nəzəri, pedaqoji, metodik əsərlər çap
olunmuşdur. Bu baxımdan tədqiqatçı alimlər S.Xəlilov,
Ə.Ağayev, A.Mehrabov, A.Abbasov, M.Mahmudov, Ə.Abbasov,
N.Almazova, N.Popova, L.Krılova, V.Şadrikov,
A.Xutorski, M.Boquslavski və başqalarının əsərləri
diqqəti cəlb edir.
Araşdırmalardan aydın olur ki, təhsildə innovativ
fəaliyyət məzmun problemləri ilə yanaşı, digər
məsələlərlə, o cümlədən də idarəetmə məsələləri ilə də
sıx bağlıdır. Bu gün təhsilin idarə olunmasında
tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının elmi
əsaslarla təkmilləşdirilməsi, təhsili idarəetmədə
maraqlı tərəflərin iştirakında milli və bəşəri
dəyərlərin, sistemli yanaşmanın nəzərə alınması
vacibdir. Eyni zamanda təhsil sahəsində monitorinq,
keyfiyyət və fəaliyyət göstəriciləri sisteminin davamlı,
ardıcıl olaraq inkişaf etdirilməsi də zəruridir. Bu, ilk
növbədə təhsilin keyfiyyətinin artırılması baxımından
əhəmiyyətlidir.
Təhsildə innovativ fəaliyyət eyni zamanda dünya ölkələri
ilə, müxtəlif təhsil müəssisələri ilə, konkret
təhsilverən, yaxud təhsilalanlar arasında əməkdaşlığın
tədricən genişləndirilməsi və inkişaf etdirilməsidir.
Təhsil müəssisələri arasında beynəlxalq əlaqələrin
möhkəmləndirilməsinə yönəldilmiş beynəlxalq layihələrin
hazırlanması, beynəlxalq konfransların, forumların və
simpoziumların keçirilməsi bu baxımdan mühüm əhəmiyyət
kəsb edir.
İnnovativ fəaliyyət təhsil sisteminə aid bütün
vəzifələrin həyata keçirilməsinə, ayrı-ayrı məsələlərin
məqsədəuyğun, səmərəli həllinə və keyfiyyətin təminatına
ciddi təsir göstərir. İnnovativ fəaliyyət əslində təhsil
fəaliyyətinin inkişaf formasıdır. Təhsil sistemində
innovativ fəaliyyət əsasən aşağıdakı məsələləri əhatə
edir:
- pedaqoji sistemdə zəruri dəyişikliklərə, yeniliklərə
tələbatların öyrənilməsi, üzə çıxarılması;
- təhsilin keyfiyyətinin yüksəldilməsinə kömək göstərə
bilən mövcud metodik işləmələrin dəyərləndirilərək üzə
çıxarılması;
- arzuolunan gələcək pedaqoji sistemlərin
layihələndirilməsi və doğru istiqamətlənmiş fəaliyyət.
Qeyd olunan məsələlərə diqqətli yanaşma və onların
keyfiyyətli həlli nəticəsində təhsil müəssisələrinin və
bütövlükdə təhsil sisteminin obyektiv tələbatları
ödənilər və imkanlar reallaşar. Təhsil müəssisəsinin
inkişafa qabilliyi müvafiq fəaliyyət prosesində mövcud
obyektiv problemlərin nə dərəcədə səmərəli üzə
çıxarılması və həllinə nail olunmasından xeyli dərəcədə
asılıdır. Bununla yanaşı qeyd etməliyik ki, təhsil
müəssisəsinin inkişafyönümlülüyü müəyyən inteqrativ
keyfiyyətlərin nəzərə alınmasını tələb edir. Bu baxımdan
aşağıdakı müddəalara xüsusi əhəmiyyət verilməsi
vacibdir: 1)problemlərə həssaslıq (dəyişikliklərə zəruri
ehtiyac və tələbat); 2)inkişafın imkanlarını
müəyyənləşdirmək və diqqətdə saxlamaq; 3)tətbiq etmək,
həyata keçirmək gücü, potensialı; 4)təhsil
müəssisəsinin kreativliyi-yaradıcı yanaşma.
Problemlərə həssas yanaşma təhsil müəssisəsinin
xüsusiyyətlərini, zəruri ehtiyaclarını, pedaqoji
sistemin tələbatlarını müəyyənləşdirməyə və onların
əhəmiyyətini qiymətləndirməyə imkan yaradır. İnkişaf
imkanlarının müəyyənləşdirilməsi təhsil fəaliyyətinin
effektivliyinin yüksəldilməsi və mövcud potensialın
düzgün qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
Təhsil müəssisəsinin mövcud imkanlarını həyata keçirmək
potensialı dedikdə, ilk növbədə. resurslardan minimum
səviyyədə istifadə olunmaqla maksimum faydalı
nəticələrin qazanılması nəzərdə tutulur. Təhsil
müəssisəsinin kreativliyi isə elə bir keyfiyyətdir ki,
bu və ya digər mürəkkəb problemin həllinə yaradıcı
yanaşma tələb olunur. Müəyyən şəraitdə hazır
"reseptlər", şablon qaydalar ciddi təsirli olmadığına
görə təhsil fəaliyyətinin məzmununda inteqrativ
keyfiyyətin üstünlüyünə önəm verilir.
Təcrübə və araşdırmalar göstərir ki, müasir dövrdə
təhsilin keyfiyyətinin artırılması problemi ilə bərabər
innovativ fəaliyyətin keyfiyyətinin yüksəldilməsi
diqqəti xüsusilə cəlb edir. Əslində innovativ
fəaliyyətin keyfiyyətinin artırılması aktuallıq
baxımından daha çox əhəmiyyətlidir. Çünki təhsilin
keyfiyyətinin yüksəldilməsi birbaşa təhsil fəaliyyətinin
innovativliyi ilə bağlıdır.
Bəzi təhsil müəssisələrində innovativ fəaliyyətin
ardıcıl, sistemli olmaması aktual problemlərin həllində
müəyyən çətinliklər yaradır. Ona görə də bu məsələlərə
ciddi diqqət yetirilməsi vacibdir. Təcrübə və
araşdırmaların nəticəsi olaraq innovativ təhsil
fəaliyyətinin təkmilləşdirilməsinin başlıca
istiqamətlərini aşağıdakı şəkildə əsaslandıra bilərik:
- pedaqoji kollektivdə təhsil fəaliyyəti sahəsində
keyfiyyət dəyişikliklərinin dərk olunması zəruriliyinin
formalaşdırılması;
- innovativ fəaliyyət texnologiyalarının
təkmilləşdirilməsi;
- innovativ fəaliyyətin təşkilati formalarının
təkmilləşdirilməsi;
- pedaqoji kollektivlərin məlumatlılıq (informasiya
toplamaq, informasiyalılıq) səviyyəsinin yüksəldilməsi;
- innovativ fəaliyyət zamanı motivasiya vasitələrinin
təkmilləşdirilməsi;
- innovativ fəaliyyət zamanı keyfiyyətin
qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsi;
- təhsil müəssisəsi rəhbərlərinin, müəllimlərin,
ictimaiyyətin (o cümlədən valideynlərin) innovativ
fəaliyyətlə bağlı səriştəliliklərinin yüksəldilməsi və
bu istiqamətdə əlbir işin genişləndirilməsi.
Elmi-pedaqoji araşdırmalar göstərir ki, təhsilin
keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin
innovativ fəaliyyətinin inkişafı yeni konsepsiyaya
əsaslanmaqla təmin oluna bilər. Bu isə bir neçə
konsepsiyanın sintezi əsasında formalaşmış nəzəri
ideyalar məcmusudur. Həmin nəzəriyyələrdən biri
K.Levinin "donuşluğun yumşalması" (yaxud "donun
əriməsi") konsepsiyasıdır. Bu konsepsiya idarə və
müəssisələrdə, o cümlədən təhsil müəssisələrindəki iki
tərəfin-iki əsas qüvvənin təklifləri əsasında
formalaşmışdır. Tərəflərdən biri dəyişikliklərin
təşəbbüskarı, digəri isə məhdudlaşdırıcısı mövqeyində
çıxış edir. Hər iki tərəf müəyyən balans yaratsa da
tədricən yeniliyin təşəbbüskarları öz mövqelərini
möhkəmləndirməklə tədricən öz istəklərinə nail ola
bilirlər.
K.Levinin fikrincə, dəyişikliklər prosesi əsasən üç
mərhələdən ibarətdir: donuşluq, hərəkət və yumşalma
(ərimə). Donuşluq mərhələsində təşəbbüskar qüvvələr
rəhbərlik qarşısında yeniliklərin həyata keçirilməsi
zəruriliyi ilə bağlı məsələ qaldırır, həmin məsələlərin
mahiyyətinin kollektiv daxilində dərk olunmasına
çalışır. Hərəkət mərhələsində yeni qaydalar,
məqsədəçatma texnologiyaları mənimsənilir, fəaliyyətin
prosedur forma və priyomları öyrənilir. Yumşalma (ərimə)
mərhələsində isə nəzərdə tutulmuş təcrübənin
reallaşdırılmasına istiqamətlənmiş müvafiq tədbirlər
həyata keçirilir. Bu mərhələnin nəticələri kollektiv
üçün faydalı olmalıdır. Belə olan təqdirdə işçilər irəli
sürülmüş təşəbbüsü müdafiə edir, beləliklə, kollektivin
uğurları və inkişafı üçün əlverişli zəmin yaranır.
İkinci nəzəriyyə təşkilati inkişaf nəzəriyyəsi adlanır.
Bu nəzəriyyə XX yüzilliyin 60-cı illərində formalaşmış
və daha çox menecment sahəsinə istiqamətlənmişdi.
İnkişaf konsepsiyasının başlıca xüsusiyyəti müəssisədə
ilk növbədə struktur dəyişikliklərinin aparılması, işin
məzmununa yeniliklərin gətirilməsi və nəticə etibarilə
yaranan problemlərin həllinin asanlaşdırılması, işin
keyfiyyətinin yüksəldilməsidir. Bu konsepsiyaya görə
kollektivdə münasibətlərin təkmilləşdirilməsi, yeni
məzmun daşıması, davranışa və işin nəticələrinə xüsusi
əhəmiyyət verilməsi vacibdir. Təşkilati inkişaf
konsepsiyası müəssisədə özünüinkişaf mərhələsinə çatmağa
və bu prosesin davamlı olmasına istiqamətlənmişdir.
Özünüinkişaf mərhələsinə çatan müəssisə qarşısına yeni
məqsədlər qoyur. Beləliklə, kollektiv üzvləri arasında
əməkdaşlıq daha da güclənir, onlar dəyişiklikləri
diqqətlə izləyir və idarəetmədə fəal iştirak edirlər.
Əməkdaşların bir-birinə inam və etibarının artması,
müəyyən fikir ayrılıqlarının inkişafa mane olmaması,
qarşıya qoyulan məqsəddə, planlaşdırmada, məsələlərin
həllində, idarəetmədə vahid mövqe nümayiş etdirilməsi bu
müəssisənin spesifik xüsusiyyətləri kimi qeyd oluna
bilər.
Bu konsepsiyanın tərəfdarları təşkilati inkişaf
prosesinin beş ardıcıl mərhələdən ibarət olduğunu
göstərirlər:
1) müəssisə üçün yaranmış problemlərin
müəyyənləşdirilməsi və qiymətləndirilməsi; 2) qabaqcadan
diaqnozun qoyulması; 3) birgə fəaliyyətin
planlaşdırılması; 4) fəaliyyətin yerinə yetirilməsi; 5)
aparılmış dəyişikliklərin nəticələrinin
qiymətləndirilməsi.
Problemin həlli ilə bağlı yaranmış digər
konsepsiyalardan biri sistemli analiz konsepsiyasıdır.
XX yüzillikdə formalaşmış bu konsepsiya problemlərin
sistemli həlli metodologiyasına əsaslanır. Bu baxımdan,
ilk növbədə, aşağıdakı məsələlərə diqqət yetirilir: 1)
problemlərin müəyyənləşdirilməsi; 2) aktual problemlərin
qiymətləndirilməsi; 3) qiymətləndirmə kriteriyalarının
müəyyən olunması; 4) mövcud sistemin təhlili,
problemlərin həlli imkanlarının müəyyənləşdirilməsi; 5)
müxtəlif həll variantlarının işlənib hazırlanması; 6)
qərarın həyata keçirilməsi; 7) nəticələrin
qiymətləndirilməsi.
Qeyd olunanları əsas götürərək təhsil müəssisələrində
innovativ sistemin modernləşdirilməsi zamanı aşağıdakı
məsələlərin həlli nəzərdə tutulur: 1)təhsil
müəssisələrində innovativ fəaliyyətlə bağlı mövcud
vəziyyətin öyrənilməsi və təhlili; 2)innovativ
fəaliyyətin modernləşdirilmiş sisteminin
layihələndirilməsi; 3)innovativ fəaliyyətin yeni
sisteminin tətbiqi ilə bağlı hazırlıq işlərinin
görülməsi; 4)təhsil müəssisələrinin yeni innovativ
fəaliyyət modelinə uyğun təhlil edilməsi; 5)alınmış
nəticələrin (nailiyyətlər və çatışmazlıqlar) müzakirəsi,
çatışmazlıqların səbəblərinin müəyyənləşdirilməsi;
6)problem baxımından təhlil üsulları və nəticələrin
korrektə olunması; 7)arzu olunan təhsil sisteminin
layihələndirilməsi və müvafiq təhlillərin aparılması;
8)arzu olunan yeni təhsil sisteminə keçid
strategiyasının işlənib hazırlanması, ardıcıl olaraq
təhlillərin, korrektə işlərinin aparılması və həyata
keçirilməsi.
Bu konsepsiyanın tələblərinə uyğun olaraq innovativ
fəaliyyət sisteminin modernləşdirilməsi bilavasitə elə
innovativ fəaliyyət prosesində aparılır. Əslində bu da
konsepsiyanın başlıca ideyası kimi qeyd olunmalıdır.
Təcrübə göstərir ki, innovativ fəaliyyətin sistemli
şəkildə həyata keçirilməsi məqsədilə bu konsepsiyanın
tətbiqi əhəmiyyətlidir. Belə ki, bu konsepsiyaya görə
təhsil sisteminin bütövlükdə struktur, məzmun və
idarəetmə məsələlərinə yeni baxış tələb olunur.
İnnovativ fəaliyyət prosesində təhsil işçiləri ilə
bərabər geniş ictimaiyyət, o cümlədən valideynlərin
iştirakı üçün əlverişli zəmin yaradılır. Mövcud sistemlə
arzu olunan sistem arasında müqayisələr aparılır,
fəaliyyətin hər bir mərhələsi ayrılıqda diqqətlə
nəzərdən keçirilir, əldə edilmiş nailiyyətlər, xüsusilə
keyfiyyət göstəriciləri təhlil olunur, nöqsanlı cəhətlər
və onların səbəbləri araşdırılır, konkret nəticələr
müəyyənləşdirilir. Hər bir mərhələdə nəticələrin
korrektə edilməsi, fəaliyyətin intensivləşdirilməsinə
xidmət edən tədbirlərin həyata keçirilməsi təhsil
müəssisələrinin inkişafına, nəticə etibarilə müasir
informasiya cəmiyyətinin, qloballaşan dünyanın
tələblərinə uyğun yetkin şəxsiyyətin formalaşmasına
ciddi təsir göstərir.
Qeyd etmək lazımdır ki, təhsildəki innovasiyalar
intellektual və inteqrativ fəaliyyət hesab olunan
elmi-tədqiqat fəaliyyətilə əsaslı şəkildə bağlıdır.
Elmi-tədqiqat fəaliyyəti sosial-iqtisadi, humanitar və
digər problemlərin həlli məqsədilə yeni biliklərin
qazanılması və təbiqinə istiqamətlənir. Bu fəaliyyət
aşağıdakı istiqamətləri əhatə edir:
- fundamental (nəzəri, eksperimental) elmi fəaliyyət.
Bu fəaliyyət əsas etibarilə insanın yaranması,
formalaşması və inkişafı haqqında yeni biliklərin əldə
olunmasına istiqamətlənir;
- tətbiqi elmi tədqiqatlar. Bu fəaliyyət konkret
vəzifələrin həlli və praktik məqsədlərlə bağlı
nailiyyətlər üçün yeni biliklərin tətbiqinə
istiqamətlənir;
- elmi tədqiqatların aparılması nəticəsində əldə
olunmuş baza bilikləri, yaxud praktik təcrübə əsasında
eksperimental işləmələr.
Qeyd olunan hər bir istiqamət üzrə aparılan
tədqiqatların nəticələrinin inteqrativ bilik və
səriştələrə çevrilməsi təhsildə innovativ fəaliyyətin
davamlı olmasına zəmin yaradır.
Bu gün Azərbaycan təhsili xeyli inkişaf etmiş,
müasirləşmiş və modernləşdirilmişdir. Lakin qloballaşma,
dünyada baş verən yeniliklər, ölkə həyatının inkişafı,
cəmiyyətdə siyasi, sosial-iqtisadi, mədəni dəyərlərin
daha da zənginləşməsi innovasiyaların ardıcıl, sistemli,
davamlı olaraq tətbiqini zəruri edir. Təhsilin
innovasiyalar əsasında modernləşdirilməsi və
təkmilləşdirmə işinin mütəmadi olaraq aparılması bu
günün əsas tələblərindən biridir. Bəziləri belə hesab
edirlər ki, təhsilin modernləşdirilməsində milli
ənənələrin öyrənilməsi və tətbiqi ilə kifayətlənmək
lazımdır və bu işdə xarici təcrübədən istifadə etməyə
ehtiyac yoxdur. Digərləri isə modernləşdirmədə xarici
təcrübəni əsas götürməyi vacib sayırlar. Əslində
modernləşdirmədə milli və bəşəri dəyərlərin vəhdətdə
götürülməsi, milli ənənələrlə bərabər qabaqcıl xarici
təcrübənin nəzərə alınması məqsədəuyğundur.
Qeyd etmək lazımdır ki, təhsilin inkişafı üzrə innovativ
fəaliyyət ilk növbədə təhsil sahəsində dövlət
siyasətinin prinsiplərinə, dövlətin bu məsələ ilə bağlı
qəbul etdiyi qərarlara, proqramlara, strategiyalara
əsaslanmalıdır. Bu baxımdan son illərdə respublikamızda
təhsilin inkişafı ilə bağlı olduqca ciddi, mühüm
əhəmiyyət kəsb edən dövlət sənədləri, qərar və
proqramlar qəbul olunmuşdur. "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası, "Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası" həmin
qəbildən olan konseptual sənədlərdir. Araşdırmalar
göstərir ki, təhsilin inkişafı, məzmunun innovasiyalarla
zənginləşdirilməsi nəticə etibarilə ölkənin də
inkişafına, cəmiyyətin ictimai-iqtisadi, mədəni
həyatında köklü dəyişikliklərin, irəliləyişlərin baş
verməsinə gətirib çıxarır. Bu baxımdan Azərbaycan
Respublikasının İnkişaf Konsepsiyasında təhsil
məsələlərinə xüsusi yer ayrılması olduqca
təqdirəlayiqdir.
İnnovasiyalara əsaslanan təhsil texnologiyalarını
mənimsəmək yaşayış şəraitini, rifah halını daha da
yüksəltmək, əmək bazarında rəqabətə davam gətirmək,
layiqli yer tutmaq üçün insanlara geniş imkanlar
yaradır. Təhsilalanın bilik və bacarıqları iqtisadi
amilə çevrilməklə yanaşı onun zəngin mənəvi
keyfiyyətlərə, nümunəvi davranışa, mədəniyyətə malik
vətəndaş-şəxsiyyət kimi formalaşmasında böyük rol
oynayır.
Bu gün ölkəmizdə təhsilin normativ-hüquqi bazası xeyli
təkmilləşdirilmiş, maddi-texniki təminat,
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə
bağlı mühüm əhəmiyyət kəsb edən geniş tədbirlər həyata
keçirilmişdir. Lakin etiraf etməliyik ki, müasir dövrdə
Azərbaycan təhsilinin modernləşdirilməsinə xidmət edən
aşağıdakı problemlərə xüsusi diqqət yetirilməsi
vacibdir:
1) təhsil sisteminin insan kapitalının inkişafı
çağırışlarına cavab verməsi istiqamətində yeni
addımların atılması (insan kapitalı inkişafının
sürətləndirilməsi);
2) ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa
standartlarına uyğunlaşdırılması.
Bu müddəalar bir-biri ilə sıx bağlıdır. Bu müddəaların
həyata keçirilməsi təhsilin keyfiyyətinin yüksəldilməsi
və nəticə etibarilə yeni tipli şəxsiyyətin
formalaşmasına, insan kapitalının inkişafına gətirib
çıxarır.
Təcrübə və elmi araşdırmalar göstərir ki, təhsilin
keyfiyyətinin artırılması bir sıra amillərlə bağlıdır.
Aşağıda qeyd etdiyimiz həmin amillər innovativ fəaliyyət
baxımından mühüm əhəmiyyət kəsb edir:
1) təhsili idarəetmə sisteminin yenidən qurulması; 2)
idarəetmə ilə bağlı insan resurslarının inkişaf
etdirilməsi; 3) müəllim peşəsinin nüfuzunun
yüksəldilməsi.
Araşdırmalar göstərir ki, təhsilin inkişafına xidmət
edən innovativ fəaliyyətin daim təkmilləşdirilməsi,
dövrün tələbləri, elmi-pedaqoji baxımdan ardıcıl və
sistemli olaraq yeniləşdirilməsi zəruridir. Məlumdur ki,
innovativ fəaliyyətin özü elə yeniliklərin tətbiqi ilə
müşayiət olunan fəaliyyətdir. Lakin bu fəaliyyət
prosesində də yeniliklər tətbiq olunarkən elmi-pedaqoji
tələblər nəzərə alınmalıdır. Bu baxımdan müvafiq inkişaf
proqramlarının hazırlanması və onların fəaliyyət
modelləri kimi qəbul edilməsi məqsədəuyğundur. |