Niyazi
RƏHİMOV, "Azərbaycan müəllimi"
n.rahimov@muallim.edu.az
2008-2009-cu tədris ilindən ölkəmizdə yeni
kurikulumların tətbiqinə başlanılıb.
1999-cu ildə təsdiq olunmuş
"Azərbaycan Respublikasının təhsil sahəsində İslahat
Proqramı"nın tərkib hissəsi olan kurikulum islahatı bu
gün də mərhələli şəkildə həyata keçirilir. Yaxın
keçmişə nəzər saldıqda görürük ki, bu addım Azərbaycan
təhsilində ilk nəticəyönümlü kurikulumların tətbiqi kimi
mühüm əhəmiyyət daşıyır. Lakin xeyli müddət keçməsinə
baxmayaraq, ölkəmizin təhsil ictimaiyyəti və valideynlər
arasında kurikulum islahatları ilə bağlı fikirlər
hələ də birmənalı deyil. Məsələnin aktuallığını nəzərə
alaraq təhsil işçilərinə, mütəxəssislərə və valideynlərə
"Kurikulum təhsilimizə nə verir" sualını ünvanladıq.
Ənvər ABBASOV,
Təhsil
Problemləri
İnstitutunun
direktor
müavini,
Kurikulum
Mərkəzinin rəhbəri, dosent
Yeddi ilə yaxındır ki, respublikamızda yeni təhsil
proqramları (kurikulumları) tətbiq olunmaqdadır. Əslində
yeni kurikulumlar dedikdə mahiyyət etibarı ilə müasir
kurikulumlar, bütövlükdə yeni məzmun və təhsil
texnologiyaları başa düşülür. Eyni zamanda yeni dərslik
komplektləri, eləcə də yeni təhsil resursları yada düşür.
Yeni kurikulumların yaradılması müasir pedaqoji elmin
uğurlarından biri kimi dəyərləndirilir. Artıq müasir
zamanda ənənəvi sistem qlobal inkişaf tendensiyasına
cavab verə bilmir. Ona görə də şagird şəxsiyyətinin
inkişafına yönəlmiş təhsil standartları, yeni təlim
strategiyaları meydana gəlmişdir. Eləcə də müasir
pedaqoji elmin ən yeni uğurlarından biri kimi şagird
nailiyyətlərinin qiymətləndirilməsi sisteminin
yaradılması işinə başlanılmışdır. Şagird inkişafını
izləməyə imkan verən qiymətləndirmə texnologiyalarının
yaradılması ölkəmizdə ilk dəfədir ki, həyata keçirilir.
Yeni kurikulumların yaradılması və tətbiqi təhsilə
humanist və demokratik yanaşmanın bariz nümunəsidir. Bu
konsepsiyanın nəzərə alınması ilkin olaraq ümumi
təhsildə inteqrasiyanın həyata keçirilməsinə imkan
yaratmışdır. Ümumtəhsil fənlərinin sayı azaldılmış və
onların məzmunu minimum biliklərə söykənən bacarıq və
qabiliyyətlərlə zənginləşdirilmişdir.
Bu gün müəyyən tədris resurslarımızda bəzi yüklənmələr
nəzərə çarpsa da, onlar təfəkkür məktəbinin qurulması
istiqamətində atılmış ilkin addımlar kimi
dəyərləndirilməklə, islahı gözlənilən və mümkün olan
reallıqdır.
Yeni təhsil kurikulumlarının tətbiqi müasir məktəbin
fəallıq mexanizmi kimi başa düşülür. Təlim prosesində
iştirak edən bütün şagirdlər bu mexanizmin yaratdığı
imkandan istifadə etməklə fəaliyyət göstərir, çevik və
mobil təfəkkür əməliyyatlarını həyata keçirə bilirlər.
Onların tənqidi və yaradıcı fəaliyyətləri üçün geniş
imkanlar açılmış olur. Şagirdlər sərbəst düşünə bilmək,
axtarışlar aparmaq, müəyyən qənaətlərə gəlməklə qərarlar
qəbul edərək fəal dərsin moderatoruna, aparıcı qüvvəsinə
çevrilirlər.
Yeni kurikulumlar müəllim fəaliyyətinin idarə olunması,
dəyərləndirilməsi baxımından da geniş əhəmiyyət daşıyır.
Onlara əsasən işini quran müəllimlər özlərinin tədris
fəaliyyətinin layihəsini hazırlamaqda, plan qurmaqda,
fəaliyyət məqsədlərini həyata keçirməkdə, eləcə də
texnologiyalar seçməkdə, yaxud onları müvafiq qaydada
hazırlamaqda daha müstəqil olurlar.
Kurikulumların tələbinə əsasən valideyn və məktəb
arasında münasibətlərin yenidən qurulması kimi mühüm
pedaqoji hadisənin verilməsi müşahidə olunur. Maraqlı
olan əsas tərəflərdən biri kimi onlar təhsilin fəal
iştirakçısına çevrilməklə məktəbin təhsil mühitinə
demokratik bir ab-hava gətirirlər. Daha konkret mənada
kurikulumlar şagird-müəllim-valideyn əlaqələrinin
mərkəzində dayanaraq onların məhsuldar fəaliyyətini
tənzimləyir.
Asif CAHANGİROV,
təhsil eksperti
Müasir dövrdə "Kurikulum" anlayışı təhsilalanların öz
həyatının müəyyən bir dövrü ərzində mənimsəyəcəyi,
keçəcəyi təlim kursu barədə cəmiyyət, dövlət və təhsil
müəssisələri arasında razılaşdırılmış yanaşma kimi başa
düşülür. Kurikulum təhsilin əsaslarını və məzmununu,
təlimə ayrılan vaxt çərçivəsində onların öyrədilmə
ardıcıllığını müəyyən edir, təhsil səviyyəsi və
pilləsindən, təhsil müəssisəsinin tipindən asılı olaraq,
tətbiq ediləcək metodlar, tədris və təlim resursları,
qiymətləndirmə də daxil olmaqla tədris-təlim prosesinin
və müəllim fəaliyyətinin xüsusiyyətlərinə aydınlıq
gətirir. Bu baxımdan, 2000-ci illərin əvvəlindən
başlayan ümumtəhsil məktəbi üçün kurikulum islahatı çox
əhəmiyyətli və vacib idi. Bu, Azərbaycan təhsili
tarixində mühüm bir addım idi.
Ümumiyyətlə, tamamilə yeni yanaşmalara əsaslanan təhsil
innovasiyalarının, hər hansı bir yeniliyin həyata
keçirilməsi həmin prosesə cəlb olunanlar tərəfindən heç
də həmişə birmənalı qarşılanmır, bəziləri hətta ciddi
müqavimət də göstərir, cəmiyyətdə müəyyən çaşqınlıq
yaratmağa çalışır. Elə bunun nəticəsidir ki, bəzən
ictimaiyyət arasında kurikulum islahatının təhsilimizi
inkişafdan ləngitdiyi barədə fikirlər də söylənilir.
İlk növbədə deyim ki, kurikulumlar dünyanın inkişaf
etmiş ölkələrində uğurla tətbiq olunur və müsbət
nəticələr verir. Bir sıra amillərlə bərabər burada ən
mühüm məsələ kurikulumun tətbiqinə bilavasitə məsul
olan müəllimlərin yetişdirilməsi və ixtisasartırması,
onların mükəmməl hazırlığının təmin olunmasıdır.
Əlbəttə, kurikulumu yüksək səviyyədə mənimsəyən
bacarıqlı, səriştəli müəllimlərimiz kifayət qədərdir.
Müşahidələrim, araşdırdığım müəllim təcrübələri
göstərir ki, kurikuluma ciddi yanaşanlar, onun
fəlsəfəsini aydın dərk edənlər həmişə uğur qazana
bilirlər. Lakin bununla yanaşı, kurikulumun mahiyyətini
dərindən dərk etməyən, artıq bir yük kimi qəbul edən,
onu "kurikulum proqramı" adlandıran müəllimlərimiz,
məktəb direktorlarımız da az deyildir.
Kurikulum tədris-təlim prosesinə yaradıcı yanaşmanı
tələb edir. Bir çox ölkələrdə milli kurikulum və dövlət
təhsil standartları əsasında hər bir məktəb tərəfindən
özünün fənn kurikulumlarını tərtib etməsi adi bir
haldır. Bizim məktəblərdə isə doqmatik yanaşma hökm
sürür, Təhsil Nazirliyinin təsdiq etdiyi fənn
kurikulumları son nöqtəsinədək olduğu kimi tətbiq olunur.
Nədənsə müəllimlərimiz mövcud standartlar
gözlənilməklə öz dərslərinin şagirdlərin
xüsusiyyətlərinə uyğun planlaşdırılmasına çevik
yanaşmadan çox ehtiyatlanırlar.
Kurikulumun uğurlu tətbiqi məktəb rəhbərlərindən
əhəmiyyətli dərəcədə asılıdır. Əfsuslar olsun ki,
kurikulumun tətbiqinə formal bir tədbir kimi yanaşan
məktəb direktorlarına tez-tez rast gəlinir. Rəhbərlik
qarşısında kurikulum islahatını sözdə tərifləsələr də,
belə direktorlar əməli işlərdə müəllimlərə nəinki
dəstək olmur, hətta yaradıcı müəllimlərin təşəbbüslərinə
müqavimət də göstərirlər.
Hamımız dərk etməliyik ki, kurikulum islahatı
birdəfəlik aksiya yox, inkişafda olan fasiləsiz bir
prosesdir. Bununla əlaqədar kurikulumun hazırlanması və
tətbiqi ilə bağlı məsələlər müntəzəm araşdırılmalı,
mövcud çatışmazlıqlar üzə çıxarılmalıdır. Ölkənin
inkişaf strategiyası, habelə müəllim və mütəxəssislərin,
ictimaiyyətin, dövlət qurumlarının rəy və təklifləri də
kurikulum islahatı üçün münbit mənbələrdir.
Zaman keçdikcə yeni yaradılacaq kurikulumların
bəhrəsini daha aydın görəcəyimizə ümid edirəm.
Vidadi BAĞIROV,
təhsil eksperti
Təhsilin-məktəbin cəmiyyət qarşısında öhdəlikləri var.
Bu öhdəliklərin mahiyyətini ümumiləşdirərək sadə
şəkildə belə deyə bilərik ki, məktəbin vəzifəsi
cəmiyyətdə şüurlu surətdə, normal şəkildə yaşaya, işləyə
və cəmiyyəti inkişaf etdirə biləcək
vətəndaşlar-şəxsiyyətlər yetişdirməkdir. Bu isə o
deməkdir ki, cəmiyyətdə baş verə bilən hər bir əsaslı
dəyişikliklər, deyək ki, ictimai-siyasi formasiyaların,
istehsal münasibətlərinin
dəyişməsi, texnologiyaların yenilənməsi və s.
təhsilə-məktəbə, onun məzmununa və fəaliyyətinin
yönlərinə, yanaşmalara təsir edir. Azərbaycan da
müstəqillik əldə etdikdən sonra özünü açıq bir cəmiyyət
elan etmiş, dünyaya inteqrasiyaya üstünlük vermişdir.
Əlbəttə ki, belə olan təqdirdə də təbii olaraq təhsilin
məzmunu yenilənməli, dünyanın qabaqcıl ölkələrinin
təcrübəsindən istifadə edilməli idi. Ədalət naminə deyək
ki, bu illər ərzində xeyli işlər görülmüş və
görülməkdədir, müəyyən nəticələr də əldə olunmuşdur və
güman edirik ki, Dövlət Strategiyasında nəzərdə
tutulanlar da reallaşdırıldıqca nəticələr daha qabarıq
şəkildə görünəcəkdir. Lakin burada müəyyən
çatışmazlıqların olması da başadüşüləndir. Bunların
zaman-zaman aradan qalxacağını düşünürəm.
Artıq bir neçə ildir ölkəmizdə kurikulum tətbiq edilir.
Amma cəmiyyətdə onunla bağlı birmənalı fikir tam
bərqərar olmayıb. Əlbəttə, bunu da təbii saymaq olar,
çünki insanların mütləq əksəriyyətinin ailələrində
məktəblilər var və onlar bu prosesdə istər-istəməz fikir
söyləyirlər. Kimlərsə məsələni yanlış anladığından,
kimlərsə bu yeniliyi qəbul edə bilmədiyindən, kimlərsə
də ənənəvi yoldan inadla çəkilməməsindən fərqli fikirlər
səsləndirirlər. Yeniliklər müəyyən mənada bu proseslərlə
müşayiət olunur. Amma burada bir məqam bizi daha çox
düşündürməlidir. Heç kəsə sirr deyil ki, kurikulumun
tətbiqinin əsas hərəkətverici qüvvəsi müəllimdir. Ancaq
müəllimlərin də hamısı bu prosesə lazımi dərəcədə və
lazımi peşəkarlıqla qoşulmurlar. Bu da cəmiyyətin
gözündən yayınmır və narazılıqların əsas hissəsi də
buradan qaynaqlanır. Bu müəllimlərin simasında yeni
kurikulum məzmununun həddən ziyadə mücərrədləşdirilməsi
və şagirdləri daha çox məşğul etməsi kimi təqdim edilir.
Təsəvvür edin ki, bəzi hallarda birinci sinif şagirdləri
müəllimlər tərəfindən əlavə hazırlığa (repetitorluğa)
cəlb edilir. Valideynlərə ciddi şəkildə aşılanır ki,
uşaqlarla evdə həddən çox oxuyub -yazmaq gərəkdir.
Əslində müəllim bununla guya ki, proqramın
mənimsədilməsindəki məsuliyyətini və əziyyətini bölüşmüş
olur. Bütün bunlar yeni kurikulumun ruhuna zidd
olmaqla, valideynlərdə yeni kurikulumun repetitorluğun
"cavanlanlaşdırılması" və uşaqların çox yüklənməsi
fikrini formalaşdırır. Ona görə də yeni kurikulumla
bağlı işlər davam etdirilməli və imkan düşən hər bir
məqamda müəllim peşəkarlığının artırılmasına ciddi
diqqət yetirilməlidir. Bundan başqa, cəmiyyət artıq bu
prosesi qəbul etməlidir. Düşünürəm ki, kurikulum
təhsilin məzmununa, təhsilverən və təhsilalanların ümumi
təfəkkürünün inkişafına təkan verdi.
Nərminə İSMAYILOVA,
Bakıdakı 201 nömrəli tam orta məktəbin ibtidai sinif
müəllimi
20 ildən artıqdır ki, ibtidai sinif müəllimi işləyirəm.
Bu müddət ərzində bir çox siniflərim olub. Təbii ki,
ənənəvi təhsil sistemində də çalışmışam, hər iki dövrdə
çalışan bir müəllim kimi deyə bilərəm ki, kurikulumun
imkanları daha böyükdür. Ötənilki buraxılışıma tamamilə
yeni təlim üsulları ilə dərs keçmişəm. Etiraf edim ki,
ilk illər müəyyən çətinliklərlə qarşılaşsam da
əzmkarlıqla yeni təlim üsullarını öyrənməyə çalışdım.
Kurikulum təlimlərində standartların məzmununu dərk
etmək, məzmunu bilik və bacarığa ayırmaq, biliyin
idrakın hansı mərhələsində olduğunu müəyyən etmək,
həmçinin bu bacarıqları şagirdlərdə inkişaf etdirmək
üçün məntiqi, tənqidi və yaradıcı tapşırıqlar hazırlamaq
kimi məsələlərdə müəyyən təcrübələrə yiyələndim. Demək
olar ki, artıq əvvəlki çətinliklərimiz yoxdur. Düşünürəm
ki, get-gedə təcrübəmiz daha da artır.
Müəllim həmişə axtarışda, yeniliklərlə yaxından tanış
olmalıdır. Bu, hər dövrə aiddir. Yaxşı müəllim dərsi
günün tələblərinə uyğun qurmalıdır. Kurikulumun
tələbləri də məhz bunlardan ibarətdir. Bəzi müəllimlər
axtarışdan, inkişafdan qaçdıqlarına, özlərini əziyyətə
verməməyə görə yeni təlim üsulları haqqında müəyyən
əsassız fikirlər söyləyirlər. Lakin mən bir fikri
bildirmək istərdim ki, hər dövrdə müasir tədris və təlim
metodları mövcud olub və bu həmişə də olacaqdır. Çünki
əgər bu gün dünyamız sürətlə inkişaf edirsə bu, təhsil
sahəsində də özünü mütləq büruzə verməlidir. Axı dünya
elə təhsil, elm sayəsində inkişaf edir. Bu baxımdan, biz
də daim inkişafda olmalı, yeniliklərə müsbət
yanaşmalıyıq.
Amənə KƏRBALAYEVA,
201 nömrəli tam orta məktəbin tarix müəllimi
Artıq neçə illərdir ki, ölkəmizin təhsil məkanında
islahatlar ardıcıl və sistemli şəkildə təhsilin
müxtəlif pillə və səviyyələri nəzərə alınmaqla həyata
keçirilir. Müstəqil Azərbaycanın təhsil siyasətinə uyğun
olaraq onun dünya təhsil sisteminə inteqrasiya olunması
zəruri şərt kimi diqqət mərkəzində saxlanılır.
2010-cu ildən Təhsil Problemləri İnstitutunda
yaradılmış tarix fənni üzrə işçi qrupunun üzvüyəm. Tarix
fənn kurikulumunun tətbiqi ilə bağlı məsələləri daha
dərindən öyrənmək, bu sahədə daha çox bilgilər əldə
etmək üçün işçi qrupunun iclaslarında iştirak edir,
həmkarlarımla fikir mübadiləsi aparır, təhsildəki
yenilikləri daha dərindən öyrənməyə çalışıram. Bu
illərdə tarix müəllimi olaraq mənim fəaliyyətimdə hansı
dəyişikliklər baş vermişdir?
Məlum olduğu kimi, təhsildə innovasiyaların tətbiq
edilməsi, qazanılan təcrübələrin təhlil olunması, nöqsan
və çatışmazlıqların səbəblərinin araşdırılıb aradan
qaldırılması, yaxşı nəticələrin öyrənilib yayılması
inkişafa aparan strategiyalardır. Mən müəllim kimi
müasir zamanda bu məsələlərin çox aktual və vacib
olduğunu aydın dərk etməklə onları zəruri tələblər kimi
öz fəaliyyətimdə nəzərə almağa çalışdım. Kurikulumun
sirlərinə dərindən yiyələndiyim üçün təlim prosesini
yeni texnologiyalar zəminində qurmaqla daha effektli iş
nümunələri əldə etməyə nail oldum. Eyni zamanda özümün
pedaqoji fəaliyyətimə tənqidi yanaşmaqla onu daha
səmərəli təşkil etməkdə uğurlar qazandım. Mənim müasir
kurikulumlar əsasında qurduğum dərslər özünün
maraqlılığı ilə şagirdlərin təlim fəallığının artmasına
təsir göstərdi.
Təcrübəmdə belə qənaətə gəlmişəm ki, pedaqoji prosesin
qurulmasında müəllim innovasiyalara, yeni
texnologiyalara münasibətdə daim açıq olmalı, onu qəbul
etmək, özünün süzgəcindən keçirmək və lazım olduğu
təqdirdə tətbiq etmək əzmində olmalıdır. Bu işin yerinə
yetirilməsində yaradıcı və yenilikçi olması həmişə onun
köməyinə gəlir. Yeni kurikulumların tətbiqi prosesində
müəllim sanki bu prosesə sövq olunur.
Nizami HEYDƏROV,
Bakıdakı 245 nömrəli tam orta məktəbin tarix müəllimi
Yenilikdən heç vaxt çəkinməmişəm. Pedaqoji fəaliyyət
zamanı dəfələrlə bu proses davam edib. Yaxşı yadıma
gəlir, keçən əsrin 90-cı illərinin axırları idi. Soros
fondu respublikaya çoxillik təhsil proqramı olan
"Debat"ı gətirdi. Proqrama qoşuldum. İlk dəfə proqramla
tanış olduqdan sonra ağlıma gələn fikir "bu
texnologiyadan sinifdə necə istifadə edə bilərəm" fikri
oldu. O dövrdə "İctimaiyyat" dərsi keçilirdi. Dərslikdə
real və ideal sosializmdən danışılırdı. Sinifdə uşaqları
iki qrupa böldüm. Qrupun biri ideal sosializmi, digəri
isə real sosializmi müdafiə etməli idi. Özü də ki,
yalnız dərslikdəki materialdan istifadə edərək məni
inandırmalı idilər. Hər qrupdan bir nəfər olmaqla
iki-iki şagirdləri yazı taxtasına dəvət etdim. Əvvəllər
mövzuya başdansovdu yanaşan şagirdlər indi məni
inandırmaqdan ötrü materialın hər hansı bir
xirdalıqlarından da istifadə etməyə çalışırdılar. Bir
sözlə, sakit oturan sinif canlandı. Zəng səslənəndə
şagirdlərin birinin digərinə dediyi söz yaddaşıma həkk
oldu "baxarsan, gələn dərsdə mövzunu xırdalıqlarına
qədər oxuyub gələcəyəm. Sən görərsən!". Deməli, adi
yarış əhvalı şagirdlərdə maraq oyatmışdı. Düşünürəm ki,
bu kimi yeniliklər təhsilimizdə canlanma yaratdı.
Sonralar Kurikulum Mərkəzi yarandı. Fəal müəllimlər ora
toplandı. Müxtəlif fənlərdən standarltar tərtib olundu,
dövlət sənədinə çevrildi. Hazırda yeddi ildir ki,
məktəblərdə yeni islahat həyata keçirilir. Hesab edilir
ki, kurikulum sənədlərini öyrənməklə, təlimləri keçib
sertifikat almaqla, bir-iki iş üsulunu əzbərləməklə iş
bitir. Sən daha yeni müəllimsən, müasir təlimə hazır
şəxssən. Əslində elə deyil. Bütün bunlar yeni təhsilə
girişdir. Sən gərək müəllimlik peşəsinə münasibətini
dəyişəsən, şagirdlərə münasibətini dəyişəsən. Şagird
üçün gərək sən avtoritet olasan, daha avtoritar yox.
Onlar tərəfindən seviləsən, onları dərk edəsən,
anlayasan. Onlara dost, yoldaş olasan. Yaşından asılı
olmayaraq, onlar öz dərdlərini səninlə bölüşələr. Səmimi
olasan, yalan danışmayasan. Təmizkar olasan, onlar üçün
liderə çevriləsən. Onlar üçün yeni dünyanın adamına
çevriləsən. Axı sən dünyanı dəyişmək istəyirsən. Əgər
dünyanı dəyişdirmək istəyirsənsə özünü dəyiş. Bu
baxımdan kurikulum da biz müəllimlərə yeni təfəkkür,
yeni yanaşma üsullarını tətbiq etdi. Zaman keçdikcə
kurikulumun əhəmiyyəti daha dərindən hiss olunacaq.
Ülviyyə ƏHMƏDZADƏ,
valideyn
Sürətlə dəyişən, inkişaf edən, qloballaşan
cəmiyyətimizdə təhsil proqramı da müasir tələblərə uyğun
olaraq proqressivləşməlidir. Oğlum, Əhmədzadə Ramiz
Ramin oğlu 7 oktyabr 2007-ci il təvəllüdlüdür. O, "Xüsusi
istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu
Qaydaları"na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin tabeliyində olan məktəblərdə I sinfə qəbul
olunmaq istəyənlərlə keçirilən müsabiqədən uğurla
keçərək təhsilinə başlamışdır. Hazırda Ramiz Nəsimi
rayonu E.Tağızadə adına 164 nömrəli tam orta məktəbdə
əməkdar müəllim Afət Allahverdiyevanın sinfində oxuyur.
Hələ ilk günlərdən kurikulumların adət etdiyimiz dərs
proqramından nə qədər fərqli olduğu aydın görünürdü.
Kurikulumun övladımın oxu və riyazi vərdişlərinin
yaranmasında, məntiqi və yaradıcı təfəkkürünün
formalaşmasında müstəsna rolu vardır. Ramizin öyrəndiyi
riyazi bilikləri həyatda tətbiq etməyi , kompüter
texnikasından istifadə etməyi, müşahidə etdiyi obyekt və
hadisələri təsvir etməyi, onları əlamətlərinə görə
fərqləndirməyi, müstəqil və məntiqi düşünməyi, münasibət
bildirməyi, sinif yoldaşları ilə ünsiyyət qurmağı,
onlarla əməkdaşlıq etməyi, fikirlərini aydın ifadə
etməyi məni bir valideyn kimi çox fərəhləndirir.
Sinif müəlliminin tez-tez təşkil etdiyi müxtəlif yönümlü
müsabiqələrin onlarda sağlam rəqabət ruhunun
formalaşmasını və eləcə də təhsil fəaliyyətinin
səmərəliliyini artırır. Bununla yanaşı, Ramizin
tapşırılan işi və ya yaradıcılıq tələb edən işləri
müstəqil şəkildə yerinə yetirməyi, daha çox mütaliə
edərək söz ehtiyatını artırmağı, kompüter texnikasından
istifadə edərək informasiya toplama bacarığı onun
təhsilə həvəslə yanaşmasının göstəricisidir.
Kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın
universallaşdığı, informasiya-kommunikasiya
texnologiyalarının rolunun artdığı müasir dövrdə
övladlarımızın müstəqil qərarlar qəbul etməsi üçün onun
zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına
yönəlmişdir. |