Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

"Nəsir müəllimin bir zəngi ilə mənə dörd otaqlı ev verdilər"

 

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədlinin  görkəmli ictimai xadim, tanınmış jurnalist Nəsir İmanquliyevlə  bağlı xatirələri 

Dörd il təhsil aldığım fakültəmə müəllimim, professor, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədlidən müsahibə almağa gedirəm. O da mənə öz müəllimi, həm də uzun illər Bakı Dövlət Universitetində çiyin-çiyinə çalışdığı bir insan barədə danışacaq.  Kafedrada görüşürük, həmişə olduğu kimi gülərüzlə qarşılayır. Deyir ki, mənə ata qayğısı göstərən o insan barədə danışmaq həm xoş, həm də çox çətindir.  Bu dəfə "Ömrün gizli səhifələri"ndə "Bakı" və "Baku" axşam qəzetlərinin yaradıcısı, professor Nəsir İmanquliyevin həyatının müxtəlif məqamlarına toxunmağa çalışacağıq. 

- Nəsir müəllimlə ilk tanışlığınız  nə vaxta təsadüf edir?

- Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə qəbul olmuşdum. Birinci dərsimizdə auditoriyaya hündürboylu, çox yaraşıqlı bir kişi daxil oldu. Jurnalı yazdı və dedi ki, gəlin tanış olaq. Mən "Bakı" qəzetinin redaktoru Nəsir İmanquliyevəm.

Universitetdə müəllim kimi ilk gördüyüm insan Nəsir müəllim olub. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi dərsini deyirdi. Onun bizə tədris etdiyi fənni bu gün mən keçirəm. Ona görə də məni Nəsir müəllimin tələbəsi hesab etmək olar (gülür).

-  Necə müəllim idi?

-  Bir müəllim kimi çox ciddi, amma tələbəyə qayğı göstərən adam idi. Onun ciddiliyi qarşısında kimsə səsini çıxara, dərsdən yayına bilməzdi. Eyni zamanda çox savadlı adam idi, fənnini sevdirə bilirdi. Niyə Nəsir müəllimin dərsləri maraqlı idi? Ona görə ki, biz birbaşa təcrübədən gəlmiş adamdan dərs alırdıq. O həm də nəzəriyyəni çox gözəl bilirdi.  Elə müəllimləri tapmaq çox çətin olur. Nəsir müəllim 1946-cı ildən ömrünün sonuna qədər bu fakültədə dərs deyib. 1958-ci ildən sonra "Bakı" və "Baku" kimi o dövrün iki böyük, nüfuzlu qəzetinin baş redaktoru olub.

- Dərs dediyi zamandan hansı hadisə yadınızda qalıb ki, Nəsir müəllim dedikdə o yadınıza düşür?

-  Bir dəfə Nəsir müəllimin dərsində nə etdiyimi tam xatırlaya bilmirəm, amma mənə tərs-tərs baxdı. Bildim ki, səhvim var. Durub gedəndə tez qalxdım ayağa, ona yaxınlaşıb səhv etdiyimi səmimi şəkildə boynuma aldım. Gülə-gülə məni qucaqladı. Onda bildim ki, Nəsir müəllim bağışlamağı da bacaran adamdır. Adama əsəbləşərdi, ata kimi danlayardı, səhəri gün dərsə gələndə həmin tələbənin üzünə baxıb danışardı. Ona təxminən bildirərdi ki, heç bir şey olmayıb, darıxma.

- Onun uşaqlığı, ailəsi barədə məlumatınız varmı?

- Nəsir müəllim əslən Cənubi Azərbaycanlıdır. Düzü, onun ailəsi, harada doğulduğu barədə geniş məlumatım yoxdur. Amma onun nitqində cənub ləhcəsi var idi. Cənubdan olduğu üçün qəribçiliyi də yaxşı hiss edirdi. Mədinə Gülgün, Balaş Azəroğlu, Əli Tudə kimi yazıçılar onun qəzetinin daimi müxbirləri idi. Onlara çox böyük qayğı göstərirdi. Mənim də cənubdan olduğumu bilirdi, bəlkə elə ona görə də gəlib durardı yanımda. Elə bilirdim başımın üzərində atam durub.  O, çox ailəcanlı insan olub. Düzdür, mən onun evində olmamışam. Nəsir müəllimin qızı Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmində öz sözünü deyən alim idi. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva onun nəvələridir. O, nəvələrinin əlindən tutub fakültəyə gətirirdi, onları hər kəsdən çox istəyirdi. Onun çox qayğıkeş həyat yoldaşı var idi. Həyat yoldaşı vəfat edəndən sonra Nəsir müəllim o itkini heç unuda bilmirdi.

- Tələbələrə necə kömək göstərirdi?

Böyütmək üçün seçin- O hər zaman tələbələri qoruyurdu. 60-cı illər çətin zamanlar idi. Ona görə də tələbələrin arasında, xüsusilə bizim qrupda kasıb tələbələr çox idi. Biri elə mən özüm. Nəsir müəllim bizə tapşırırdı ki, "Bakı" qəzetinə yazı yazın. Sizi inandırıram ki, bir qrankalıq yazıya 40-45 manat (bizim aldığımız təqaüd qədər) qonorar verirdi. Məndən həmişə yazı gözləyirdi, hətta müəllim işlədiyimiz dövrlərdə də mənə qonorarı çox yazırdı. Bəzən olurdu ara verirdim, yazmırdım. Deyirdi ki, niyə yazmırsan? Utanırdım tez-tez yazmağa, başımı salırdım aşağı. Deyirdi yaz. Bu qədər xəbər var, get yaz gətir. Xəbər dalınca get. Gedirdim yazıb gətirirdim, iki-üç xəbərə görə 80 manat qonorar yazırdı. Mən bəzən felyetonlar, hekayələr yazırdım, guya yazıçılıq eləmək istəyirdim. Nəsir müəllim mənim bir neçə hekayəmi dərc etdi. Arada yazmadım. Dedi niyə yazmırsan? Dedim Nəsir müəllim, bilirəm ki, siz bu yazıları qonorara görə çap edirsiniz. Məni inandırdı ki, sən yazıçı ola bilərsən. Amma mən sonralar bu janrda yazmadım.

- O dövrdə qəzet yaratmaq çox çətin idi. Necə oldu ki, Nəsir müəllim belə bir nüfuzlu qəzet yarada bildi?

- Düzdür, o zaman qəzet yaratmaq çox çətin idi. Xüsusən də tipologiyası olan qəzeti. Nəsir müəllimin qəzetləri axşam qəzeti idi. Nəsir müəllim Bakı Partiya Komitəsinin büro üzvü idi. Qəzeti yaratmaq üçün burdan Moskvaya dəfələrlə məktublar gedir. O məktublaşmalardan sonra qəzetin yaradılmasına icazə alınır. Bəzən elə bilirlər ki, "Bakı" və "Baku" bir-birini təkrarlayan qəzetlər olub. Əslində isə belə deyildi. Onlar tipoloji xarakterinə, informasiya siyasətinə görə eyni idi. Sadəcə olaraq, biri Azərbaycan dilli, digəri rus dilli auditoriyaya ünvanlanırdı. Nəsir müəllim qəzeti hansı oxucuya ünvanladığını bilirdi. Həmin qəzetlər həm də jurnalistika fakültəsinin ümid yeri olmuşdu. "Bakı" qəzeti elə bir yer idi ki, oranın yetirmələri sonradan universitetin müəllimi olurdu.

- Necə redaktor idi?

Böyütmək üçün seçin- O, ən təmiz redaktorlardan biri idi. Jurnalistika fakültəsinin təmiz dünyasından bütün Azərbaycan xəbərdardır. Bunun əsasını Nəsir İmanquliyev və Şirməmməd Hüseynov qoyub. O həmin təmizliyi öz redaksiyasında da yaratmışdı. Həyat yoldaşım əyani təhsil aldığı üçün uşağımı lap körpəlikdən uşaq bağçasına vermişdim. Bağça müdiri uşağa yaxşı baxsın deyə ona dedim ki, jurnalistlərdən gəlib-eləyən, səni incidən olsa mənə de. Günlərin bir günü müdir mənə dedi ki, "Bakı" qəzetindən bir nəfər məni incidir. Mən bu söhbəti Nəsir müəllimə demədim. Bir dəfə həmin o müxbiri redaksiyada gördüm. Ona dedim, Nəsir müəllim bilsə  sən uşaq bağçasından təmənna ummusan, səni buradan qovar. Sən bir də o bağçaya getmə. Nəsir müəllimin qorxusundan müxbir bir də o bağçaya getmədi.

- Nəsir müəllimin yuxarı dairələrlə hər-hansı problemi olmuşdumu?

- Nəsir müəllim elə redaktor idi ki, onun yuxarı dairələrlə heç bir problemi olmurdu. Çünki əvvəla çox təmiz adam idi. Qəzetçilik işini tam mənasıyla bilirdi, idarəetmədə də olduqca professional idi. Ona görə də onun bu sahədə hansısa bir problemi olduğunu xatırlamıram.

- Bəs onunla intriqa aparanlar var idi?

- İnanın ki, yox. Çünki Nəsir müəllim bir adama acıqlananda, səhəri gün həmin adamla elə səmimi söhbət edərdi ki, həmin adam o əsəbiliyi unudardı. Nəsir müəllim ona tapşırılan işi ləyaqətlə yerinə yetirirdi, amma bəyənmədiyi şeyi də özündən yuxarıdakılara deyə bilirdi.

- Kimlər ilk imzalarını bu qəzetdən başlamışdı, Nəsir müəllim kimlərə yol açmışdı? Kimisə işdən qovmuşdumu?

- Professor Famil Mehdinin ilk şeirləri "Bakı" qəzetində çap olunub. Professor, keçmiş millət vəkili Şamil Qurbanovun ilk yazıları bu qəzetdə gedib. Jurnalist Aqil Dadaşov da imzasını o qəzetdə tanıdıb. Nəğməkar şairimiz Nüsrət Kəsəmənlinin ilk şeiri "Bakı" qəzetində dərc olunub və uzun müddət "Bakı" qəzetində çalışıb. Nəsir müəllimin çox qəribə xüsusiyyəti var idi. Adətən müdirlər adamı işdən çıxaracağı ilə hədələyir, amma Nəsir müəllim çıxarmayacağı ilə hədələyirdi. Danlayanda deyərdi ki, sən ki, bu işi belə elədin, mən sənə işdən getməyə icazə verməyəcəyəm. Əslində istedadlı adamı buraxmaq istəmirdi. Nüsrət müəllim ilə də belə olmuşdu. Nüsrət Kəsəmənli Yazıçılar İttifaqına getmək istəyirmiş. Onun bu barədə Nəsir müəllimə deməsi, Nəsir müəllimin ondan narazı qaldığı məqama düşür. Nəsir müəllim deyib ki, səni heç yerə buraxan deyiləm, dediyim işləri həll etməmisən. Sonra Nüsrət Kəsəmənli xüsusi xahiş edib Nəsir müəllimdən. O da onun Yazıçılar İttifaqına getməyinə icazə vermişdi. Çünki görürdü ki, o şairdir.

- Deyirsiniz ki, bir çoxlarının ilk imzalarının tanınmasında kömək olub. Səhv etmirəmsə bir çoxlarına ev almaqda da yardım edib...

- Belə köməklikləri artıq biz fakültədə bir yerdə müəllim işləyəndə görmüşəm. Onun qəzeti çox nüfuzlu qəzet idi. Çünki Nəsir müəllim informasiyanı heç kimə, heç nəyə  bağışlamazdı. Mənfi, tənqidi informasiyanı dərhal qəzetdə dərc edirdi. Bizə də həmişə deyirdi ki, informasiyanı heç kimə bağışlamayın, varsa verin getsin. Belə redaktor olduğu üçün onunla istənilən məsələlərdə razılaşırdılar. O zəng edib hansısa ciddi idarəyə bizim sözümüzü deyəndə dərhal məsələ həll olunurdu. Təkcə bizim fakültənin müəllimləri üçün o zənglər yüzlərlə edilib. O illərdə bir az gənc idim. Özümə birtəhər ev tikmişdim və həmin ev gözlənilmədən yol tikintisi planına düşdü. Mənə dedilər ki, sənə Hövsanda ev verəcəyik. Hövsan mənim üçün çox uzaq idi. Onda mən Nəsir müəllimə dedim ki, məni çox uzağa göndərirlər. Nəsir müəllimin bir zəngi ilə mənə dörd otaqlı ev verdilər. Mən iki-üç günə yeni evimə köçdüm və ora mənim çox xoşuma gəldi. Bir neçə il əvvələ qədər o evdə yaşamışam. Nəsir müəllimin mənə aldığı o evi yadigar kimi öz qızıma vermişəm. Mən o evi heç vaxt satmaram. O zaman mebel tapmaq çox çətin idi. Nəsir müəllim Bakı Şəhər Ticarət Palatasının sədrinə zəng etməklə fakültənin müəllimlərinin əksəriyyəti üçün mebel məsələsini həll edib. Bizim Akif Rüstəmov təzə evə köçəndə Nəsir müəllim mebel üçün zəng etdi. Mənim üçün, Famil Mehdi üçün də belə zənglər edilib.

- Nəsir İmanquliyev müəllim və jurnalist kimi, hansı daha üstün idi?

- Təcrübə. İki möhtəşəm qəzetin redaktoru olmaq asan deyildi. Onun fakültədə iki-üç qoşa saat dərsi olurdu. Dərsini deyən kimi tez gedirdi redaksiyaya. Əlbəttə, o birinci növbədə redaktor idi.

- "Bakı" qəzeti niyə bağlandı?

- 90-cı illərdə dünya dəyişəndə, qəzetlər yavaş-yavaş sıradan çıxırdı. Partiya Komitəsi ləğv olunandan sonra, onun orqanı olan "Bakı" qəzeti də bağlandı.

- Yenidənqurma və aşkarlıq və ya 90-cı illərdə baş verən faciələrlə bağlı xatirələriniz varmı?

- 1988-ci ildə kommunist partiyası yavaş-yavaş sıradan çıxırdı. Necə oldusa, məni partiya komitəsinin katibi seçdilər. Nəsir müəllim əyri-əyri mənə baxdı və dedi ki, sənin nə işin var katib vəzifəsində, işləyə bilməyəcəksən. İki aydan sonra doğrudan da gördüm ki, orda işləyə bilmərəm. Nəsir müəllim dedi ki, mən sənə demişdim.

Nəsir müəllim çox həssas, Vətəninə, millətinə olduqca bağlı bir insan idi. Xocalı faciəsi zamanı Nəsir müəllim auditoriyaya gəldi və o boyda insanın göz yaşlarını gördük biz. O səhnə mənim heç cür yadımdan çıxmır. Dedi ki, bu qədər ədalətsizlik olar? Partiya, komitələr bizi aldatdı, Qorbaçov bizi aldatdı.

Qızım, müəlliminin ağlamağını görmək başqa bir hissdir (Cahangir müəllimin gözləri dolur).

- Onunla bağlı başqa hansı xatirələriniz var?

- Nəsir müəllimin çox maraqlı zarafatları da olurdu. 90-cı illərin sonu idi. Onun VAZ 2107 markalı avtomobili var idi. Bir dəfə gəlib kafedrada danışdı ki, səhər-səhər Əzizbəyov dairəsindən gəlirdim... Soruşdum ki, maşını siz sürürdünüz? Dedi ki, hə. Dedim onda ardını deməyin. Dedi ki, niyə? Dedim sizin maşını vurublar. Dedi, nə bildin? Dedim ki, səhər-səhər Əzizbəyov dairəsindən siz keçə bilməzsiniz, ora çox mürəkkəb yerdir. Dedi ki, Cahangir, həqiqətən maşınımı vurublar, bir maşın vurdu keçdi, amma heç bilmədim kimdir. Əslində zarafatyana demişdim, amma düz çıxdı.

- Son günlərini necə xatırlayırsınız?

- Biz onu heç vaxt xəstə təsəvvür etmirdik. Vəfatına 10 gün qalmışa qədər fakültəyə gəlirdi. Bir gün eşitdik ki, o, dünyasını dəyişib. Nəsir müəllimin vəfatından sonra bu fakültənin bir çox müəllimi özünü yetim, atasını itirmiş kimi hiss etdi. Elə mən də (gözləri dolur və pəncərədən bayıra boylanır). 

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov