Azərbaycan
Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı,
professor Səməd Seyidov Polşa Respublikasının ölkəmizə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri
Marek Tsalkanı qəbul edib.
Qonağı salamlayan rektor onu Azərbaycanda diplomatik
fəaliyyətə başlaması münasibətilə təbrik edib. Professor
Səməd Seyidov Azərbaycan-Polşa əlaqələrindən danışaraq
iki ölkə arasında təhsil sahəsində uğurlu əməkdaşlığın
olduğunu diqqətə çatdırıb. Rəhbərlik etdiyi ali təhsil
ocağı haqda danışan rektor universitetdə bir çox
istiqamətlər üzrə müxtəlif ixtisasların mövcud olduğunu
vurğulayıb. O, universitetdə polyak dilinin tədris
olunduğunu bildirib və tələbələrin bu dilə xüsusi maraq
göstərdiyini qeyd edib.
Səmimi qəbula görə təşəkkür edən səfir Marek Tsalka
universitetdə polyak dilinin tədrisini yüksək
qiymətləndirib, Polşa universitetlərində təhsil almaq
istəyən azərbaycanlı tələbələr üçün bir çox imkanların
yaradılmasının mümkünlüyündən söz açıb. O, universitetdə
polyak dili kurslarının açılmasının məqsədəuyğun
olduğunu bildirib və bu kurslar sayəsində tələbələrin
Polşanın dili, tarixi, mədəniyyəti, incəsənəti haqqında
daha çox məlumat ala biləcəklərini sözlərinə əlavə edib.
Görüşdə həmçinin gələcək əməkdaşlıq perspektivləri ilə
bağlı fikir mübadiləsi aparılıb.
İctimaiyyətlə əlaqələr Departamenti |