Aprelin
16-da Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə Təhsil
Nazirliyi, Bakcell şirkəti, Britaniya Şurası (British
Council Azerbaijan) və "İnkişaf Naminə İdman" İctimai
Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan
TOPs - Fiziki tərbiyə üzrə müasir təhsil
texnologiyasının model layihəsinə həsr olunmuş tədbir
keçirilib. Tədbirdə qeyd olunub ki, layihənin əsas
mövzusu orta ümumtəhsil məktəblərində fiziki tərbiyə
fənni üzrə təhsilverənləri müasir təhsil
texnologiyası ilə təmin etməkdir. Belə bir metodun
tətbiqi, eyni zamanda ümumi təhsil müəssisələrində
təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin
edən əlverişli mühitin yaradılmasına, təhsil aldıqları
müddətdə onların fiziki-psixoloji sağlamlığının
qorunmasına yönəlmiş pedaqoji texnologiyaların
tətbiqinə nail olmaqdır. Layihənin pilot olaraq
Bakıdakı 138, 269 və 220 nömrəli tam orta məktəblərdə
keçirilməsinə artıq start verilib. Layihə
çərçivəsində Bakı şəhərində hədəf məktəblərdən
seçilmiş 25 fiziki tərbiyə müəllimi üçün beynəlxalq və
yerli mütəxəssislər tərəfindən müasir və innovativ
təlim metodu olan TOPs proqramı üzrə 5 günlük
təlimlərə cəlb olunub.
269 nömrəli tam orta məktəbdə təşkil olunmuş ilk idman
festivalı da görülən işlərin nəticəsini bir növ nümayiş
etdirib. Məktəbin 100-dən çox şagirdi festivalda
iştirak edərək öz idman və incəsənət bacarıqlarını
göstəriblər. Onlar müxtəlif idman növləri üzrə
yarışıb, rəqs və musiqi nömrələri ilə festivala gələn
qonaqlar qarşısında çıxış ediblər.
Sonra məktəbin fiziki tərbiyə müəllimlərindən
Viktoriya Qarayeva, Cəfər Hüseynov, Sənan Osmanlı,
Qalina Deryabina və Azər Əkbərovun V, VI, VIII və X
siniflərdə "açıq dərs"ləri keçirilib.
Sonda qonaqlar keçirilən "açıq dərs"lərin təşkilindən
razı qaldıqlarını bildiriblər.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |