9-14 aprel 2015-ci il tarixlərində Fizika, riyaziyyat,
informatika təmayüllü respublika liseyi və
Kimya-biologiya təmayüllü respublika liseyinin VII, VIII
və IX sinif şagirdlərinin "Qala" Dövlət
Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyası təşkil olunub.
Sosial yönümlü layihələrin şagirdlərin intellektual
səviyyəsinin inkişafına, dünyagörüşünün genişlənməsinə,
fəal vətəndaş kimi yetişməsinə müsbət təsirini artırmaq
məqsədlərinə xidmət edən ekskursiya Təhsil Nazirliyi və
Nazirlər Kabineti yanında "İçəri Şəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə dəstəyi ilə
reallaşdırılıb.
Şagirdlər kompleksdə Abşeron yarımadasında tapılmış və
eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər
dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, silah,
keramika, məişət və bəzək əşyaları, sikkələr, qədim
yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və
digər tarixi-etnoqrafik nümunələrlə tanış olublar.
Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış
məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai
divar qalığı, X-XIV və X-XV əsrlərə aid Xəzər dənizi və
Bakı şəhəri istiqamətində iki yeraltı yol uşaqlarda
böyük maraq yaradıb. Bundan başqa, məktəblilər üçün
toxuculuq, dulusçuluq, dəmirçilik emalatxanalarında
ustad dərsləri təşkil olunub və şagirdlər müvafiq
məmulatların hazırlanması prosesində iştirak ediblər. |