Bakı
Slavyan Universitetinin Azərbaycanşünaslıq
Tədris-Mədəniyyət Mərkəzi yeni dərc etdiyi
"Azərbaycanca-rusca-ukraynaca danışıq kitabçası"nı
oxuculara təqdim edib. Yeni işıq üzü görmüş kitabça
Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin müdiri,
tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov, Poltava
İqtisadiyyat və Ticarət Universitetində (PİTU) fəaliyyət
göstərən Azərbaycanşünaslıq Tədris-Mədəniyyət Mərkəzinin
müdiri, dosent Yaşar Alxasov və PİTU-nun dosenti Vita
Sarapın tərəfindən tərtib edilib.
"Azərbaycanca-rusca-ukraynaca danışıq kitabçası"
Ukraynada təhsil almaq, işləmək məqsədilə gedən
həmvətənlərimiz üçün nəzərdə tutulub. Kitabçada
Azərbaycan danışıq dilində gündəlik məişət şəraitində,
ictimai yerlərdə geniş işlədilən söz və ifadələrin rus
və Ukrayna dillərinə tərcüməsi, habelə Azərbaycan dili
vasitəsilə Ukrayna dilində tələffüzü öz əksini tapıb.
Müxtəlif mövzuları əhatə edən kitab 4 hissə, 18 bölmədən
ibarətdir.
Qeyd edək ki, kitabça Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) həqiqi üzvü Kamal Abdullayev və
Poltava İqtisadiyyat və Ticarət Universitetinin rektoru,
professor Aleksey Nestulyanın təşəbbüsü ilə çap edilib.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |