Təhsil
Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülər
üçün həvəskar videoçarx müsabiqəsinə start verilib.
"SABAH LIVE" adlanan müsabiqə həvəskar videoçarxlar
vasitəsilə "Bakı 2015" 1-ci Avropa Oyunları ərəfəsində
"SABAH-ın könüllüsü"nün fəaliyyətinin və könüllülərinin
yaradıcılığının nümayiş olunması məqsədi ilə təşkil
olunur.
SABAH qruplarının Facebook sosial şəbəkəsindəki rəsmi
səhifəsi vasitəsilə reallaşdırılacaq müsabiqənin qalibi
2 mərhələli seçimlərlə müəyyən olunacaq. Birinci
mərhələdə könüllülər tərəfindən hazırlanmış "SABAH-ın
könüllüsü"nün "Bakı 2015" 1-ci Avropa Oyunlarına
dəstəyini ifadə edən videoçarxlar rəsmi səhifədə
yerləşdiriləcək. Münsiflər heyəti ən çox bəyənilən və
izlənilən videoçarxlar arasından qalibi
müəyyənləşdirəcək.
Müsabiqədə SABAH qruplarının fəaliyyət göstərdiyi 7 ali
təhsil müəssisəsinin tələbəsi olan və "SABAH-ın
könüllüsü" proqramında qeydiyyatdan keçmiş bütün
könüllülər iştirak edə bilər. Müsabiqənin qalibləri
"Bakı 2015" 1-ci Avropa Oyunlarının açılış mərasiminə
bilet əldə edəcək və qiymətli hədiyyə ilə
mükafatlandırılacaq.
Müsabiqəyə qoşulmaq üçün aprelin 22-dək mövzuya uyğun
hazırlanmış videoçarxı onlayn köçürmə (nümunə:
wetransfer.com transfer) platformaları və ya yükləmə
platformaları (nümunə: boxca.az, rapidhsare.com)
vasitəsi ilə konullu.sabah@edu.gov.az elektron
ünvanına "Sabah Live" başlığı altında müəllifin adı,
soyadı, təhsil aldığı müəssisə, ixtisası və qrupu qeyd
olunmaqla göndərmək lazımdır. Videoçarxlar, həmçinin
elektron informasiya daşıyıcılarında (flaşkart, disk və
ya harddiskə yazılmış halda) Gənclər Evinə (Ünvanı: Bakı
şəhəri, Süleyman Rüstəm küç. 15 H) təqdim oluna bilər.
Müsabiqə və onun şərtləri haqqında ətraflı məlumatı
SABAH qruplarının rəsmi Facebook səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az),
həmçinin
konullu.sabah@edu.gov.az elektron poçt ünvanı
ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.
"SABAH-ın könüllüsü" proqramı SABAH qruplarının
tələbələrinin, akademik təhsildən ayrılmadan, könüllü
fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq
və alınmış biliklərin praktikada tətbiq edilməsini,
eləcə də tələbələrin idarəçilik bacarıqlarının və
liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə
fəaliyyət göstərir.
SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi,
müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi
və ali təhsil sistemində yeni mühitin yaradılması
məqsədi ilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil
müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı
tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali
təhsil müəssisəsində (Bakı Dövlət Universiteti,
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan
Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad
Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası,
Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan
Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə
edir. |