Sankt-Peterburq
Dövlət İqtisad Universitetində 150-dək üzvü olan
Avrasiya Universitetlər Assosiasiyasının (AUA) XIII
qurultayı keçirilib.
Qurultayda AUA-nın prezidenti, M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor
Antonoviç Sadovniçinin "Avrasiya Universitetləri
Assosiasiyasının müasir mərhələdə fəaliyyəti və inkişaf
proqramı haqqında" məruzəsi dinlənilib.
100-dən çox universitet rektorunun qatıldığı qurultayın
işində Bakı Dövlət Universitetinin rektoru, akademik
Abel Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti də
iştirak edib. BDU-nun rektoru plenar iclasda "Avrasiya
Universitetləri Assosiasiyası çərçivəsində inteqrasiya
proseslərinin yeni üfüqləri" adlı məruzə ilə çıxış edib.
Qurultayda təşkilati məsələlər müzakirə edilib və
akademik V.A.Sadovniçi yenidən Avrasiya Universitetlər
Assosiasiyasının prezidenti, akademik Abel Məhərrəmov
isə vitse-prezidenti seçilib.
Qurultayda BDU-nun rektoruna M.V.Lomonosov adına Moskva
Dövlət Universiteti Elmi Şurasının qərarı ilə
"Fundamental və tətbiqi elmlərin inkişafında böyük
xidmətlərinə və Moskva Dövlət Universiteti ilə çoxillik
səmərəli fəaliyyətinə görə" MDU-nun fəxri professoru
adı, diplomu və medalı təqdim olunub.
Qeyd edək ki, BDU-nun rektoru indiyədək Türkiyə,
Rumıniya, Qazaxıstan, Ukrayna, Albaniya, Çin Xalq
Respublikası, Yaponiya, Gürcüstan və digər ölkələrin
universitetləri və akademiyaları tərəfindən fəxri doktor
və professor adına layiq görülüb.
Mətbuat və informasiya şöbəsi |