Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Moskvada təhsillə bağlı beynəlxalq tədbir keçirilib

 

Təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti 2-ci Moskva Beynəlxalq Təhsil Salonunda iştirak edib

 Aprelin 15-də nümayəndə heyəti Rusiya Federasiyasının Baş nazirinin müavini Olqa Qolodetsin iştirakı ilə baş tutmuş açılış mərasiminə qatılıb.

Açılışdan sonra Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini Venyamin Kaqanovun sədrliyi ilə "Yeni təhsil arxitekturası" mövzusunda ilk plenar sessiya keçirilib.

Nazir müavini Ceyhun Bayramov bu plenar sessiyada fəxri qonaq kimi iştirak etməyə dəvət olunub.

C.Bayramovu plenar sessiyanın iştirakçılarına təqdim edərkən V.Kaqanov Azərbaycana son səfəri zamanı ölkənin əldə etdiyi nailiyyətlərin, o cümlədən təhsil sahəsində islahatların onda xoş təəssüratlar doğurduğunu nəzərə çatdırıb.

C.Bayramov öz çıxışında Təhsil Salonunun təşkil olunmasında Rusiya tərəfinin fəaliyyətini yüksək qiymətləndirib. O, Təhsil Salonunun səmərəli müzakirələr və fikir mübadiləsi üçün əlverişli forum olduğunu bildirib. Təhsil sahəsində bir çox çağırışların əksər ölkələrdə oxşar xarakter daşıdığını, təhsilin keçmişdəki çərçivəsindən kənara çıxdığını, elm, iqtisadiyyat və sosial sahə ilə öncəkindən daha çox bağlantısının olduğunu vurğulayan nazir müavini daha böyük səmərəlilik üçün yeni yanaşmaların müəyyən olunmasının vacibliyini diqqətə çatdırıb. C.Bayramov oxşar problemlərin mövcudluğunu və səmərəliliyin artırılmasına olan ehtiyacı nəzərə alaraq, Rusiyanın təhsil islahatları sahəsində təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs edib.

Təhsil Salonunun 1-ci günündə Azərbaycan nümayəndə heyəti salon çərçivəsində təhsil xidmətlərinin sərgisi ilə tanış olub, bir sıra təhsil müəssisələri və biznes qurumları ilə qarşılıqlı maraq doğuran mövzular üzrə müzakirələr aparıb.

***

Aprelin 16-da Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Nümayəndə heyəti öncə K.Kərimov adına 157 saylı etnomədəni Azərbaycan komponentli orta məktəbi ziyarət edib.

Məktəbin direktoru E.İsmayılova təhsil müəssisəsinin tarixi və hazırkı fəaliyyəti haqqında məlumat verərək, məktəbdə təhsil alan şagirdlərin 30-a yaxın etnik qrupu təmsil etdiyini bildirib.

Daha sonra nümayəndə heyəti məktəbin muzeyi, kitabxanası ilə tanış olub, dərs zamanı bir neçə sinfi ziyarət edərək şagird və müəllim heyəti ilə görüşüb.

Şagirdlər Azərbaycan dilində şeirlər, mahnılar səsləndirib və milli rəqslər nümayiş etdirib.

C.Bayramov məktəbin direktoruna, müəllim və şagird heyətinə öz təşəkkürünü bildirib, təhsil müəssisəsinin Azərbaycan və rus dillərinin tədrisində və Azərbaycan mədəniyyətinin qorunub saxlanması sahəsindəki fəaliyyətini və əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Azərbaycan nümayəndə heyəti adından məktəbə xatirə hədiyyələri təqdim olunub.

Həmin gün nümayəndə heyəti Rusiyanın Elm və Təhsil Sahəsinə Nəzarət üzrə Federal Agentliyində işçi görüş keçirib.

Görüşdə hər iki ölkədə təhsil müəssisələrinin standartları sahəsində aparılan islahatlar və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub. Tərəflər işçi səviyyədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini də vurğulayıb.

Aprelin 17-də nümayəndə heyəti Rusiyanın təhsil və elm nazirinin müavini V.Kaqanov və Rusiyanın MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbərinin müavini L.Yefremova ilə birgə görüş keçirib.

Tərəflər əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, tələbə mübadiləsi, müəllim hazırlığı və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişaf istiqamətlərini müzakirə ediblər.

Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ə.Muradov və Rusiyanın "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin rektoru Y.Kuzminov iki universitet arasında "Elm, tədris və mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş" imzalayıblar.

Bu sənəd Rusiyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Ali İqtisadiyyat Məktəbi ilə tələbə mübadiləsi, ikili diplom proqramlarının hazırlanması, birgə elmi-tədqiqat layihələrinin, müəllim və tələbələr üçün təcrübə proqramlarının həyata keçirilməsi və digər sahələrdə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov