Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2015 - №13

 

Şahmat Festivalının yekun mərhələsinə start verilib

 

Böyütmək üçün seçin Aprelin 14-də məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Şahmat Festivalının yekun mərhələsinə start verilib.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçirilən mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, məktəb direktorları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Festivalın keçirilməsində məqsəd ümumtəhsil məktəb şagirdləri arasında şahmata meyil və marağı gücləndirmək, mədəni səviyyənin yüksəlməsində mühüm rol oynayan bu idmanın kütləviliyini artırmaq, iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının mahiyyətini məktəblilər arasında təbliğ etməkdən ibarətdir.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən işlər barədə məlumat verib.

Firudin Qurbanov ölkənin təhsil sistemində fəaliyyət göstərən 66 uşaq-gənclər şahmat məktəbinə on minlərlə məktəblinin cəlb olunduğunu bildirib. Ötən il həmin məktəblərin yetirmələri respublika yarışlarında 242, beynəlxalq yarışlarda 90 medal qazanıblar. Ölkə üzrə 22 nəfər beynəlxalq qrossmeysterdən 15-i, 14 nəfər beynəlxalq dərəcəli idman ustasından 7-si, beynəlxalq reytinqə malik və dünya reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı şahmatçıdan 79-u bilavasitə şahmat məktəblərinin yetirmələridir.

Nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi, Beynəlxalq Şahmat Federasiyası və Azərbaycan Şahmat Federasiyası arasında imzalanmış birgə memoranduma əsasən, şahmat ümumtəhsil məktəblərində tədris fənləri sırasına daxil edilib. Hazırda 500-ə yaxın məktəbin 2-ci, 3-cü və 4-cü siniflərində "Şahmat" fənni tədris olunur.

Qeyd edək ki, yarışın I mərhələsi "Şahmat" fənni tədris olunan pilot ümumtəhsil məktəbləri arasında keçirilib və rayon (şəhər) üzrə qalib şagirdlərdən ibarət yığma komandalar yaradılıb. Yarışlarda "Şahmat" fənni tədris olunan 494 pilot məktəbdən 3 min nəfərdən çox şagird iştirak edib.

Final yarışında isə 400-ə yaxın şagird qalib adı uğrunda mübarizə aparacaq.

Yaş qrupları üzrə və komanda hesabında 1-ci, 2-ci, 3-cü yerləri tutan komandalar Təhsil Nazirliyi tərəfindən kubok, diplom və qiymətli hədiyyələrlə, fərqlənən şahmatçılar isə diplomla təltif olunacaqlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov