Aprelin
13-də təhsil naziri Mikayıl Cabbarov Şəmkir şəhərindəki
Gənclər Mərkəzində Şəmkir, Tovuz, Qazax, Ağstafa və
Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci
ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların
qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda
vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş
yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə
dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin
tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin
bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil
haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət
ediblər.
Qəbulda 34 vətəndaşın müraciəti dinlənilib və əksər
məsələlər yerindəcə həllini tapıb. Bir sıra
müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına
tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid
olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə
müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və
nəzarətə götürülüb.
Şəmkirə səfəri çərçivəsində təhsil naziri, həmçinin
rayon mərkəzindəki Nizami Gəncəvi adına tam orta
məktəbin tikintisi ilə tanış olub və inşaat işlərinin
gedişi ilə maraqlanıb.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə
yenidən tikintisinə başlanılmış 624 şagird yerlik təhsil
müəssisəsində müasir tələblərə cavab verən sinif
otaqları, laboratoriyalar, fənn kabinetləri, idman və
akt zallarının inşası nəzərdə tutulub. |