Avstraliyada məktəb direktorunun peşə standartı
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az
Müasir
məktəb direktoru necə olmalıdır? Dünyanın ən yaxşı
təhsil sistemlərindən olan Avstraliyada hazırlanmış
məktəb direktorunun peşə standartı bu suala cavab
tapmağa kömək edərdi. Oxuculara da maraqlı olacağını
düşünərək məktəb direktorunun peşə standartının
Avstraliya təcrübəsini onların diqqətinə çatdırırıq.
Avstraliyada məktəb direktorunun peşə standartı onun
fəaliyyətinə dair 5 sahə və 3 əsas istiqaməti özündə
cəmləşdirən inteqrasiya olunmuş modeli əks etdirir.
Oxuculara çatdırmaq maraqlı olardı ki, məktəb
direktorunun fəaliyyəti 2 böyük sahəyə ayrılır, buraya
özündə müəyyən missiyaları, məqsədləri, məktəbin
dəyərlərini təcəssüm etdirən məktəbə rəhbərlik (liderlik)
və məktəbin cari fəaliyyətinin təşkilini nəzərdə tutan
menecment (müəllimlər arasında dərs yükünün
bölüşdürülməsi, müxtəlif resurslardan istifadə,
valideynlər və ictimaiyyətlə iş) daxildir.
Giriş.
Avstraliyada məktəb direktorunun peşə standartı bu
ölkənin təhsil sistemi işçiləri və mütəxəssisləri ilə
məsləhətləşmələrdən sonra Təhsilin İdarə Olunması
İnstitutu tərəfindən təhsil müəssisələrində tədrisin
keyfiyyətinin yüksəldilməsi və idarəetmənin
yaxşılaşdırılması məqsədi ilə işlənib hazırlanıb. Bu
institut Avstraliya hökuməti tərəfindən
maliyyələşdirilir. Standart müəyyən edir ki, direktorlar
öz işlərində uğur əldə etməyin vacibliyini başa düşməli
və buna nail olmağı bacarmalıdırlar. Standart 2011-ci
ilin fevral-may aylarında ölkənin ümumtəhsil
müəssisələrində sınaqdan keçirilib. Sınaq gedişində
standartın səmərəliliyi, faydası, dəyəri yoxlanılıb
və əldə olunan nəticələr son variantda nəzərə alınıb. Bu
ümummilli standartın məzmunu regionlarda mövcud olmuş
əvvəlki 50 standartın modelini nəzərə alır. Yeni
standart ölkənin bütün regionlarında və məktəblərində
istifadə üçün əsas hesab olunur.
Standartın məqsədi.
Standart məktəb direktorunun rolunun müəyyən olunması,
ölkədə vahid yanaşmanın tətbiqi, məktəbdə direktorun
işinin əks etdirilməsi və şagirdlərin uğur
səviyyəsinin yüksəldilməsi məqsədilə məktəbin
keyfiyyətli idarə olunması funksiyasının müəyyən
edilməsi üçün hazırlanıb. Sənəd peşəkar direktorların
məktəb həyatına cəlb olunmasının dəstəklənməsi və
onların peşəkarlığının artırılması aləti kimi çıxış
edir. Bu dərin məzmunlu standartdır, o, özündə tədris
prosesinin idarə olunmasında istifadə oluna biləcək
aşağıdakı informasiyaları cəmləşdirir:
- peşəkarlığın artırılmasının əsası kimi;
- öz işinin nəticələrinin təhlili, korrektə olunması və
peşəkar inkişafa rəhbərlik üzrə;
- özünün və digər insanların idarə olunmasına rəhbərlik.
Standartın gücü onun peşəkar cəmiyyət tərəfindən
tanınması ilə bağlıdır. Standart direktora öz işinin
və peşəkar inkişafının təhlilini aparmağa imkan verir.
Məktəb direktorunun aparıcı rolu.
XXI əsrdə məktəb direktorunun rolu cəmiyyətimizdə ən
vacib rollardan biridir. Direktor gələcəyin
yaradılmasında iştirak edir. Uşaq və yeniyetmələrin
inkişafı, onların uğurlu şagird, özünəinamlı yaradıcı
şəxsiyyət və fəal məlumatlı vətəndaş kimi
formalaşmasında məsuliyyət onun üzərinə düşür.
Direktorlar inanmalıdırlar ki, təhsil bu gün və
gələcəkdə cəmiyyətin və insanların həyatını dəyişə
bilər.
Direktorlar məktəblərdə tədris prosesində aparıcı
mövqelərdə durur. Onlar təhsil ideyasını inkişaf
etdirmək üçün şagirdləri, müəllim və valideynləri öz
arxasınca aparırlar.
Direktorlar bütün şagirdlərin yaxşı təhsil nəticələri
almasını təmin etmək üçün vətəndaşların geniş əhatə
dairəsi ilə əməkdaşlıq edirlər. Onlar məharətlə
müəllimlər arasında əməkdaşlıq mühiti yaradır və
dəstəkləyirlər.
Direktorlar yaradıcı və innovativ həllərin
axtarışında həmkarları ilə əməkdaşlıq etməyi, bütün
şagirdlərin keyfiyyətli nəticələr əldə etməsi üçün
mürəkkəb, qeyri-müəyyən, problemli situasiyalarda
işləməyi bacarmalıdırlar.
Standart həm də direktorların öz işlərində səmərəli
nəticələrə nail olmaları üçün nələri bilməli, dərk
etməli və yerinə yetirməli olması kimi tələbləri
müəyyənləşdirir. Bu isə direktorlardan aşağıdakı
sahələrdə böyük fədakarlıq tələb edir:
- Bütün səviyyələrdə müxtəlif yaşlı şagirdlərin təlim
nailiyyətlərinin yüksəldilməsi;
- Hamı üçün bərabər və yüksək keyfiyyətli təhsil
şəraitinin təmin edilməsi;
- Keyfiyyətli tədrisə imkan yaradan şəraitin
yaradılması;
- Təhsil sahəsində dövlət siyasətinin və cəmiyyətin
gözləntilərinin həyata keçirilməsi;
- Yerli, ümummilli və beynəlxalq səviyyədə XXI əsrin
təhsil sisteminin təkmilləşdirilməsində iştirak etmək.
Standartın özəyi olan direktor üçün tələblər aşağıdakı
prinsiplərə əsaslanır:
-Direktor öz işində təhsil prosesinə yanaşmaların və
Avstraliya məktəblərinin müxtəlifliyini nəzərə
almalıdır.
- Liderlərin qabiliyyət və bacarıqları ixtisaslar üzrə
iş təcrübəsinin toplanması ilə inkişaf edir.
- Direktorun məktəbə rəhbərlik üzrə öz missiyasını
həyata keçirmək sahəsində funksiyaları bütün
əməkdaşlar arasında bölünməlidir. Məktəb qarşısında
duran məqsədlərə nail olmaq üçün bütün işlər təhsil
ocağının kollektivinin iştirakı ilə direktorun
rəhbərliyi altında görülməlidir.
- Demək olar ki, bütün uğurlu liderlər eyni idarəetmə
sxemindən istifadə edirlər. Məktəbə rəhbərlik işində
effektivliyə nail olunmasının müxtəlif yolları təhsil
dərəcələri və şəxsi keyfiyyətlərin müxtəlifliyi ilə izah
olunur.
Direktorın iş şəraiti.
Məktəb direktoru mürəkkəb, dəyişkən, tam problemli
şəraitdə müasir məktəbə rəhbərlik etməklə və daima
gələcəkdə təhsil sahəsinə irəli sürüləcək tələbləri
diqqətdə saxlamaqla işləyir.
Yerli ictimaiyyətin və hər bir məktəbin iş şəraitinin
unikallığı.
Bütün məktəblər konkret sosial və coğrafi şəraitdə,
yerli əhalinin mədəniyyəti, tarixi, mentaliteti,
dəyərləri nəzərə alınmaqla, bütün şagirdlər üçün
uğurlu bərabər təhsil imkanlarının təmin olunması ilə
işləyir.
Avstraliya:
hamı üçün təhsil. Direktorlar yerli əhalinin ənənəvi
hüquqlarının, inanc və mədəniyyətinin öyrənilməsi və
öyrədilməsi məqsədilə məktəbin təhsil birliyinin üzvləri
ilə birgə işləməyə borcludur. Avstraliyada istər yerli
əhalinin, istərsə də multikonfessiyalar və
polimədəniyyətlərin yaşadığı regionlarda, iri
şəhərlərdə, kənd yerlərində, uzaq rayonlarda bütün
şagirdlər yaradıcı, təhsilli, fəal və özünəinamlı
vətəndaşlar kimi yetişmək üçün təhsil almaq hüququna
malikdirlər. Bu hüquqlara, eləcə də sağlamlıq imkanları
məhdud olan şagirdlər və risk qrupuna aid uşaqlar da
malikdir.
Qloballaşma:
İqtisadiyyat və cəmiyyət. Müasir, sürətlə dəyişən
dünyada bütün insanlar daha çox bir-biri ilə bağlı və
bir-birindən asılı vəziyyətdə olurlar. Təhsil XXI
əsrdə uğurlu vətəndaş olmaq üçün bütün insanlarda
bilik, anlama, bacarıq və dəyərlərin formalaşmasında
əsas və vacib yer tutur. Bir-biri ilə əlaqəli yerli,
ümummilli və beynəlxalq şərait - bu, məktəb
direktorlarının işlədiyi kontekstdir.
Avstraliyada məktəb direktorunun peşə standartı.
Standartda direktorun gündəlik işinin (menecment)
təşkili və məktəbə rəhbərliyi (liderliyi) üzrə verilən
tələblər təsbit edilib. Standart bütün liderlərin
ümumi keyfiyyətlərə malik olduğunu əks etdirən, özünü
məktəb direktorunun fəaliyyətinə verilən 3 tələb kimi
formulə olunmuş inteqrasiya modelidir.
Məktəb direktorları öz peşəkar fəaliyyətinin 5 sahəsində
bu tələblərə istinad etməlidir.
Standartda məktəb direktorunun işləməli olduğu
mürəkkəb, dəyişkən şərait, eləcə də onun gündəlik
praktik fəaliyyətdə üzləşdiyi müxtəlif situasiyalar
nəzərə alınıb. Məktəb direktorları standartda əks
olunmuş modelə əsasən zəif və güclü tərəflərini müəyyən
etmək üçün öz bilik, bacarıq, idarəetmə keyfiyyətləri
və təcrübələrini müqayisə edə bilərlər. Bu hamı üçün
məhz vahid sənəd, ümumu standartdır, çünki o, əslində
direktorun qarşısında duran məqsəd və vəzifələri bütün
mürəkkəbliyi ilə ümumiləşdirir. Standartın tələbləri
iş şəraiti və təcrübəsindən asılı olmayaraq bütün
direktorlara tətbiq oluna bilər.
Məktəb direktorlarını standartın konkret aspektləri,
onların iş şəraiti, ixtisas və iş təcrübəsi üzrə
fərqləndirmək mümkün olacaq.
Standart liderə (direktor) qarşı üç tələb irəli sürür:
* Onların təhsilin dəyər və məqsədlərini dərk etmələri;
* Peşəkar biliklərinin yüksək səviyyəsi;
* Şəxsi keyfiyyətlər, sosial bacarıq və
şəxsiyyətlərarası ünsiyyət vərdişləri.
Bu tələblər beş əsas peşəkar sahədə həyata keçirilir:
* Tədris prosesinə rəhbərlik;
* Özünün və tabeliyində olanların peşəkar inkişafı;
* İnnovasiyaların tətbiqi və liderlik məktəbinin
təkmilləşdirilməsi;
* Məktəbin idarə olunmasında liderlik;
* Məktəbin idarə olunması işinə ictimaiyyətin cəlb
olunması.
Məktəb direktorunun peşə standartı - inteqrasiya olunmuş
model. Məktəb idarəçiliyinin yüksək səviyyəsi.
Standartda məktəb rəhbərliyinə olan tələblərin ayrıca
yazılmasına baxmayaraq, onların qarşılıqlı surətdə
bir-biri ilə bağlı olduğunu, bir-birindən asılı
olduğunu və eyni dərəcədə vacib olduğunu qeyd etmək
lazımdır. Onların necə tətbiq olunması isə məktəb
direktorunun konkret iş şəraitindən asılıdır.
Rəhbərlərə qarşı tələblər bütün peşəkar sahələrdə
mövcuddur. Onlar arasında fərq iş şəraiti və kontekstdən
asılıdır. Məktəb direktoru vəzifəsini tutmaq istəyən,
eləcə də fəaliyyət göstərən direktorlar üçün vahid
standartda əksini tapmış tələblərin praktikada necə
tətbiq olunmasını özləri üçün müəyyən etmək zərurəti
mövcuddur.
Məktəb direktoruna qarşı 3 başlıca tələb.
Direktor məktəbə rəhbərliyi (lider olmaq) və menecmenti
(məktəbin gündəlik həyatı ilə məşğul olmaq) həyata
keçirməlidir. Rəhbərliyin (liderlik) həyata keçirilməsi
məktəb qarşısında duran bütün hədəflərin direktor
tərəfindən aydın başa düşülməsi, problemlərin
aşkarlanması və onların həlli, innovasiyaların tətbiqi
və məsuliyyəti öz üzərinə götürmək deməkdir. Menecment
ortaya çıxan problemlərin sayını azaltmağa imkan verən
sistemli yanaşmanı, təhsil xidmətlərinin
göstərilməsində proqnozlaşdırmanı və davamlılığı
nəzərdə tutur.
Direktor aşağıdakılar əsasında məktəbə rəhbərliyi və
menecmenti həyata keçirir:
- Dəyər və məqsədlərin anlaşılması;
- Tədris proseslərini dərindən anlaması və bilməsi;
- Şəxsi keyfiyyətlər, sosial bacarıqlar və
şəxsiyyətlərarası ünsiyyət vərdişləri.
Bütün bunlar məktəb rəhbərinə qarşı üç əsas tələbi
təşkil edir.
1. Dəyər və məqsədləri anlama.
Direktor öz məktəbində tədris proseslərinin məqsədli
inkişafına rəhbərlik edir. O, demokratik dəyərləri,
ədalət prinsipini, etik davranış normalarını, fasiləsiz
təhsilin vəzifələrini əldə əsas tutaraq özünü
böyüməkdə olan nəslin təlim-tərbiyəsinə həsr edir.
Məktəb direktoru təhsil prosesinin müxtəlif
iştirakçıları arasında lider, vasitəçidir və yerli
ictimaiyyətin maraqlarına xidmət edir. Bu özünü
direktorun məktəbdə həyata keçirdiyi strateji
məqsədlərdə, məktəb mədəniyyəti, ənənələri və müsbət
ab-havada göstərir. Direktor məktəbdə tədrisin yüksək
səviyyədə dəstəklənməsinə nəzarət edir və məktəb
həyatında qarşılıqlı hörmət mühitinin yaradılmasına
xidmət edir.
- Məktəb direktoru özünün peşəkar fəaliyyətində
ömürboyu təhsil prinsipini dəstəkləyir, şagirdlər,
müəllimlər, valideynlər və ictimaiyyət ilə birlikdə
qarşılıqlı olaraq onun həyata keçməsinə çalışır.
- Məktəb direktoru təhsil prosesinin bütün
iştirakçılarının təhsilin yüksək keyfiyyətinə can
atması üçün şagirdlər, müəllimlər, valideynlər və
ictimaiyyət arasında motivasiyanın yüksəlməsinə çalışır.
- Məktəb direktoru yüksək mənəvi, əxlaqi davranış
nümayiş etdirməlidir. O, məktəb həyatının təşkilində
yüksək etik dəyərləri rəhbər tutur. O, özündə fəal
vətəndaş mövqeyini əks etdirən demokratik dəyərlərə
əsaslanır.
2. Tədris proseslərini dərindən anlamaq və bilmək.
Məktəb direktorları müasir idarəetmə nəzəriyyəsi və
praktikası ilə yaxşı tanışdır və rəhbərlik etdikləri
məktəblərin işinin yaxşılaşdırılması üçün öz biliklərini
tətbiq edirlər.
Məktəb direktorları müasir elmi-pedaqoji tədqiqatlar, o
cümlədən təhsilin məzmunu və metodları, şagird
nailiyyətlərinin qiymətləndirilməsi və hesabatlılıq
sahəsində sərbəst surətdə baş çıxarırlar.
Onlar təhsil sahəsində dövlət siyasətinin əsas
istiqamətləri, istər federal, istərsə də ştatlar üzrə
qanunvericiliyin əsas müddəaları barədə yaxşı
məlumatlıdırlar. Onlar uşaqların sağlamlığı və
təhlükəsizliyi, insan resurslarının idarə edilməsi,
maliyyə və hesabatlılıq, ümumiyyətlə, yerli əhalinin və
cəmiyyətin tələbatına dair qanunvericiliyin və dövlət
siyasətinin tələbləri kimi problemlərin əhəmiyyətini
başa düşürlər.
- Direktorlar uşaqların inkişafi və tədrisi üzrə
pedaqoji elmin müasir nailiyyətlərindən xəbərdar olmalı
və məktəbin şagirdlərinin tələbatına uyğun olaraq
tədqiqatların nəticələrini necə tətbiq etməyi
bilməlidirlər. Buradan da məktəbin nailiyyətlərinin
artırılması üçün təhsil ocağının idarəçiliyində
dəyişikliklər edilməsi zərurəti ortaya çıxır.
- Məktəb direktorları öz məktəblərində tədrisin
keyfiyyətinin yaxşılaşdırılması üçün təhsil siyasətində
baş verən dəyişikliklər, həmçinin ətraf mühitin
mühafizəsi və sosial siyasətdəki tendensiyalarla bağlı
bilikləri öz məktəblərində tətbiq edirlər. Öz
işlərində direktorlar məktəb şuraları, idarəedici
şuralar və başqa qurumlara istinad edirlər.
- Direktorlar təhsil ocağının gündəlik işinin və
strateji idarəetmənin təmin olunması üçün məktəbin
təşkili və rəhbərliyi prinsipi üzrə öz biliklərini
tətbiq edir.
3. Şəxsi keyfiyyətlər, sosial bacarıqlar və
şəxsiyyətlərarası ünsiyyət vərdişləri.
Bu tələb özündə emosional keyfiyyətləri, məktəb
həyatının təşkili və kollektivə rəhbərlikdə özünə
əminliyi əks etdirir. Direktorlar mütəmadi olaraq öz
kollektivinin fəaliyyətini yoxlayır, situasiyadan
asılı olaraq məktəbin idarəetmə üslubunda lazımi
dəyişikliklər edirlər. Öz nüfuzundan, sosial
bacarıqlarından istifadə etməklə onlar münaqişələri
daha səmərəli həll etməyə çalışırlar. Onlar məktəb
kollektivində etimad mühiti, tədris prosesində
müəllimlər və şagirdlər arasında müsbət ab-hava
yaratmağa qabildirlər.
- Direktor həm şəxsən, həm də həmkarlarının iştirakı ilə
yaranmış problemi dəqiq müəyyən edə və onun müsbət
həlli yollarını tapa bilər. Direktorlar onların
müdaxiləsinin nə zaman tələb olunduğunu başa düşür və
mümkün informasiyaların köməyi ilə öz qərarlarını qəbul
etməyi və əməkdaşlarının nəzərinə çatdırmağı
bacarırlar.
- Direktorlar səmərəli ünsiyyət qurmağı, təhsil
birliyinin üzvlərini də əməkdaşlığa inandırmağı və
buna cəlb etməyi bacarır. Onlar həmkarlarının
fikirlərini dinləməyi, onları istiqamətləndirməyi,
mübahisəli vəziyyətə birmənalı qiymət verməyi,
əks-əlaqəni təmin etməyi bacarırlar.
- Direktorlar işləməli olduqları sosial, siyasi və
yerli şəraiti nəzərə alırlar. Onlar daim öz kommunikativ
vərdiş və inandırmaq bacarıqlarını təkmilləşdirirlər.
Məktəb direktorunun 5 fəaliyyət sahəsi.
Məktəbə rəhbərliklə bağlı tələblərlə yanaşı, bütün
liderlər üçün ümumi olan, məktəb direktorlarının
spesifik işilə əlaqəli 5 peşəkar fəaliyyət sahəsi
mövcuddur:
1. Tədris prosesinə rəhbərlik.
2. Peşəkar inkişaf (kollektiv üzvlərinin və özünün).
3. Məktəbin təkmilləşdirilməsində liderlik və
innovasiyaların tətbiqi.
4. Məktəbin işinin təşkilində liderlik.
5. Öz işinə ictimaiyyətin cəlb olunması.
Fəaliyyətin bu növləri planlaşdırma və onun yerinə
yetirilməsi, iş gedişində vəziyyətin təhlili və zərurət
yarandığı təqdirdə planın korrektə edilməsi yolu ilə
həyata keçirilir. Peşəkar fəaliyyətin idarəetmə modeli
dövri xarakter daşıyır. Əgər bir mərhələ başa çatırsa, o
yenidən (planlaşdırma, vəziyyətin təhlili və
dəyişikliklər planının korrektəsi) təkrarlanır.
Planın tərtibi və onun reallaşdırılması.
Konkret vəziyyətin qiymətləndirilməsi, planın işlənib
hazırlanması, ehtiyatların bölüşdürülməsi, məktəbin
dəyər və məqsədlərinə uyğun olaraq planın həyata
keçirilməsi.
Nəticələrin təhlili.
Məlumatların toplanması və təhlili, qərarların qəbul
edilməsi.
Planın korrektə edilməsi.
Planın necə həyata keçirilməsinin qiymətləndirilməsi,
qərarların qəbulu prosedurunda və ya planda lazımi
dəyişikliklərin edilməsi.
Məktəb direktoru planlaşdırma, planın həyata
keçirilməsi, nəticələrin təhlili və planda düzəlişlərin
aparılmasında kollektivin üzvləri ilə sıx əməkdaşlıq
edir.
1. Tədris prosesinə rəhbərlik.
Direktor öz məktəbində müsbət ab-hava yaradır və
tədrisin effektiv üsullarının axtarışında məktəb
kollektivinə kömək edir ki, bu da məktəbdən sonra
təhsillərini davam etdirməyi planlaşdıran şagirdlərin
həvəsini artırır. Direktorun vəzifəsi - effektiv
tədris mədəniyyətini inkişaf etdirmək, tədrisin
keyfiyyətinə rəhbərlik etmək, həmçinin şagirdlərin
inkişafını və yüksək müvəffəqiyyət səviyyəsini təmin
etməkdir. O, birgə planlaşdırma, eləcə də tədris
nəticələrinin təhlili və onlara nəzarət yolu ilə
təhsil prosesinin bütün iştirakçıları üçün ən yüksək
gözləntilər həddi müəyyən edir.
Direktor məktəbin özünüidarəçiliyində şagirdlərin fəal
iştirakını təşviq edərək onların davranışları və
davamiyyəti üçün yüksək tələblər müəyyən edir.
Planın tərtib edilməsi və onun reallaşdırılması.
Strateji planlaşdırmada tədris prosesini birinci yerdə
qoymaq; əmin olmaq ki, çeşidli və çevik təlim
proqramları tədrisə yaradıcı yanaşmalar və səmərəli
təlim mühiti ilə dəstəklənir. Təlim prosesində strateji
planlaşdırmanı həyata keçirmək. Məktəbi təkcə
şagirdlər üçün deyil, eləcə də onların ailələri və yerli
icma üçün təhsil mərkəzinə çevirmək üçün təhsilə bərabər
çıxış imkanlarını təmin edən təhsil strategiyalarının
işlənib hazırlanması.
Nəticələrin təhlili.
Hər bir uşağın inkişafını təmin etmək üçün məlumatlar,
normativ baza və müşahidənin istifadə olunduğu
effektiv tədris metodları və qiymətləndirməni tətbiq
etmək. Bütün məktəb çərçivəsində hər bir şagirdin
müvəffəqiyyət dərəcəsinə görə ardıcıl və fasiləsiz
nəzarəti təmin etmək.
Planın korrektə edilməsi.
Təhsilin bütün səviyyələrində vicdanlı münasibəti qeyd
etmək və bütün vicdansız yanaşma ilə mübarizə aparmaq.
Tədris prosesinə düzəlişlər gətirən və uşaqların
müvəffəqiyyət səviyyəsinə reaksiya bildirən müəllimlərin
səmərəli işini dəstəkləmək. Direktor məsuliyyətin
bölüşdürülməsi strategiyasının tətbiqinə imkan yaradır
ki, bu da bütün şagirdlərə fəal olmağa və təhsildə öz
imkanlarını maksimum açmağa imkan verir.
2. Peşəkar inkişaf (kollektiv üzvlərinin və özünün).
Direktor tədris prosesinin yaxşılaşdırılmasını hədəf
götürən peşəkar birliyin yaradılması üzrə həmkarları
ilə birgə işləyir. Kollektivə rəhbərlik etməklə daim
ixtisasın artırılması və əks -əlaqənin qurulmasına
xidmət göstərir, yüksək peşəkarlıq standartları əldə
etmələri və liderlik keyfiyyətlərinin inkişafında bütün
müəllimlərə dəstək göstərir. Direktor öz
qabiliyyətlərini maksimum inkişaf etdirmələrində
müəllimlərə dəstək göstərir, onların hər birinə qarşı
eyni dərəcədə ədalətlidir və onlara hörmətlə yanaşır.
O, səmərəli liderlik keyfiyyətləri nümayiş etdirir, daim
özünütəhsillə məşğul olur, bütün çətinlikləri ilə şəxsi
və rəhbərlik keyfiyyətlərinə olan tələblərə uyğun olmaq
üçün öz sağlamlığının qeydinə qalır.
Planın tərtibi və onun reallaşdırılması.
Kollektiv üzvlərinin fəaliyyətini səmərəli
planlaşdırmaq, bölmək və qiymətləndirmək, öz funksiya və
vəzifələrinin yerinə yetirilməsini dəqiq ifadə etmək və
yoxlamaq. Effektiv strategiya və pedaqoji kollektivin
ixtisasartırma və peşəkar inkişafı prosedurunu tətbiq
və nəzarət etmək. Öz qarşısında şəxsi vəzifələr
qoymaq və onların həyata keçirilməsinə görə məsuliyyət
daşımaq.
İşin gedişi və nəticələrin təhlili.
Müəllimlərin fəaliyyətini təhlil etmək və
qiymətləndirmək, işdə daha yüksək nəticələr qazanmaq
məqsədilə rəhbərlik sistemi yaratmaq. Öz işlərinin
nəticələrini mütəmadi təhlil etmək. Kollektiv üzvlərinin
fərdi fəaliyyətinə qoyulan tələblərin aydın şəkildə
ifadə edilməsinə, başa düşülən olmasına və qəbuluna
nail olmaq.
Planın korrektə edilməsi.
Bütün kollektivin və ayrı-ayrı müəllimlərin
nailiyyətlərini qeyd etmək.
Kollektiv üzvlərinin liderlik keyfiyyətlərini inkişaf
etdirməklə kreativlik təzahürlərinin və etimad
mühitinin yaradılmasına xidmət göstərmək, məqsədli
qruplar və əməkdaşlıq mühiti formalaşdırmaqla məktəbin
qarşısına qoyduğu məqsədlərə çatmaq və pedaqoqların peşə
inkişafına nail olmaq. İstedadları aşkara çıxarmaq,
qarşıya qoyulmuş vəzifələrin və problemlərin həllində
müxtəlif yanaşmaları dəstəkləmək. Məktəb kollektivi
üzvlərinin fəaliyyətinin qənaətbəxş olduğu halda müvafiq
tədbirlər görmək.
3. Məktəbin təkmilləşdirilməsində liderlik və
innovasiyaların tətbiqi.
Direktor məktəbdə tədris prosesinin inkişafı və
yaxşılaşdırılması üzrə aydın planların yaradılması
zamanı həmkarları ilə vəziyyətin təhlilinə əsaslanan sıx
əməkdaşlıq edir. O dərk edir ki, onun işinin ən vacib
hissəsi - məqsədlərə nail olmaq və məktəbin strateji
planının həyata keçirilməsi üçün innovasiyaların
tətbiqi və dəyişikliklər etməkdir.
Planın tərtib olunması və reallaşdırılması.
Müxtəlif tədqiqatların nəticələrinə əsaslanaraq məktəb
kollektivi ilə birlikdə təhsil ocağının işini
təkmilləşdirmək. Həmkarlarının köməyinə arxalanaraq,
dəyişən tələbləri və məktəbin gözləntilərini nəzərə
almaqla innovasiyaların tətbiqini və vaxtı çatmış
dəyişikliklərin aparılmasını təmin etmək; məqsədlərə
nail olunmasının səmərəliliyinin yüksəldilməsi üçün
layihələrdən istifadə etmək. Yeni texnologiyaların
tədris prosesinə tətbiqində strateji rolu öz üzərinə
götürmək.
Nəticələrin təhlili.
İnnovasiyaların effektivliyini və edilən dəyişikliklərin
səmərəliliyini aşkara çıxarmaq üçün tətbiq olunan
strategiyaların təhlilinin yüksək səviyyəsini təmin
etmək. Məktəbin gələcəyi ilə bağlı bütün gözləntilərin
bütün kollektiv tərəfindən eyni şəkildə anlaşılması,
dəstəklənməsi və həyata keçirilməsinə nail olmaq.
Planın korrektə edilməsi.
Həmkarlarını öz planlarına cəlb etmək, onların yaradıcı
yanaşmasını, innovasiyalara can atmasını, tədris
prosesinin keyfiyyətinin yüksəldilməsi üçün yeni
texnologiyalar və innovasiyaların tətbiqini
dəstəkləmək. Strateji planlaşdırma, yaradıcı yanaşma və
problemlərin həlli prinsiplərindən yararlanmaqla məktəb
həyatının daim yaxşılaşdırılmasında şəxsən maraqlı
olduğunu nümayiş etdirmək. Öz fəaliyyətində başçılıq
etdiyi məktəbin vəziyyəti və inkişaf perspektivlərini
nəzərə alan rəhbərlik üslubuna düzgün riayət olunması.
4. Məktəbin işinin təşkilində liderlik.
Məktəbin resurslarının səmərəli istifadə olunması,
müəllim heyətinin isə öz işində çətinlik hiss etməməsi,
effektiv və təhlükəsiz iş şəraitinin, həmçinin
maliyyə vəsaitlərindən səmərəli istifadənin təmin
olunması üçün direktor məktəbin qiymətləndirilməsinin
bir sıra metod və texnologiyalarından istifadə edir. Bu
isə özündə məktəb kollektivinin üzvlərinə bir sıra
səlahiyyətlərin verilməsi və onların fəaliyyəti üzərində
ciddi nəzarətin həyata keçirilməsini cəmləşdirir.
Direktor əməkdaşlarının fəaliyyətinin şəffaflığına olan
tələblərin onlar tərəfindən anlayışla qarşılanmasına
nail olmalıdır. O, məktəb şurası, idarəedici şura,
valideynlər və ictimaiyyətlə effektiv əməkdaşlığa
əsaslanaraq məktəb həyatını daha uğurlu etməyə
çalışır. Direktor məktəb işinin təşkilində səmərəli
peşəkar yanaşmalardan istifadə edir. Bu isə özündə
məktəb kollektivinin üzvlərinə bir sıra səlahiyyətlərin
verilməsi və onların fəaliyyəti üzərində ciddi nəzarətin
həyata keçirilməsini cəmləşdirir.
Planın tərtib edilməsi və onun reallaşdırılması.
Məktəb şurası və idarəetmə orqanları tərəfindən təsdiq
edilmiş proqram çərçivəsində tədris prosesinin
səmərəliliyini dəstəkləmək üçün zəruri olan maliyyə
vəsaitlərini xərcləmək. Ayrılmış büdcənin məktəbin
prioritetlərinin dəstəklənməsi üçün istifadə olunmasına
nail olmaq. Məktəbin dəyərlərini əks etdirən və
qanunvericiliyin tələblərinə müvafiq olaraq sistemin və
idarəetmə prosesinin effektivliyinə uyğun olaraq
təşkilati struktur yaratmaq.
Nəticələrin təhlili.
Məktəb siyasətinin və strateji planların büdcə
çərçivəsində reallaşdırılması üçün resurslardan isifadə
işinin və əməkdaşların fəaliyyətinin effektivliyini
qiymətləndirmək və nəzarət etmək. Bütün mövcud
resursların keyfiyyətini daim nəzarətdə saxlamaq. Şagird
nailiyyətlərinin və tədris prosesinin keyfiyyətinin
artırılması üçün resurslardan istifadənin səmərəliliyini
qiymətləndirmək.
Planın korrektə edilməsi.
Məktəbin qarşısında qoyduğu prioritetlərə və təhsil
hədəflərinə nail olmaq üçün təhsil ocağının insani,
maddi və tədris resurslarını səmərəli idarə etmək.
Müəllimləri məktəbə cəlb etmək və onları dəstəkləmək,
təhsil ocağı qarşısında duran məqsədlərə çatmaq üçün
müəllimlərin dərs yükünü onlar arasında bölmək.
5. Öz işinə ictimaiyyətin cəlb olunması.
Direktor inklüzivlik prinsiplərinə əsaslanır, yerli
ictimaiyyətin və təhsil sisteminin imkanlarının
müxtəlifliyi və zənginliyini nəzərə alan yüksək
gözləntilər mədəniyyətini yaradır. O, şagirdlərlə,
onların ailələri və yerli ictimaiyyətlə müsbət
əməkdaşlığı inkişaf etdirir.
Direktor şagirdlərin sağlamlığı və onların
intellektual, mədəni, mənəvi, sosial inkişafı üçün
diqqət və qarşılıqlı hörmət mühiti yaradır, uşaqların
məktəbəqədər yaş dövründən başlayaraq yetkinlik dövrünə
qədər fasiləsiz təhsil prinsipini dəstəkləyir. Direktor
Avstraliya xalqının polimədəni təbiətini nəzərə alır.
Direktor yerli əhalinin nümayəndələrinin başa
düşülməsinə kömək edir. O, məktəbin şagirdlərinin bütün
dil və mədəni resurslarının zənginliyi və
rəngarəngliyini tanıyır və istifadə edir. O öz
həyatında mürəkkəb problemlərlə üzləşən şagirdlərin və
onların ailələrinin tələbatlarını bilir və onları
dəstəkləyir.
Planın tərtibi və reallaşdırılması.
Təhsil imkanlarının təmin olunması (aztəminatlı
ailələrdən olan uşaqlar da daxil) üçün təhsil
strategiyaları hazırlamaq. Valideynlər, ictimaiyyət
və biznes nümayəndələri, dövlət orqanları ilə
əməkdaşlıq etməklə tədris prosesini təkmilləşdirmək. Bu
əlaqələrin reallaşdırılması üçün müvafiq strukturlar
yaratmaq.
Nəticələrin təhlili.
Təlim prosesinin ictimaiyyətlə bağlı olduğunu
inandırmaq, yerli cəmiyyət üzvlərinin məktəblilərin
təhsilində iştirakını təmin etmək. Tədrisin
keyfiyyətinin yüksəldilməsi məsələləri ilə əlaqədar
ictimaiyyət nümayəndələri və şagirdlərin ailələri ilə
fəal əlaqə qurmaq.
Planın korrektə olunması.
Məktəblilərin şəxsi inkişafı və müvəffəqiyyət
səviyyəsinin yüksəldilməsi məqsədilə şagirdlərin
ailələri ilə effektiv əməkdaşlıq mühitini yaratmaq və
dəstəkləmək. Digər məktəblərlə əməkdaşlıq etmək və
onların direktorları ilə təcrübə mübadiləsi aparmaqla
təhsil sisteminin inkişafına xidmət göstərmək. Uşaq və
gəncliyin müdafiəsi ilə məşğul olan müvafiq dövlət
orqanları ilə fəal əməkdaşlıq etmək.
"Uçitelskaya qazeta"dan |