Xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə
Təhsil Nazirliyinin açıqlaması
Bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən
istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi
hallarla bağlı Təhsil Nazirliyinə mütəmadi müraciət
edirlər. Təəssüf ki, belə şikayətlər xüsusilə, yay
ayları ərzində, "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"na müsabiqə vaxtı daha da intensivləşir.
Bununla əlaqədar bildirmək istərdik ki, Təhsil Nazirliyi
xaricdə təhsil sahəsində, xüsusən də Dövlət Proqramı ilə
bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu
şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət
daşımır.
Vətəndaşlara bir daha bildirmək istərdik ki, iddiaçılara
hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd
Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır. Eyni
zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Təhsil
Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir
xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan xahiş
olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Təhsil
Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt"
xidməti: 146 - 1) məlumat versinlər.
Bunlarla yanaşı bildiririk ki, müsabiqə zamanı elektron
ərizənin doldurulması, sənədlərin təqdim olunması
tamamilə ödənişsizdir və sənəd qəbulu prosesi üçün heç
bir vəsait tələb edilmir.
Təhsil Nazirliyi Dövlət Proqramına sənəd qəbulu
prosesinin sadələşdirilməsi istiqamətində işlərini davam
etdirir və Dövlət Proqramında iştirak etmək arzusunda
olan tələbələrə birbaşa Təhsil Nazirliyinə müraciət
etmələrini tövsiyə edir. |