Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın "Rossiya-24"
telekanalına müsahibəsindən
Güclü təhsil bazası, elmi və texniki tərəqqisi olan
ölkələr öz gələcəyini təmin edir. Yəni, təhsilə qoyulan
sərmayələr ən uzunmüddətli və ən düzgün sərmayələrdir.
Azərbaycana gəldikdə, müstəqillik illərində təhsil
sahəsində çoxlu islahatlar aparılıb. Bir misal gətirmək
istəyirəm. Ölkəmizdə beş minə yaxın məktəb var. Onlardan
3500-ü yenidən qurulub və ya praktiki olaraq yenidən
tikilib. Təbii ki, təhsilin keyfiyyəti sahəsində böyük
islahatlar aparılır. Xüsusi dövlət proqramlarına əsasən
bizim gənclər Avropanın, Rusiyanın, Asiyanın ən görkəmli
ali məktəblərində təhsil almaq imkanına malikdirlər. Bu
da gənclərimizə böyük imkanlar verir.
Rusiya ilə Azərbaycanın mədəni, humanitar
əlaqələrinə gəldikdə, zənnimcə, bu, xüsusi, çox uğurlu
sahədir. Azərbaycan dövlət müstəqilliyini bərpa
edəndən sonra keçən illər ərzində ölkədə rusdilli
təhsil tam həcmdə qorunub saxlanılıb. Bu gün
bizim ölkəmizdə üç yüzdən çox məktəbdə təhsil rus
dilində aparılır. Moskva Dövlət Universitetinin
filialı fəaliyyət göstərir, bu universitetdə
fakültələrin sayı artır və bu, çox müsbət
amildir. Bakı Slavyan Universiteti, Rus Dram
Teatrı, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
Bütün bu amillər Azərbaycanın mədəni irsi üçün də çox
vacibdir. Ona görə ki, ölkəmizdə rus dilinə çox böyük
hörmət və ehtiram bəslənilir. Biz böyük rus
ədəbiyyatını orijinaldan oxuyuruq. Gələcək nəslin
də bütün bu imkanları qoruyub saxlaması vacibdir. |