Bu
günlərdə Bakıdakı Məktəb-Lisey Kompleksində müəllim
Kəmalə Mehdiyeva riyaziyyat fənnindən 1 (h) sinfində
"Ədədin ikiqatından istifadə etməklə toplama" mövzusunda
"açıq dərs" keçirib. Fərdi və qruplarla iş formasında
keçirilən dərsdə məqsəd şagirdlərdə 20 dairəsində düzünə
və tərsinə yazmaq, toplama və çıxmanı yerinə yetirmək,
ədədləri model, sxem, diaqram, qrafik və riyazi
ifadələrlə göstərmək bacarıqları aşılamaq idi. Dərsdə
beyin həmləsi, müzakirə və s. iş üsullarından istifadə
olundu.
Öncə müəllim şagirdləri üç qrupa - "a", "b", "ç"
qruplarına böldü. Qrupların rəhbərləri seçildi. Dərsdə
motivasiya yaratmaq üçün müəllim videomaterial nümayiş
etdirdi və onun əsasında şagirdlərə məsələ verdi: "Bir
bina beşmərtəbəlidir. O biri bina bundan 2 dəfə
hündürdür. 2 binanın neçə mərtəbəsi var? Mərtəbələrin
sayı nəyə bərabərdir?". Uşaqların cavabları əsasında
tədqiqat sualı müəyyənləşdirildi: "İkiqat dedikdə nə
başa düşürsünüz?" Sonra tədqiqatın araşdırılmasına
başlanıldı. Müəllim qruplara suallarla müraciət etdi:
Ədəd nəyə deyilir?, Toplama nədir?, Hansı ədədləri
tanıyırsınız?, Ədədləri toplayarkən nəyə diqqət etmək
lazımdır?, Toplama və çıxmanın fərqi nədir? və s. Hər
üç qrupun şagirdləri onlara ünvanlanan sualları
məharətlə cavablandırdılar. İkinci tapşırıq tədqiqata
aid idi. Şagirdlərə müxtəlif araşdırma sualları
verilir, onların bilik və bacarıqları
müəyyənləşdirilirdi. Üçüncü tapşırıq isə səhnəciklər
idi. Qruplar test tapşırıqlarını yerinə yetirdikdən
sonra üçüncü tapşırığa əsasən müxtəlif riyazi fiqurlara
aid səhnəciklər nümayiş etdirdilər. Qruplar öz işlərini
təqdim etdikdən sonra cavablar yoxlanıldı. Qarşılıqlı
yoxlamaya xüsusi diqqət yetirildi. Münsiflər heyəti və
şagirdlərin özləri tərəfindən obyektiv qiymətləndirmə
aparıldı. Dərsin ümumiləşdirmə mərhələsində müəllimin
köməyi ilə şagirdlər modellər üzərində ikiqat
hesablamanı yerinə yetirdilər. Sonra müəllim
qiymətləndirmə cədvəlinə əsasən qiymətləndirmə apardı.
Dərsin müzakirəsi oldu. "Açıq dərs"də iştirak edən
qonaqlar geniş fikir mübadiləsi apararaq müəllim və
şagirdlər arasındakı münasibətlərə, müəllim
yaradıcılığına, texniki avadanlıqlardan yerli-yerində
istifadə olunması və digər məsələlərə dair fikirlərini
söylədilər. Onlar şagirdlərə dərslərini həmişə yaxşı
oxumağı, Azərbaycan xalqına layiq vətəndaş olmağı
tövsiyə etdilər.
Müzakirələrdə söz alan müəllim Kəmalə Mehdiyeva
bildirdi ki, şagirdlərimi dərsdə daim diqqət mərkəzində
saxlamaq istəyirəm. Çalışıram ki, onlar dərsdə sərbəst
olsunlar.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |