Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

"Fövqəladə hallarda özünü necə aparmalı?"

 

Böyütmək üçün seçinAprelın 3-də Bakı şəhəri 138 nömrəli tam orta məktəbdə "Fövqəladə hallarda özünü necə aparmalı?" mövzusunda  maarifləndirmə tədbiri keçirilib.  Məktəbin direktoru Mirfaiq Mirheydərli  qonaqları salamlayaraq tədbirin tərbiyəvi  əhəmiyyətindən  danışıb. Belə bir tədbirin təşkilində  zəhməti olan FHN Bakı Regional  Mərkəzinin  bütün əməkdaşlarına  öz təşəkkürünü bildirib. 

Tədbirdə FHN  Bakı Regional Mərkəzinin,  Dövlət Yanğın Nəzarəti,  Dövlət Sularda Xilasetmə,  Xüsusi Riskli Xilasetmə və Tibb Xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının, eləcə də Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak edib, xüsusi xilasetmə alət və avadanlıqlar nümayiş etdirilib.

Tədbir nəzəri və praktik olmaqla iki hissədən ibarət olub.

Müxtəlif təbii və texnogen fövqəladə hallar, eləcə də həmin hallar zamanı hərəkət qaydalarına həsr olunmuş məruzələrdən ibarət olan nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları məktəbin şagirdləri ilə birgə "Fövqəladə halların təsnifatı", "Kollektiv mühafizə qurğuları", "Təbii fövqəladə hallar zamanı nə etməli?" və başqa  mövzularda çıxışlar ediblər.  Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları, eləcə də dəm qazı barədə videoçarxlar nümayiş etdirilib.

Tədbir zəlzələ mövzusunda şagirdlərin hazırladıqları səhnəciklə davam etdirilib. Bu zaman şərti xəbərdarlıq siqnalı ilə məktəbdə "Zəlzələ həyəcanı" elan edilib. Səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyəsi və yaralıya ilkin tibbi yardımın göstərilməsi öz əksini tapıb. Həm də məktəb şagirdlərinin fövqəladə hallarla bağlı hazırladıqları şeirlər maraqla qarşılanıb.

Məktəbdə şərti yanğın hadisəsi ilə bağlı verilən xəbərdarlıq siqnalından sonra başlayan təxliyə üzrə məşq zamanı şagirdlər öz müəllimlərinin rəhbərliyi altında mütəşəkkil şəkildə məktəb binasını tərk edərək təhlükəsiz ərazidə toplaşıblar.

Təxliyə başa çatdıqdan sonra məktəbdə qalanların axtarışı və xilas edilməsi üzrə əməliyyat həyata keçirilib. Bakı Regional Mərkəzin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 2 şagird məktəbdən çıxarılaraq FHN Tibb Xidmətinin və Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadalarına təhvil verilib.

Təxliyə üzrə məşqdən sonra Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlıqları nümayiş olunub, bu zaman "Sprinter" (Mercedes BENZ) markalı xüsusi təyinatlı avtomobil və onun təchiz olunduğu spesifik alət və avadanlıqlar, akvalanq, xilasetmə və üzmə vasitələri, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqlar,  fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, yanğınsöndürmə texnika və vasitələrinin təyinatı və ondan istifadə qaydaları, eləcə də maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verilib. 

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov