Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Azərbaycan dilini öyrənmək istəyən polyak tələbələr üçün hazırlanmış ilk kitab

 

Azərbaycanlı alimin kitabının Polşada təqdimatı keçirilib 

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
s.kerimova@ muallim.edu.az

Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri,  filologiya üzrə elmlər doktoru, professor Fəridə Səfiyeva öz elmi nailiyyətləri ilə təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınan alimlərimizdən biridir. 50-dən artıq elmi məqalənin, bir sıra dərs vəsaitlərinin və monoqrafiyaların müəllifi olan alim həmçinin  beynəlxalq elmi konfransların iştirakçısıdır. Onun elmi məqalələri Rusiyada, Türkiyədə, Ukraynada və digər xarici ölkələrdə çap olunub.

Fəridə Səfiyevanın elmi fəaliyyətində əldə etdiyi növbəti nailiyyəti onun bu yaxınlarda Varşava Universiteti üçün hazırladığı "Azərbaycan dili" dərsliyinin Polşanın "Olşinka" nəşriyyatında nəşridir. Bu xanımla görüşməyimizin əsas səbəbi də məhz  Polşada geniş şəkildə təqdimatı keçirilən adıçəkilən dərsliklə bağlı oldu.

- Fəridə xanım, "Azərbaycan dili" dərsliyi  haqqında məlumat verməyinizi xahiş edirik.

- İlk öncə onu qeyd edim ki, Azərbaycanın Polşadakı səfirliyinin və Varşava Universitetinin layihəsi olan, Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə hazırladığım "Azərbaycan dili" dərsliyinin Azərbaycan-Polşa təhsil əlaqələrinin  genişlənməsində yeni bir pillə olacağına əminəm və bir müəllif kimi bundan qürur duyuram.

Dərslik Azərbaycan Dillər Universitetində hazırlanıb, elmi redaktoru professor Nizami Cəfərov, ön sözün müəllifi Azərbaycanın Polşadakı səfiri, professor Həsən Həsənovdur. Dərsliyə professorlar Adil Babayev, İkram Qasımov, dosentlər Faiq Şahbazlı, Fazil Əhmədov rəy veriblər. Dərs vəsaiti nəzəri materiallar (fonetika, söz yaradıcılığı, morfologiya, sintaksis), çalışmalar, dialoq və mətnlərdən ibarətdir. Nəzəri material sxemlərdə verilmişdir ki, bu da vizual yaddaşa əsaslandığı üçün mənimsəməni xeyli dərəcədə asanlaşdırır. Tərcümə üçün nəzərdə tutulan dialoq və mətnlər həm şifahi nitq vərdişlərinin yaranmasına, həm də Azərbaycanın tarixi keçmişi, mədəniyyəti, incəsənəti, adət-ənənəsi, musiqisi, görkəmli şəxsiyyətləri ilə bağlı məlumatların əldə olunmasına yardım edir. Lüğət bölməsində kitabda verilən materiallara uyğun sözlərin tərcüməsi əksini tapıb.

- Bilirik ki, kitabın ilk təqdimatı Azərbaycan Dillər Universitetində keçirilib.

- Bəli, düz qeyd etdiniz. Polşada nəşr olunan "Azərbaycan dili" dərsliyinin ilk təqdimatı ötən ilin dekabrın 5-də   Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin, Xarici İşlər Nazirliyinin və digər qurumların nümayəndələrinin, millət vəkillərinin, respublikanın bir sıra ali təhsil müəssisələrinin alimlərinin, mütəxəssislərinin iştirakı ilə Azərbaycan Dillər Universitetində keçirildi. Universitetin rektoru,   professor Səməd Seyidov kitabı yüksək  dəyərləndirərək onun Azərbaycan dilinin tanıdılmasında, Polşada Azərbaycan dilinin tədrisində bir vasitəyə çevriləcəyinə ümidvar olduğunu bildirdi. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, kitabın elmi redaktoru Nizami Cəfərov, Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdiri Faiq Şahbazlı və digər natiqlər də çıxış edərək  Polşada nəşr olunan dərsliyin Azərbaycan dilçiliyinin və elminin nailiyyəti olduğunu söylədilər.

Böyütmək üçün seçinBilirsiniz, çalışdığım universitetdə Azərbaycan dilinin dünyaya tanıdılması və yayılması istiqamətində əhəmiyyətli işlər görülür. Dilimizi dünya səviyyəsində təqdim etmək üçün universitetin beynəlxalq əlaqələr üzrə mütəxəssisləri xarici vətəndaşlar üçün Azərbaycan dilinin öyrədilməsi istiqamətində dərsliklər hazırlayırlar. Universitetimizdə 22 dil öyrədilir. Polyak dili də bu dillər arasında çox uğurla öyrənilir. Rektorumuz, professor Səməd Seyidovun təşəbbüsü ilə polyak dilinin daha yaxşı mənimsənilməsi üçün Polşadan müəllimlər dəvət olunurlar. Tələbələrimiz polyak dilini öyrənməklə yanaşı Polşanın müxtəlif universitetlərinə təcrübəyə də göndərilir.

Ali  təhsil ocağımızda istər tələbələr, istərsə də professor-müəllim heyəti üçün yaradılmış sağlam elmi, yaradıcı mühit bizlərə elmi fəaliyyətimizi uğurla davam etdirməyə, imkan və şərait yaradır. Mən bunun üçün ilk növbədə universitetin rəhbərliyinə təşəkkür edirəm. 

- "Azərbaycan dili" dərsliyinin Varşava Universitetində təqdimatı necə keçdi? Bu haqda bir qədər geniş söz açmağınızı istərdik.

- Kitabımın təqdimatının keçirildiyi fevralın 24-ü mənim yaddaşımda xoş bir gün kimi qaldı. Ən böyük arzuma çatmışdım. Hazırladığım dərslik Polşanın qədim ənənələrə malik nüfuzlu bir  ali təhsil müəssisəsində -Varşava Universitetində tədris olunacaqdır. Kitab həmçinin Polşanın Mərkəzi Kitabxanasına və bir sıra  universitetlərin kitabxanalarına göndərilib. Azərbaycanlı alim kimi bundan qürur duyuram.

Varşava Universitetində professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən təqdimatda Azərbaycan Respublikasının Polşadakı səfiri Həsən Həsənov,  səfirlik işçiləri, Varşava Universitetinin Şərq fakültəsinin Türk və Mərkəzi Asiya xalqları Departamentinin müdiri, doktor Aqata Bareja-Stazynska, fakültənin dekanı, professor Pyotr Taraxxa, görkəmli türkoloq Tadeuş Mayda, kitabımı polyak dilinə uyğunlaşdıran doktor Kamilla Barbara Stanek və digər şəxslər iştirak edirdilər. Çıxış edənlər Azərbaycanla Polşa arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrindən söz açdılar,  Azərbaycan dilini öyrənən tələbələr üçün bu kitabın əvəzsiz bir vəsait olduğunu xüsusi vurğuladılar. Təqdimatda  kitab, onun strukturu, quruluşu, məzmunu haqqında da geniş məlumat verildi.

Onu da xüsusi vurğulayım ki, həmin təqdimatda Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun kitabla bağlı söylədiyi fikirlər mənim üçün xüsusilə qiymətlidir. Hörmətli səfirimiz bunları dedi: "Hesab edirəm ki, bugünkü tədbir təkcə "Azərbaycan dili" kitabının təqdimatı istiqamətində deyil, həm də ana dilimizin təbliğində böyük  əhəmiyyətə malikdir".

Bir alimin əməyinə məncə, bundan yüksək dəyər verilə bilməz. Təqdimatda çıxışım zamanı fəxr hissi ilə qeyd etdim ki, müəllifi olduğum kitab vasitəsilə əcnəbi tələbələrə Azərbaycan dilinin gözəlliyini çatdırmaq, vətənimiz haqqında müəyyən məlumatlar vermək istəmişəm. Ana dilimizi dünyaya tanıtmaq və təbliğ etmək hər kəsin borcudur. Həmin tədbirdə mən pedaqoji fəaliyyətlə məşğul olduğum Azərbaycan Dillər Universitetinin bukletini, müasir bəstəkarlarımzın klassik əsərlərindən ibarət diski və ölkəmizlə bağlı suveniri Varşava Universitetinin rəhbərliyinə təqdim etdim. İstədim ki, polşalı həmkarlarımız doğma Azərbaycanımızın elmi, tarixi ilə yanaşı, incəsənəti, musiqi mədəniyyəti ilə bağlı müəyyən bilgilərə də malik olsunlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov