Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

Qızıl, gümüş, bürünc medalların sahibi

 

Bakı Avropa Liseyinin şagirdləri beynəlxalq  idman arenalarında  yüksək nəticələr əldə edərək  böyük uğurlar  qazanıblar.  Onlardan biri də  Mehparə Mansurovadır. O,  1999-cu ildə Bakıda anadan olub. Dörd yaşından bədii gimnastika ilə məşğul olur.  İlk uğurlu  çıxışı  2007-ci ildə bədii gimnastika üzrə Neftçi İSM-in açıq birinciliyində olub və hakimlərin rəğbəti nominasiyasında diplomla təltif olunub.  2008-ci ildə Bakı şəhər birinciliyi və kubokunda II,  həmin il  Almaniyanın Paterborn şəhərində keçirilən beynəlxalq turnirdə  IV, 2009-cu ildə Bakı çempionatında III yerlərə layiq görülüb. Mehparə bədii gimnastika üzrə  XV Azərbaycan çempionatında çoxnövçülük üzrə II, Özbəkistanın Daşkənd şəhərində keçirilən beynəlxalq birincilikdə  I yerə layiq görülərək qızıl medalla,  Azərbaycan birinciliyində isə gümüş medalla təltif olunub.  2010-cu il Mehparənin idman tarixçəsində yaddaqalan izlər buraxıb. O, açıq Bakı birinciliyində çıxış edərək  III  yeri tutub və bürünc medalla mükafatlandırılıb. Həmin ilin mart ayında Moskvada keçirilən  festivalda Azərbaycan Gimnastika Federasiyasının təşəbbüsü ilə ölkəmizin yeniyetmə komandasında çıxış edərək II pillədə yerini möhkəmlədib. Mehparə Daşkənd şəhərində keçirilmiş "Xrustalnıye baboçki" adlı birincilikdən 1 gümüş, 2 bürünc medal qazanıb, Tbilisidə təşkil olunmuş Nelli Saladze Cup birinciliyində isə II yeri tutaraq Ən texnikalı gimnast adını alıb.

2011-ci ildən  Azərbaycan milli yığma komandasının üzvlüyünə qəbul olunan  yeniyetmə gimnast 2012-ci ilin fevralında Estoniyanın Tartu şəhərində keçirilən  "Miss Valentine" XVIII   beynəlxalq turnirdə II yeri tutub. Həmin ildə o, idman ustalığına namizəd  dərəcəsi  alıb.  İdmanda əldə etdiyi yüksək nailiyyətlərə görə 2013-cü ilin martında Bakı şəhər Gənclər və İdman  Baş İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub.

2005-ci ildə Bakı Avropa Liseyinin  I sinfinə qəbul olunan istedadlı gimnast hazırda X sinifdə təhsil alır. Bu günədək liseyin rəhbərliyi tərəfindən 5 dəfə Liseyin ulduzu adı, 7 dəfə  fəxri fərmanı və 3 dəfə də tərifnamə ilə təltif olunub. M.Mansurova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də diploma layiq görülüb.

İdmanda saysız uğurlar qazanan,  eyni zamanda dərs əlaçısı olan  M.Mansurova hazırda Bakı Avropa Liseyində Kiçik Elmlər Akademiyasının prezidentidir. 2014-cü ildə  liseyin Kiçik Elmlər Akademiyasının  IX  elmi-praktik konfransında fizika fənni üzrə  I yeri tutduğuna görə diplomla mükafatlandırılıb.

Söhbət zamanı söylədiyi fikirlər onun parlaq  gələcəyinə olan  ümidlərimizi birə-beş artırdı.

"Hər bir idmançı yarış meydanına qələbə qazanmaq üçün çıxır. Çəkdiyin əziyyətin bəhrəsini görmək çox xoşdur.  Uğurlarım şübhəsiz   məni çox sevindirir. Qarşıda daha məsul  yarışlarım var.  İnanıram ki,  o yarışlarda da uğur qazanacağam". 

Səhifəni hazırladı: Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov