Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

"Adım gənc istedadların "Qızıl kitabı"na yazılanda çox sevindim"

 

Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, pianoçu Toğrul  Hüseynli ilə söhbət 

- Toğrul, necə oldu ki, səndə fortepiano ifaçılığına həvəs yarandı? Bu musiqi alətini  sənə kim sevdirib?

- Uşaq yaşlarımdan musiqiyə marağım olub. Görkəmli bəstəkar Oqtay Zülfüqarovun Uşaq Filarmoniyasının nəzdindəki "Aysel" uşaq teatrının solisti kimi çalışmışam. Fortepiano ilə tanışlığım isə 4 yaşıma təsadüf edib. Bu musiqi alətinə  həvəsi  məndə bacım Könül oyadıb. Onun fortepianoda ifa etdiyi klassik əsərləri  dinlədikcə bu alətə olan həvəsim artıb və 6 yaşımda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olmuşam. Elə ilk müəllimim də bacım olub. Hazırda o, Bakı Musiqi Akademiyasının dosentidir.

- İlk uğurlarını necə xatırlayırsan?

- 11 illik təhsil müddətində  bir çox respublika və beynəlxalq müsabiqələrdə iştirak edərək diplomlar qazandım. 2008-ci ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş gənc ifaçıların I respublika müsabiqəsinin qalibi oldum, Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə Beynəlxalq musiqi festivalı çərçivəsində keçirilən pianoçuların I beynəlxalq müsabiqəsində laureat  adını qazandım.

- Həyatında ən önəmli, yaddaqalan  gün hansıdır?

- 2009-cu ildə ölkə Prezidenti İlham Əliyevin  müvafiq sərəncamı  ilə adım Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazıldı və xüsusi aylıq  təqaüdə layiq görüldüm. Bu, mənim seçdiyim sənətə  məsuliyyətimi birə-beş artırdı və daha səylə çalışmağa başladım. Adım gənc istedadların "Qızıl kitabı"na yazılanda çox sevindim. Bir yeniyetmə üçün bundan böyük sevinc və yaddaqalan gün olarmı?  

-  Necə oldu ki, xaricdə təhsil almağa qərar verdin? Kimsə bunu məsləhət gördü, yoxsa?..

- M.Rostropoviç adına Beynəlxalq musiqi festivalındakı uğurlu çıxışım bu arzumun reallaşmasına təkan verdi. 2009-cu ildə Minsk şəhərində keçirilən beynəlxalq musiqi festivalında Köln Konservatoriyasının professoru Vasiliy Lobanovla tanış oldum və  arzumu  ona bildirdim. Professorun keçirdiyi  ustad dərslərində və festivalın Qala konsertində iştirak etdim və ustad tərəfindən virtuoz ifaçı kimi  dəyərləndirildim. Onun xeyir-duası məni bir az da  ruhlandırdı. Bakı Musiqi Akademiyasına qəbul olduqdan bir il sonra Almaniyanın Köln şəhərinə getməyi qərar verdim. Almaniyanın Köln şəhər Konservatoriyasında fortepiano ifaçılığı üzrə təhsilimi davam etdirirəm. Hazırda professor V.Lobanov və  A.Florih kimi görkəmli musiqiçilərdən  dərs alıram.

- Qərib ölkədə yaşamaq və təhsil almaq çətin deyil ki?

- Xeyr! Orada keçirilən mötəbər  tədbirlərdə, musiqi festivallarında həvəslə  iştirak edirəm. Dünya şöhrətli musiqiçilərlə, bəstəkarlarla tanış olmuşam. Görkəmli musiqiçilərin əhatəsində olduğum üçün özümü xoşbəxt sayıram.

- Gələcəkdə musiqiçi kimi fəaliyyətini Avropada davam etdirmək istərdinmi?

-  Avropada qazandığım bilikləri və təcrübəni Azərbaycan musiqisinin inkişafına yönəltmək, solo pianoçu kimi Azərbaycanın adını ən yüksək  musiqi arenalarında təmsil etmək ən ümdə arzumdur.

- Fortepianoçu kimi hansı musiqiçilərin yaradıcılığından bəhrələnmisən?  

- XX əsrin böyük musiqiçilərindən olan Svyatoslav Rixterin,  Emil Gilelsin, eləcə də müasir pianoçulardan Nikolay Luqanskinin adlarını çəkə bilərəm. Azərbaycan fortepiano məktəbi isə hələ sovetlər dövründən güclü musiqiçilər yetişdirib. Görkəmli musiqiçilər olan Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin yaradıcılığından zövq alıram. Azərbaycan fortepiano məktəbinin musiqiçi kimi yetişməyimdə rolu  böyükdür.

- Azərbaycan muğamı xaricdə necə qarşılanır?

- Azərbaycan muğamı bütün dünyada  maraqla qarşılanır.  Hər bir xalqın musiqisi ona əzizdir. Arzu edirəm ki, folklorumuzla bərabər, bu bəşəri musiqimizi də necə qoruduğumuzu dünyaya nümayiş etdirək.

-  Azərbaycanlı pianoçu kimi Almaniyada solo  konsertlər vermisənmi?

-  Köln Ali Musiqi Məktəbinin Almaniyadakı Azərbaycan Tələbə Şəbəkəsi tərəfindən Almaniyada, Hollandiyada silsilə konsertlərim təşkil  olunub. Konsertlərimdə Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərlərini  səsləndirmişəm. Təvazökarlıqdan uzaq olsa da söyləməliyəm ki, ifalarım çox  bəyənilir və sevilir.

Sənə uğurlar diləyirik. İnanırıq ki, ən böyük qələbələrin hələ qarşıdadır.

- Sağ olun, təşəkkür edirəm.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov