Kürdəmir
Rayon Təhsil Şöbəsindən redaksiyamıza daxil olan
məktubda qeyd olunur ki, rayonda ümummilli lider Heydər
Əliyevin irsinin daha da dərindən öyrənilməsi məqsədilə
ümumtəhsil məktəblərinin bir qrup XI sinif şagirdləri
üçün növbəti "açıq dərs" keçirilib.
Qarasaqqal kənd tam orta məktəbinin tarix müəllimi Əhsən
Xankişiyevin tədris etdiyi "açıq dərs"də rayonun
Dəyirmanlı, Sor-sor, Garısəyribənd, Çöhranlı, Söyüdlər
kənd tam orta məktəblərinin şagirdləri iştirak edib.
"Açıq dərs"də bütün həyat və fəaliyyətini öz xalqının
xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin
demokratik dövlət quruculuğu prosesindəki rolu və
xidmətlərindən ətraflı bəhs olunub.
"İlk milli Konstitusiyamız" mövzusunda keçirilən "açıq
dərs"də şagirdlərə 1995-ci il noyabrın 12-də ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil
Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi,
Konstitusiyada bəşəri və milli-mənəvi dəyərlərin,
demokratik prinsiplərin öz əksini tapması, demokratik
seçki sistemi və onun həyata keçirilməsi ənənələrinin
əsasının qoyulması kimi dolğun məlumatlar verilib.
Bundan əlavə, şagirdlər ümummilli liderin keçdiyi
şərəfli həyat yolunu əks etdirən sənədli filmə baxıb,
Kürdəmir rayonuna səfərlərini əks etdirən
fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış
kitablardan ibarət guşə ilə yaxından tanış olublar.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |