Ölkəmizin
cənub bölgəsinin iri rayonlarından biri olan Masallıda
hazırda 99 ümumtəhsil məktəbi, bir neçə məktəbdənkənar
tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ölkə
iqtisadiyyatının inkişafı ilə paralel surətdə
dövlətimizin təhsilə yüksək qayğısı, tədris ocaqlarının
yenidən qurulması, texniki vasitə və avadanlıqla
təminatına dair qəbul olunmuş proqramlar Masallı
təhsilinə də təsirsiz qalmayıb.
Masallı 1930-cu ildə inzibati rayon kimi yaradılsa da bu
bölgədə təhsil ocaqlarının təşkili daha qədim vaxtlara
təsadüf edir. Burada ilk məktəb hələ 1860-cı ildə
Nikolayevka (indiki Kalinovka) kəndində açılıb, 1896-cı
ildə isə Qızılağacda məktəb təşkil olunub. Respublikanın
qabaqcıl təhsil ocaqları sırasında Masallı ünvanlı
məktəblərin də adı daim çəkilib. Gənc nəslə
fundamental biliklərin əsaslarını yeni üsullarla
aşılamağa çalışan, informasiya texnologiyalarının
mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunun
artırılması işində yüksək nəticələr qazanan məktəb və
müəllimlər rayonda yetərli qədərdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin "Uşaqlar yaxşı
məktəblərdə oxumalı, müəllimlər yaxşı məktəblərdə
işləməlidir" fikri dövlətin təhsilə böyük diqqəti, bu
sahənin inkişafına daim önəm verməsi kimi fərəh doğurur.
Müntəzəm dövlət qayğısı sayəsində Masallıda da təhsil
şəbəkəsi durmadan genişlənir, maddi-texniki baza
güclənir. BMT-nin "Təhsil əsri" elan etdiyi yeni əsrin
əvvəllərindən bu rayonda dövlət proqramları və Heydər
Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb"
layihəsi uğurla icra olunur. Təhsil infrastrukturu
yenidən qurulur və modernləşdirilir. Bu çərçivədə
rayonda 42 yeni məktəb binası tikilmiş və ya əsaslı
təmir olunmuşdur.
Elə ötən "Bilik günü"ndə Masallıda keçirilən tədbirlər
sırasında yeni məktəblərin açılış mərasimləri xüsusi yer
tutmuşdu. Həmin gün burada dörd məktəb qapılarını şagird
və müəllimlərin üzünə yeni görkəmdə açdı. Mahmudavar
ümumi orta məktəbi üçün müasir tələblər səviyyəsində
tikilmiş ikimərtəbəli yeni bina, Masallı şəhər 1
nömrəli, Kolatan və Bədəlan kənd tam orta məktəbləri
əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi.
Qüdrət Babayev adına Mahmudavar ümumi orta məktəbinin
kollektivi 2014-2015-ci dərs ilinin başlanmasını fərəhlə
xatırlayır. Çünki müəllim və şagirdlər bayramı qəzalı
vəziyyətdə olan məktəbdə deyil, yeni inşa olunmuş
yaraşıqlı binada qeyd ediblər. Gözəl ənənələri olan bu
məktəb 1979-cu ildən fəaliyyət göstərir. Həmin il kənddə
640 yerlik tam orta məktəb istifadəyə verilib və köhnə
binanı 8 illik təhsil ocağı kimi saxlamaq qərara alınıb.
1986-cı ildə köhnə binanın əvəzinə 12 otaqdan ibarət
olan yenisi inşa olunub. Uzun müddət təmir edilməyən,
yer səthi ilə bərabər tikilmiş bu bina isə yavaş-yavaş
sıradan çıxmağa başlayıb. Köhnə binanın yerində isə bu
müasir bina tikilib. Bina 220 yerlikdir. Geniş idman
zalı, sinif otaqları, laboratoriyalar, kitabxana,
kompüter otağı, sanitar qovşağı, istilik sistemi var.
Geniş həyətdə yaşıllıqlar salınıb.
Məktəbin direktoru İsa İbadov düz 40 il öncə elə doğma
kənd məktəbini tərifnamə ilə bitirib. Gəncə Dövlət
Universitetinin riyaziyyat fakültəsində ali təhsil alıb.
Sonra doğma məktəbdə işləyib. On dörd ildir ki, məktəbin
direktorudur.
"Məktəbimizdə təhsilə ciddi münasibət, nümunəvi
davamiyyət var, şagirdlərimiz respublika fənn
olimpiadalarında dalbadal iki ildir ki, uğurla iştirak
edirlər", - deyə İsa müəllim bildirir. - Məzunlarımızın
arasında da tanınan, nüfuzlu insanlar çoxdur.
Professorlar Mehman Ağayev, Rafael Eyvazov, dosent və
elmlər namizədləri Əflatun Əzizov, Rahib Əliyev, Şahrza
Ağayev, Alı Ağayev, Sərxoş Babayev və başqaları bizim
məzunlarımızdır. Fəxr edirik ki, Prezident təqaüdçüsü
Şirvan Əbilov tanınmış eloğlumuzdur.
Məktəbdə 215 şagird təhsil alır. Müəllimlərin sayı
24-dür. Onlardan dil-ədəbiyyat müəllimi Elşad Nəsirov,
riyaziyyat müəllimi Səfər Əliyev, xarici dil müəllimi
Firavan Qasımov, biologiya müəllimi Rauf Bağırov, sinif
müəllimləri Həqiqət Fərəcova, Aygün Ağayeva
nailiyyətlərimizin əsas hərəkətverici qüvvələridir. Bir
vaxtlar burada şagird olmuş Qənirə Həşimova, Bəşarət
Ağayev, Leyla Sadıqova və Tarif Fərəcov hazırda müəllim
kimi gənc nəslin təlim-tərbiyəsilə məşğuldurlar.
Son illərdə kəndimizdən ali məktəblərə qəbul olunmuş
məzunların əksəriyyəti məhz bizim yetirməmizdir. Bu gün
ATU-nun tələbəsi Gülər Şahverdiyeva, BDU-nun riyaziyyat
fakültəsində təhsil alan Lalə Cabbarova, jurnalistika
fakültəsinin tələbəsi Elmin Ağayev, Azərbaycan
Universitetinin tələbəsi Kənan İbadov, Tolyatti
Universitetində oxuyan Cəmil Cəbiyev məktəbimizin
məzunlarıdır.
Cari tədris ilini yeni istifadəyə verilmiş məktəb
binasında keçirməyimizdən hədsiz qürur duyuruq. Məktəbin
yenilənməsi nəinki pedaqoji kollektivimizi və
şagirdlərimizi, eləcə də bütün kənd sakinlərini hədsiz
sevindirir.
Təcrübə göstərir ki, hər cür tədris şəraiti olan
məktəbdə dərs keyfiyyəti daha yüksək olur. Bu baxımdan
məktəbimizdə bizi təmin edəcək hər şərait yaradılıb.
İxtiyarımıza rahat sinif otaqları, informatika
kabinetləri, fənn laboratoriyaları, akt və idman zalları
verilib. 21 müasir kompüterdən ibarət kompüter sinfimiz
var. Qazla qızdırılan istilik sistemi işləyir. Bu diqqət
və qayğıya görə dövlətimizə, zəhməti keçən hər kəsə
minnətdarlığımızı bildiririk. Yaradılan şərait bizi
uğurlarımızı daha da artırmağa səfərbər edir.
Əli NƏCƏFXANLI |