Rusiya universitetləri bir arada
Aparıcı ali məktəblər onlayn-təhsili inkişaf
etdirəcək
Rusiyanın
qabaqcıl universitetləri onlayn-təhsili birgə
inkişaf etdirmək məqsədilə qeyri-kommersiya
təşkilatı yaradıblar. Bu barədə məlumatı
Rusiyanın Təhsil və Elm Nazirliyinin mətbuat
xidməti yayıb. Nazirliyin şura iclasında
müzakirə olunan başlıca mövzu əsas təhsil
proqramlarının reallaşdırılması gedişində
onlayn-kurslardan istifadə olunması modeli olub.
Şuranın üzvlərinin fikrincə, kurslardan geniş
istifadə olunması universitetlərin birgə
səyləri, şəbəkə çərçivəsində mümkündür. "Bundan
başqa, universitetlərdə təhsil proqramlarından
kənar onlayn-kursların mənimsənilməsi üzrə təlim
nəticələrinin təkrar qiymətləndirilməsi üçün
normativ- hüquqi baza da yaradılacaq. Bu,
tələbələrin mobilliyini artırmağı təmin edəcək
və onlara keyfiyyətli təhsil seçmək üçün real
hüquq verəcək", - deyə nazirliyin mətbuat
xidmətindən məlumat verilib. Bundan əlavə,
Rusiyanın 8 aparıcı universitetinin daxil
olduğu " Rusiya Milli Açıq Təhsil Platforması"
Assosiasiyasının təsis yığıncağı keçirilib.
Aralarında M.V.Lomonosov adına Moskva Dövlət
Universiteti, Sankt-Peterburq Dövlət
Universiteti, Moskva Ali İqtisadiyyat Məktəbi,
Moskva Fizika-Texnika İnstitutunun da olduğu 8
nüfuzlu ali məktəbin hər biri yaxın 3 il
ərzində onlayn-təhsilin inkişafına 50 milyon
rubl sərf edəcək. Təhsil və elm naziri Dmitri
Livanovun sözlərinə görə, belə bir platformanın
yaradılması təhsil proqramlarının keyfiyyətinin
yaxşılaşmasına xidmət edəcək.
"Mən bu vəzifənin ölkənin kifayət qədər maliyyə
imkanlarına malik aparıcı universitetlərinin
üzərinə düşməsini tamamilə düzgün hesab edirəm,
məhz onlar yüksək keyfiyyətli təhsil kontenti
üçün məsuliyyət daşıyır və daşımalıdırlar", -
deyə nazir bildirib. İlk kursların 2015-ci
ilin sentyabrından tətbiqi planlaşdırılır. |
|
Amerika təhsilində qalmaqal
11
müəllim imtahanların nəticələrinin
saxtalaşdırılmasında ittiham olunur
ABŞ-ın Corciya ştatının paytaxtı Atlantada 11
keçmiş müəllim və digər təhsil işçiləri
məktəb imtahanlarının nəticələrini
saxtalaşdırmaqda təqsirli biliniblər. Ölkənin
prokurorluq orqanları ABŞ tarixində ən iri
təhsil qalmaqallarından biri çərçivəsində 4 il
əvvəl 35 müəllimə qarşı ittiham irəli sürüb.
2011-ci ildə keçirilən istintaqın məlumatına
görə, Atlantanın 56 bələdiyyə məktəbindən
40-da saxtakarlıq olub.
Prokurorluqda qeyd edirlər ki, təhsil
müəssisələrinin müdiriyyətləri və müəllimlər
imtahan nəticələrinin yuxarı təhsili idarəetmə
orqanlarının qoyduğu normalara uyğun olduğunu
göstərmək üçün testlərin nəticələrini
saxtalaşdırmış və onları qeyri-korrektə olunmuş
formada tərtib ediblər.
|
|
Videooyunlar şagirdlərin davranışına pis təsir
edir
Alimlər
araşdırma aparıblar
Alimlər müəyyən ediblər ki, gün ərzində 3 saat
videooyunlarla məşğul olmaq uşaqların təhsil
uğurlarına və davranışlarına mənfi təsir
göstərir. Böyük Britaniyanın Oksford
Universitetinin alimlərinin tədqiqatları
gedişində məlum olub ki, bu cür uşaqlar
tez-tez hiperaktivlik nümayiş etdirir, müxtəlif
münaqişə və davalarda iştirak edir və təhsilə
maraqlı deyillər. Mütəxəssislər 12-13 yaşlı 200
məktəbli arasında sorğu aparıblar. Bəzi
valideynlər iddia edirlər ki, videooyunlar
uşaqların müvəffəqiyyət dərəcəsini artıra və
sosial bacarıqlarını inkişaf etdirə bilər.
Lakin tədqiqatlar bunun tam əksini göstərib.
Videooyunlara maraq göstərən uşaqlar bu cür
oyunlara maraq göstərməyən uşaqlardan heç də
yaxşı oxumayıblar, onların həmyaşıdları ilə
ünsiyyətdə olmaq bacarıqları da yaxşı
olmayıb. Məlum olub ki, gün ərzində cəmi
bir saat videooyunlara maraq göstərən uşaqlar
özlərini yaxşı aparıblar və az
hiperaktivdirlər. Tədqiqatçılar valideynlərə
uşaqlarının videooyunlara neçə saat vaxt
ayırmalarını izləməyi tövsiyə ediblər.
|
|
Finlandiyada maraqlı təcrübə
Gənclər məktəbdən sonra ali məktəbə getmək
istəmir
Finlandiyada
getdikcə daha çox gənc orta məktəbi bitirdikdən
sonra dərhal ali məktəbə daxil olmaqdan imtina
edir və birillik fasilə götürürlər. Bu dövrdə
onlar ya işləyir, ya da səyahətə çıxırlar.
İqtisadi İnformasiya Mərkəzinin məlumatına görə,
builki məzunların 25 faizi universitet təhsilinə
qədər birillik fasilə götürməyə qərar verib.
Mərkəzin direktoru Luisa Tenxunen-Ryotsalaeynen
məzunlar arasında birillik fasilənin
populyarlıq qazanmasını onunla izah edir ki,
tələbələrə tədris prosesində ixtisaslarını
dəyişmək getdikcə çətinləşir. "Gənclərə elə
gəlir ki, məktəbi bitirdikdən sonra onlardan
hansı ixtisası seçmələri və hansı sahədə
işləmələrini dəqiq bilmələri tələb olunur. Bu
ona görə baş verir ki, tələbələr təhsil
gedişində ixtisası necə dəyişməyin mümkünlüyü
barədə məlumata malik olmurlar. Bu
qeyri-müəyyənlik isə məzunlara təzyiq
göstərir". Mərkəzin direktoru qeyd edir ki,
birillik fasiləyə daha çox qızlar əl atırlar.
"Qızlar tam əmin olmaq istəyirlər ki, onların
sonrakı qərarı tam düzgün olacaq, gələcəkdə nə
olacağını bilmək istəyirlər". Mərkəzin 4 min
məzun arasında apardığı sorğunun nəticəsinə
görə, onların yalnız 18 faizi məktəbdən sonra
hansı istiqamətdə inkişaf edəcəklərini özləri
üçün müəyyənləşdiriblər. Respondentlərin 70
faizi isə hələ məktəbin buraxılış sinfində
oxuduğu dövrdə əmək bazarı barədə daha çox
məlumat almaq istədiyini bildirib. Finlandiyada
VII-VIII sinif şagirdlərinə 1-3 həftə ərzində
özlərini əsl işdə sınamaları üçün imkan
yaradılır. Buraxılış siniflərinin şagirdləri də
bu praktikadan yararlanmaq istədiklərini
bildiriblər. |
Oruc MUSTAFAYEV, "Azərbaycan müəllimi"
xarici mətbuat materialları əsasında |