9 May Qələbə Gününün 70 illiyi münasibətilə ölkəmizdə
bayram tədbirlərinə start verilib. MDB ölkələrinin
dövlətlərarası humanitar əməkdaşlıq Fondunun dəstəyi ilə
"Sever-Yuq" politoloji mərkəzi tərəfindən "Böyük
Qələbənin yubileyi: canlı xatirə" mövzusunda təşkil
edilən beynəlxalq konfransa Bakı Slavyan Universiteti ev
sahibliyi edib. Konfransda Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun
Mehdiyev, Belarus Respublikası Milli Akademiyasının
Tarix İnstitutunun direktoru Vyaçeslav Daniloviç,
Qırğızıstan Respublikası Perspektiv Tədqiqatlar
Mərkəzinin direktoru, fəlsəfə elmləri namizədi Sergey
Masaulov, Rusiya Federasiya Şurasının Sosial siyasət
komitəsinin sədr müavini Lyudmila Kozlova, rəsmi
şəxslər, tarixçilər və politoloqlar iştirak ediblər.
BSU-nun rektoru, professor Asif Hacıyev iştirakçıları
salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
Konfransda çıxış edən Prezident Administrasiyası
İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun
Mehdiyev bildirib ki, Böyük Qələbə xalqların birgə
mübarizəsi nəticəsində əldə olunub. Bu müharibə
xalqımızın qəhrəmanlıq, igidlik salnaməsidir. Müəyyən
dövr ərzində 9 May Qələbə Gününə fərqli yanaşılsa da,
ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıtmasından sonra bu tarixi hadisəyə obyektiv
münasibət ortaya qoyuldu. Hazırda ölkə başçısı cənab
İlham Əliyev də tez-tez müharibə veteranları ilə görüşür
və onların problemləri ilə maraqlanır. Böyük Vətən
müharibəsinin iştirakçısı Aleksandr Qritçenko çıxışında
müharibə zamanı arxa cəbhədə vuruşan zəhmətkeş xalqların
əziyyətini qeyd edərək qələbənin qazanılmasında
Azərbaycanın rolundan danışıb.
Konfrans BSU nəzdində fəaliyyət göstərən Moskva tədris
və mədəniyyət mərkəzində təşkil edilmiş konsert proqramı
ilə başa çatıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |