Telman CƏFƏROV,
filologiya elmləri doktoru, professor, Bakı Slavyan
Universitetinin tədris işləri üzrə prorektoru
Uzun
illər həm orta, həm də ali məktəbdə çalışmış və hazırda
da respublikamızın aparıcı universitetlərindən birində
fəaliyyətini davam etdirən təhsil işçisi, təhsilimizin
idarə olunması, bu prosesə kreativ və innovativ
yanaşmaların gətirilməsi cəhdlərinin vacibliyini anlayan
bir şəxs olaraq diqqəti bir məsələyə yönəltmək
istəyirəm. Hər gün valideynlər, şagird və tələbələrlə
ünsiyyətdə olan adam, orta məktəblərimiz üçün proqram,
dərsliklər, fənn kurikulumunun müəllifi, eləcə də
dərsliklərin qiymətləndirilməsində iştirak etmiş
ekspert, vaxtilə TQDK-da test proqramı və banklarının
yaradılmasına cəlb olunan müəllim kimi hesab edirəm ki,
təhsilin optimal idarə edilməsi üçün çəkilən zəhmətin
nəticəsi artıq göz qabağındadır. Düzdür, köklü
dəyişikliklərin zamana ehtiyacı var...
Universitetlərimizdə SABAH qruplarının yaradılması ilə
bağlı nazirimizin təşəbbüsü reallaşmaqdadır. Orta
təhsildə istedadların üzə çıxarılması məqsədilə
yaradılmış pilot layihələr sektoru, liseylərin
fəaliyyətinə nəzarətin artırılması da gözəl təşəbbüsdür.
Hörmətli nazirimiz Mikayıl Cabbarov dəfələrlə söyləyib
ki, təhsil işçilərindən təkliflər gözləyir. BSU nəzdində
Məktəb-lisey kompleksinin "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsində prezentasiya zamanı bu təhsil
müəssisəsinin rəhbəri kimi mən orta və ali təhsilimizin
koordinasiyası, universitetlərimizin potensialının orta
məktəblərimizə ünvanlanması, aparıcı orta
məktəblərimizin kampusları, texnoparkları, tədris
kombinatları, bilim mərkəzləri olmayan
universitetlərimizin (xüsusən pedaqoji kadr
hazırlayanları nəzərdə tuturam) baza məktəblərinə
çevrilməsi istiqamətində təkliflərimi təqdim etmişdim.
Sonuncu dediklərimi mən Budapeştdə, Londonda,
Frankfurtda, Moskvada, Ankarada (fürsətdən istifadə
edib, Ankaraya bizi ezam etdiyinə görə cənab nazirə bir
daha minnətdarlığımızı çatdırıram; təəssürat və
təkliflərimi "Azərbaycan müəllimi" qəzetinin 31 yanvar
2015-ci il tarixli sayında söyləmişəm) görmüşəm. Elə BSU
nəzdində liseyin yaradılması, hörmətli akademik Kamal
Abdullayevin Bakı şəhərinin 190 nömrəli orta məktəbində
(indiki 189-190 nömrəli məktəb) Ali və orta təhsilin
koordinasiyası kafedrasının təşkili təşəbbüsü, onun
təklifi və səyi ilə on ildən artıq bir müddətdə
tələbələrimizin bölgələrdəki qaçqın məktəblərinə
təcrübəyə göndərilməsi, universitetimizin Şuşa Rayon
Təhsil Şöbəsi, Məktəb-liseyimizin Malıbəyli kənd orta
məktəbi ilə sıx əməkdaşlığı da bu işin yaxşı nəticələr
verdiyini təsdiqləyir. İrəli sürdüyümüz təklifləri
burada bir daha səsləndirmək, istedadların
yetişdirilməsində, müəllim hazırlığı proqramlarının
nəticəyönümlülüyünə nail olunmasında ali və orta
təhsilin tandemi mexanizmini ifadə etməyə çalışırıq.
Fikrimizcə, Təhsil Nazirliyinin özündə bu layihəni
həyata keçirən qurumun yaradılmasına ehtiyac var.
İnandırıram ki, bu əməkdaşlıq və inteqrasiya hərtərəfli
fayda verər. Biz orta məktəb məzunlarımızın ixtisas
seçimi, pedaqoji təcrübənin təşkili (gələcəkdə bütün
təcrübələrin eyni vaxta - bakalavriat səviyyəsində son
semestrə keçirildiyini nəzərdə tuturam), istedadlı
gənclərin pedaqoji işə cəlb olunması, ali məktəblərdə
uyğun kafedra və şöbələrin, təsərrüfathesablı qurumların
yaradılması problemini həll edə bilərik. Söylədiklərimin
çoxu isə "Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə
bağlı" Fəaliyyət planı"nda nəzərdə tutulmuş bir sıra
bölmə və bəndlərlə səsləşir. Təhsilimizin dünya təhsil
sisteminə inteqrasiyası və müasir standartlara uyğun
qurulmasına yönələn bu "Fəaliyyət planı"nda nəzərdə
tutulmuş layihə və tədbirlərin həyata keçirilməsində
yaxından iştirak etməyə bir vətəndaş və təhsil işçisi
olaraq hamımız səy göstərməyə borcluyuq.
Ali və orta təhsilin koordinasiyası və inteqrasiyası
istiqamətində təklif və mülahizələrimizi aşağıdakı kimi
formalaşdırmaq istərdik:
1. Milli Kurikulum islahatının gedişi, məktəblərimizdə
reallaşması prosesi kütləvi informasiya vasitələrində
daha geniş işıqlandırılmalı, bu islahatın vacibliyini
motivləşdirən sosial-iqtisadi və elmi-pedaqoji şəraitin
geniş ictimaiyyətə, valideynlərə, elə pedaqoji
kollektivlərin özünə anlaşılan tərzdə izah edilməsi üçün
yeni yollar axtarmağa ehtiyac var. Milli Kurikulumun
tətbiqi ilə əlaqədar yaranan baryer təkcə
pedaqoji-psixoloji amillərlə bağlı deyil, bu,
sosial-psixoloji və dərin ictimai məsələdir, bir
siyasi-ideoloji, elmi-pedaqoji platformadan,
sosial-iqtisadi bazaya söykənən təfəkkür tərzindən və
yanaşmadan digərinə keçidlə bağlıdır. Universitetlərin,
xüsusilə də pedaqoji kadrlar hazırlayan ali təhsil
ocaqlarının uyğun kafedraları öz elmi-tədqiqat işlərini
bu istiqamətdə qurmalı, buraxılış kursu tələbələrinin
məktəblərə üz tutması və burada işləyə bilmələri üçün
tədbirlər planı olmalıdır.12 illik təhsilə keçidlə bağlı
təşkilati, tədris-təlim, sosial-psixoloji sorğuların
cavablandırılması məsuliyyəti təkcə Təhsil Nazirliyinin
müvafiq strukturlarının, Təhsil Problemləri İnstitutunun
çiyninə düşməməlidir. Universitetlər məktəb üçün müəllim
hazırlayırsa, məzunlarının işləyəcəkləri ünvanın bütün
problemləri onların çoxsaylı kafedra və elmi-tədqiqat
laboratoriyalarının fəaliyyətinin prioritet istiqamətinə
çevrilməlidir.
2. Klassik gimnaziya və liseylərin təcrübəsi, dünya
təhsil modelləri ilə tanışlıq göstərir ki, şagirdlərin
yaş xüsusiyyətlərini nəzərə alıb, yaxın gələcəkdə ümumi
orta təhsil pilləsinin məzmun və strukturuna yenidən
baxmaq məcburiyyətində olacağıq. Ümumi orta təhsil
pilləsində dillərin, məntiq və riyaziyyatın tədrisi
önəmli yer qazanmalıdır. Əgər 12 illik təhsil sisteminə
keçid zamanı, deyək ki, 4+6+2 modelini üstün tutsaq, hər
bir təhsil pilləsinin fəlsəfəsi həm şagirdə, həm
müəllimə, həm valideynə, həm də ölkənin təhsil sistemi
ilə təmasda olan istənilən şəxsə aydın olmalıdır. İndiki
şəraitdə, elə növbəti dərs ilinədək tam orta təhsil
pilləsi üçün pilot layihəsi statusunda
diferensiallaşdırılmış tədris planları təklif etməliyik
ki, bu da gələcəkdə tətbiq edəcəyimiz modelin ilkin
aprobasiyasına xidmət edər. Bunun üçün artıq indidən
təcrübəli məktəb rəhbərləri, Təhsil Problemləri
İnstitutu, universitetlərin müvafiq kafedraları tədris
planları üzərində işə cəlb edilməlidirlər.
Paytaxtımızda və ayrı-ayrı bölgələrdə vüsət almış və
orta təhsil pilləsinə ciddi ziyan vurmaqda olan kütləvi
repetitorluğun qarşısını almaq məqsədilə yeni dərs ili
ərəfəsində (təcili olaraq, on iki illik təhsilə keçidi
gözləmədən) tam orta məktəb pilləsinin tədris
standartlarını və planlarını nəzərdən keçirmək, məktəb
və siniflərin təmayülü nəzərə alınmaqla dərs saatlarının
50 faizə qədərinin diferensiallaşdırılmış tədris
planları üzrə bölgüsünə şərait yaratmaq lazımdır.
3. Tədrisdə ciddi problemlərdən biri rus bölmələri üçün
dərsliklərimizdir ki, onların məzmun və dil keyfiyyəti
qənaətbəxş səviyyədə olmadığından çox vaxt müəllim və
şagirdlərimizi digər ölkələrin tədris vəsaitlərindən
istifadə etməyə təhrik edir. Xarici dil dərslikləri (o
cümlədən, tədris Azərbaycan dilində olan məktəblər üçün
rus dili dərslikləri) müasir şəraitə uyğun, birinci və
ikinci xarici dil üçün fənn kurikulumlarının tələbləri
əsasında yazılmalıdır ki, şagirdlərimiz dərs prosesində
sərbəst danışma və ünsiyyətqurma imkanı qazansınlar.
İkinci xarici dil 5-ci sinifdən öyrədilməyə
başlandığından bu sinif üçün tərtib olunan rus və
ingilis dili dərslikləri şagirdlərin ibtidai siniflərdə
bu dillərdən yalnız birini öyrəndiyini nəzərə almalıdır.
5-ci sinif üçün hazırkı dərsliklər bunu nəzərə
almadığından bəzən dərslik müəllimi köməksiz vəziyyətdə
qoyur. Bakı Dövlət Universiteti, Bakı Slavyan
Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan
Dövlət Pedaqoji Universiteti kimi ali məktəblərin
potensialının Təhsil Nazirliyi tərəfindən buna
yönəldilməsi, yəqin ki, öz bəhrəsini verəcək.
Xarici dillərin fəal mənimsədilməsi prosesinin
şagirdlərin yaş xüsusiyyətlərindən birbaşa asılılığını
və uşaqların 7-8 yaşlarının dilöyrənmə üçün ən münbit
dövr olduğunu əsas götürərək, ibtidai siniflərdə xarici
dilə ayrılan saatların miqdarını həftədə ən azı 2-3
saata qaldırmağa ehtiyac duyulur. Bu məqsədlə də tədris
planları ibtidai təhsil pilləsində xarici dil fənn
kurikulumunun məzmun xətlərinə və standartlarına
uyğunlaşdırılmalıdır.
4. Hazırkı şəraitdə şagirdlərin davamiyyəti ilə bağlı
konkret təlimatın olmaması 10-11-ci siniflərdə
davamiyyətdəki sui-istifadə hallarına şərait yaradıb.
Şagird hər yarımildə bir neçə dəfə məktəbdə görünürsə və
bir-iki qiymət alırsa (nəzərə alaq ki, repetitorla
məşğul olduqlarından onların əksəriyyəti dərsə cavab
verməkdə çətinlik çəkmirlər), məktəb rəhbərliyi onu
qiymətləndirməli, yuxarı sinfə keçirməli və ya buraxılış
imtahanına buraxmalıdır. Eyni şəraiti 1-4 və 5-6-cı
siniflərdə yeni qiymətləndirmə meyarları da yaradır.
Ümumiyyətlə, buraxılış siniflərində dərsə davam etməyən
və buraxılış imtahanına "qeyri-kafi" qiymətlərlə gedən
şagirdlərin TQDK tərəfindən keçirilən imtahan üçün
"Şagird-məzun" sisteminə daxil edilməsi, buraxılış
imtahanından "qeyri-kafi" qiymət alanlara belə
şəhadətnamə və attestat verilməsi hazırkı şəraitdə orta
məktəblərin üzərinə ciddi məsuliyyət qoyur. Hazırda orta
məktəblərin buraxılış imtahanları tam başqa bir şəraitdə
aparılır, burada neqativ hallara rast gəlinməsi artıq
mümkünsüzdür. Bununla belə, məzunlara ümumi orta və tam
orta təhsil haqqında sənədin verilməsi üçün maksimum
imkanın yaradılmasından doğan problemlərlə orta
məktəblərimiz üz-üzə qalmamalı, digər tərəfdən də, orta
ixtisas və ali məktəblərimizə hazırlıqsız abituriyent
kütləsi axınının qarşısı alınmalıdır.
Nəzərə alsaq ki, şagirdin davamiyyət məsələsi bütövlükdə
onun sağlamlığı, gələcək həyat tərzi və mövqeyi, fiziki,
psixi-mənəvi-ictimai cəhətdən formalaşması üçün vacib
şərtdir, "Ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində tədrisin təşkili
Qaydaları"nda davamiyyətlə bağlı tələbələr üçün nəzərdə
tutulmuş hal müəyyən mənada ümumtəhsil müəssisələrinin
fəaliyyətinə də tətbiq edilə bilər. Ölkəmizdə icbari
təhsilin gerçəkləşdirilməsi şəraitində şagirdlərin
davamiyyətinə nəzarət məsələsinə kompleks yanaşma
mexanizminin işləməməsi və məsuliyyətin yalnız
məktəblərin üstündə qalması problemi haqlı olaraq
ümumtəhsil müəssisələri rəhbərləri tərəfindən dəfələrlə
qaldırılıb.
5. Tam orta təhsil haqqında attestat almış məzunların
hamısına Azərbaycanın ali məktəblərinə orta təhsil
sənədi ilə qəbul olunmasına şərait yaradılması ilə bağlı
təhsil nazirinin müəllimlərin 14-cü qurultayındakı
təklifi vaxtında irəli sürülmüş olduğundan onun ölkə
rəhbərliyi tərəfindən dəstəklənməsi və eyni zamanda
geniş ictimaiyyət, valideynlər və məzunlar, orta və ali
məktəblər tərəfindən adekvat qarşılanması üçün israrlı
şəkildə tədbirlər görülməli, ölkənin insan resurslarının
xaricə axınının gur kanallarından birinin (hələ maliyyə
cəhətini demirəm) qarşısı alınmalıdır. Bunun üçün ölkə
universitetləri öz elmi-pedaqoji potensialı və
maddi-texniki bazasının sahmana salınması və
gücləndirilməsi barədə düşünməli, planlı qəbuldan
sərbəst tələbə qəbuluna keçid şəraitinə
uyğunlaşmalıdırlar. Bu zaman bazar iqtisadiyyatı
tələbləri öz yerində, universitetlər də orta məktəb
məzunlarının ixtisas seçimində mühüm rol oynamalıdırlar.
Bizdə hələlik Qafqaz Universiteti bu işi öz maraqlarına
uyğun qura bilir.
6. Etiraf eləməyə məcburuq ki, yeni təlim
texnologiyalarının, pedaqoji yanaşmaların, interaktiv və
inteqrativ metodların tətbiqində, İKT-nin tədrisə
sistemli və məqsədli şəkildə gətirilməsində orta
məktəblərimiz ali məktəblərdən öndədir. Orta məktəblərlə
ünsiyyət ali məktəb auditoriyalarındakı süstlüyü,
konservativliyi, ənənəvi yanaşma və metodlardan azadolma
meyillərini sürətləndirə bilər. "Fəaliyyət planı"na
görə, ali təhsildə ayrı-ayrı istiqamət, ixtisaslar üzrə
fənn kurikulumlarının, onların məzmun xətləri, standart
və alt-standartlarının hazırlanması prosesi qarşıda
durur. Burada da orta və ali təhsil müəssisələrinin
qarşılıqlı fəaliyyətinə ehtiyac duyulacaq. Xüsusilə də
pedaqoji ali məktəblər öz fənn kurikulumlarını artıq
fəaliyyətdə olan orta məktəb fənn kurikulumları ilə
uzlaşdırmalıdırlar.
Həm bu istiqamətdə əməkdaşlıq, həm də pedaqoji
təcrübənin səmərəli və planlı şəkildə təşkili məqsədilə
aparıcı orta məktəblərimizdə pedaqoji ali
məktəblərimizin uyğun kafedralarının filialının
yaradılması, ali və orta təhsil pillələrinin
fəaliyyətinin sıx koordinasiyası, aparıcı
universitetlərimizin elmi potensialını və bazasını orta
məktəblərə yönəltməkdən ötrü ərazi üzrə məktəblərin
müvafiq universitetlərimizin baza məktəblərinə
çevrilməsi məsələsi də, fikrimizcə, çoxdan gündəlikdə
durmalıdır. Bütün dünyada geniş yayılmış bu təcrübə
təhsilimizə ciddi xeyir gətirə bilər.
7. Ayrı-ayrı təhsil şöbələri, universitetlər tərəfindən
dəstəklənən şagird konfranslarına ənənəvi illik
respulika şagird elmi konfransı statusu vermək lazımdır.
Bu tədbir respublikamızın elmi potensialının orta
məktəblərə ünvanlanmasına, orta və ali təhsil pillələri
arasında əlaqələrin genişlənməsinə, yuxarı sinif
şagirdlərinin düzgün peşəyönümünə xidmət etməklə
yanaşı, istedadlı orta məktəb məzunlarımızın xarici
universitetlərə axınının qarşısını ala bilər.
Digər tərəfdən, hazırda fənn kurikulumlarının
tələblərinə görə, şagirdlərin öz bilik, bacarıq və
vərdişlərini nümayiş etdirməsi müasir dərsin əsas
qayəsidir. Hər hansı interaktiv (müasir) dərsin
strukturunda "Yaradıcı tətbiqetmə" mərhələsinə ciddi
önəm verilir. Müxtəlif səviyyələrdə, xüsusən də
universitetlərin təşkilatçılığı ilə keçirilən şagird
elmi konfransları əsl yaradıcı tətbiqetmə meydanı,
şagird elmi layihələrini təqdimetmə kürsüsü rolunu
oynayar.
8. Yuxarı sinif şagirdlərinin tam orta təhsil pilləsində
diferensiallaşdırılmış tədris proqramları, planları və
dərslik vəsaitləri ilə məşğul olmaları üçün ali
məktəblərimizin və AMEA-nın ayrı-ayrı institutlarının
elmi potensialının və maddi-texniki bazasının orta
məktəblərə yönəldilməsi. Burada söhbət təkcə
elmi-metodiki dəstəkdən getmir, ali məktəblər və
elmi-tədqiqat institutları öz bazasını yuxarı sinif
şagirdlərinin istifadəsinə verməyə hazır olmalıdırlar.
AMEA-nın prezidenti, hörmətli akademikimiz Akif
Əlizadənin müəllimlər qurultayında söylədiyi fikirlər
buna hamımızda əminlik yaradıb.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı
"Fəaliyyət Planı"nın 1-ci bölməsində ölkə ali təhsil
müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə
çevrilməsi, 3-cü bölməsində universitetlər üçün
kampusların yaradılması, 5-ci bölməsində dövlət büdcəsi
vəsaitindən istifadə olunmadan məqsədli kapital
fondlarının yaradılmasının stimullaşdırılması nəzərdə
tutulur. Fikrimizcə, paytaxtda və iri şəhərlərimizdə
müxtəlif yönümlü universitetlərin bazasında yaradılacaq
təhsil-tədqiqat-innovasiya mərkəzləri və kampuslara
təmayüllü lisey və gimnaziyalarımızın şaquli və üfiqi
inteqrasiyası barədə ciddi düşünməliyik. Bu inteqrasiya
və koordinasiya məsələlərinə hazırlığa "Fəaliyyət
Planı"nda göstərilən müddətləri gözləmədən start
verməliyik. Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu Himayədarlar şurasının yaradılacaq
təhsil-tədqiqat-innovasiya mərkəzləri və kampuslarda
yaradıcı gənc nəslin tərbiyəsi və formalaşdırılmasına
xidmət edə bilən Bilim mərkəzlərinin təşkilinə dəstək
verəcəyinə inanırıq.
9. Bölgələrdə və elə paytaxta yaxın ərazilərdə yerləşən
qaçqın məktəblərinin aparıcı Bakı məktəblərinin və
universitetlərimizin himayəsinə verilməsi və onlarla
tərəfdaşlığın təmin olunması da vacibdir. Bu yönümdə
Bakı Slavyan Universitetinin və son bir ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun
fəaliyyəti diqqəti cəlb edir. İstedadlı şagirdlərin elmi
konfrans və layihələrə, məktəblərin isə "Qardaşlaşmış
məktəblər" layihəsinə qoşulmasına dəstək, alimlərin,
diplomatik korpusların nümayəndələrinin bölgələrin
ümumtəhsil müəssisələrinə göndərilməsi, rayon məktəbləri
şagirdləri üçün videomühazirələrin təşkili gözəl
təşəbbüsdür.
Bu il möhtərəm Prezidentimizin təşəbbüsü ilə yuxarı
sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" layihəsi
reallaşdı. Universitetlərimiz bölgələrin icra
hakimiyyətləri ilə birgə analoji "Universitetlərimizi
tanıyaq" layihəsi təşəbbüsündə olsalar, bundan yaxşı
faydalanarlar. Məncə, intensiv fəaliyyəti ilə seçilən
Bilik Fondu bu layihənin koordinatoru ola bilər. Bu, həm
də ötən dərs ilinin sonunda Təhsil Nazirliyi tərəfindən
universitetlərə tövsiyə olunan "İxtisas seçimi"
layihəsinin gerçəkləşməsinə xidmət edər.
10. Son illər sinif otaqlarına test vəsaitlərinin fəal
yol tapması, müəllimlərin özlərinin də repetitorluğa
meyilliyinin çoxalması xüsusən yuxarı siniflərdə
şagirdlərin sinifdənxaric oxu və yazılı nitq
vərdişlərinin zəifləməsinə səbəb olduğundan bu sahədə
ciddi addımlar atmaq zərurəti gündəmə gəlib. Hörmətli
nazirimizin dəstəklədiyi "110 kitab layihəsi" buna bariz
sübutdur. Fikrimizcə, fakültativ və fərdi məşğələlərdən
birinə dərs statusu verməklə "Sinifdənxaric oxu və bədii
qiraət" fənninin tədrisinə ehtiyac yaranıb. Nəzərə alsaq
ki, "Ədəbiyyat" kurikulumunun tətbiqi məktəblər üçün
vahid "Ədəbiyyat" proqramını istisna edir və hələ ki, bu
fənn üzrə dərsliklər yazan müəlliflərə əsərlərin təxmini
və ya dəqiq siyahısı ilə bağlı hər hansı bir tövsiyə
edilməyib, bu şəraitdə yuxarıda verdiyimiz təklifin
gündəliyə gəlməsi başadüşüləndir. Elə qonşu Rusiyada da
prezident tərəfindən orta məktəblər üçün bədii ədəbiyyat
siyahısının təklif olunması təsadüfi deyil.
11. Orta məktəblərimizə əlavə təhsil xidmətləri
göstərmək hüququ verildiyindən dərsdənsonrakı vaxtlarda
hazırlıq kurslarının təşkili kütləvi repetitor
xidmətinin qarşısını ala və şagirdlərin əlavə
hazırlığının məktəb proqramına uyğun təşkilinə şərait
yarada bilər. Bu xidmətlərin təşkilində məktəblərə
təşkilati və maliyyə sərbəstliyinin verilməsi pedaqoji
kadr potensialının məktəb rəhbərliyi tərəfindən düzgün
istifadəsinə, müəllimlərin sosial şəraitinin
yaxşılaşmasına, eyni zamanda universitetlərin qabaqcıl
alimlərinin məktəb və liseylərimizin istedadlı
şagirdləri ilə məşğələlərə cəlb olunmasına xidmət edər.
12. Son günlər Təhsil Nazirliyinin təşəbbüsü ilə Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçiləri pedaqoji
ixtisaslar verən ali məktəblərimizin buraxılış kurs
tələbələri ilə görüşlər keçirir, hazırlıqlı məzunların
(söhbət xüsusilə rus bölməsinin "İbtidai sinif müəllimi"
ixtisasından gedir) məhz məktəblərə üz tutması üçün
universitetlərlə əməkdaşlıq etməyə çalışırlar.
Fikrimizcə, bu işin ardıcıl və sistemli şəkildə
aparılmasına böyük ehtiyac var; elə bu tədbirin özü də
Bakı təhsili və respublika universitetləri arasında
yaxşı bir körpüdür.
İcrası 2009-cu ildə tamamlanmış və istedadlı uşaqlara
qayğının artırılmasını hədəf götürmüş Dövlət Proqramında
aparıcı ölkə universitetləri nəzdində onların
təmayüllərinə uyğun lisey və gimnaziyaların təşkili
planlaşdırılsa da ali məktəblərimizin əksəriyyəti
vaxtında bu fürsətdən yararlana bilmədilər. Hazırda
Təhsil Nazirliyinin rəhbərliyi yenidən bu məsələni
gündəmə gətirdiyi bir şəraitdə Bakı Şəhəri üzrə Təhsil
İdarəsi ilə universitetlərimizin sıx əlaqələrinə ehtiyac
artır.
Fikir və mülahizələrimiz müasir şəraitdə ali və orta
təhsilimizin koordinasiyası üçün vacib olan bəzi
məsələlərə toxundu. Bu canlı və çoxcəhətli prosesin tam
əhatə olunması və praktiki şəkildə realizasiyası isə
yeni yanaşmalara və innovasiyalara qadir təcrübəli və
gənc mütəxəssislərin səylərinin bir məcraya
yönəldilməsindən çox asılıdır. |