London Universitet Kollecində bakalavr təhsili alan
Mədinə Quliyeva ilə söhbət
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
o.mustafayev@muallim.edu.az
Mədinə
Quliyeva 1994-cü il avqustun 10-da Bakı şəhərində
anadan olub. 2000-2007-ci illərdə Bakıdakı 292 nömrəli
tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə atasının
xarici ezamiyyətə göndərilməsi ilə əlaqədar olaraq orta
təhsilini Londondakı "Hollan Park" məktəbində davam
etdirib. 2012-ci ildə orta təhsilini başa vuraraq
London Universitet Kollecinə daxil olub. Hazırda
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Böyük Britaniyanın London Universitet Kollecində "Beyin
elmləri" ixtisası üzrə bakalavr təhsilini davam
etdirir. Orta məktəb illərindən xüsusi istedadı və
fəallığı ilə seçilən Mədinə təhsil aldığı ali məktəbdə
həm də elmi tədqiqatlarda iştirak edir. Onunla
söhbətimizə də orta məktəb illərindən başladıq.
London məktəbinini fəxri
Orta məktəbin bütün siniflərini əla qiymətlərlə başa
vurmuşam. Şəklim hər zaman məktəbin şərəf lövhəsində
yer alıb. Hər tədris ilini əla qiymətlərlə başa
vurduğuma və ictimai işlərdə fəal olduğuma görə
müdiriyyət tərəfindən diplomlarla təltif olunmuşam.
Rəsm çəkməyi, milli rəqslərimizi və şeir yazmağı çox
sevirəm. Azərbaycan və ingilis dillərində bir neçə
şeirim dövri mətbuatda dərc olunmuşdu. Bundan əlavə,
bədii gimnastika üzrə "Spartak" İdman Cəmiyyətinin
üzvləri arasında 3-cü, Bakı şəhəri üzrə isə 6-cı yerə
çıxmışam. Ü.Hacıbəylinin 120, R.Behbudovun 90, "Arşın
mal alan" filminin 60 illiyinə həsr olunmuş uşaq
rəsmləri müsabiqəsində iştirakıma görə sertifikata layiq
görülmüşəm. 2 dəfə rəsmlərim müsabiqənin kataloquna
daxil edilmişdir. Qarabağa həsr olunmuş ilk şeirim "Üç
alma" adlı uşaq jurnalının 3-cü nömrəsində çap
olunmuşdur.
Orta təhsilimin London hissəsində də uğurlarım olub.
Xarici dilə tez yiyələndiyimə və riyaziyyatdan
keçirilən müsabiqənin qalibi olduğuma görə Londondakı "Hollan
Park" Məktəbi tərəfindən fəxri fərmanla təltif
olunmuşam. İki dəfə "Perfect tense" mükafatına layiq
görüldüm və şəklim məktəbin hollunda şərəf lövhəsində
asılıb. 2008-ci ildə London İmperial Kolleci (Imperial
College London) tərəfindən düzənlənmiş robot
yarışmasında dostlarımla hazırladığım daşıyıcı robot
ali məktəb üzrə 3-cü yerə layiq görülüb. İncəsənət
dərsi üçün hazırladığım layihələrdəki əsərlərimin çoxu
məktəbin sərgi zalında yer aldıgı və hər zaman maraqla
qarşılandığına görə Londondakı "PrinceTs Drawing School"un
sagirdi olmağa dəvət edilmişəm. Hazırda London
Universitet Kollecində "Beyin elmləri" üzrə bakalavr
təhsili alıram.
"Yaxşı oxumalı və yaxşı mütəxəssis olmalıyam"
İxtisas seçimimdə valideynlərimin böyük rolu olub.
Xüsusən də anam və xalam mənim həkim olmağımda təkid
edirdilər, seçdiyim neyrologiya ixtisasını da mənə
onlar sevdirib. Onların dəstəyi və dəyərli
məsləhətləri ilə Azərbaycanın xaricdə təhsil almış
yüksək ixtisaslı neyro-cərrahlara ehtiyacı olduğunu
öyrəndim və insanlara bu sahədə yardım etmək
istədim. Xaricdə təhsil almaq arzumu reallaşdırmaq üçün
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın seçim
prosesində iştirak etdim və təqaüdə layiq görüldüm.
Sevincimin hədd-hüdudu yox idi. Xaricdə, dünyanın ən
nüfuzlu ali məktəblərindən birində təhsil almaq arzumun
reallaşması ilə əlaqədar dövlətimə, dəstək və
qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə
çox minnətdaram.
Dövlət Proqramının iştirakçısı olan bir tələbə kimi
anlayıram ki, yaxşı oxumalı və yaxşı mütəxəssis
olmalıyam. Prezidentimizin "biz maddi sərvətimizi
insan kapitalına çevirməliyik" konseptual proqramını
biz gənclər həyata keçirməliyik. Bu prosesdə
gənclərin fəallığını yüksək qiymətləndirirəm. Bütün
dünyada olduğu kimi, ölkəmizin təhsil sistemində
keyfiyyət dəyişiklikləri baş verir və yeniliklərə,
aparılan islahatlara münasibətim çox müsbətdir.
"Ölkəm üçün təbii ki, darıxıram"
Təhsil həyatım çox intensiv keçir. Asudə vaxtım, demək
olar ki, yox dərəcəsindədir. Dərslərimlə yanaşı,
rəqslərə ("Salsa", Tanqo, modern və stepdans)
gedirəm. Lal dilini öyrənirəm. İngiltərə mühitinə
adaptasiya olmaq həm asan, həm də çətindir. Təbii ki,
ölkəm üçün darıxıram. Gözəl Bakımız, Novruz tonqalı,
buta kimi küləklərə baş əymiş sam ağacları, muğam,
doğmalarım üçün darıxıram.
Britaniyalıların zəngin mədəniyyəti, ədəbiyyatı,
incəsənət və tədris-təhsil ocaqları nə qədər yaxşı olsa
da, bizim insanlar qədər yaxşı ola bilməz. Ona görə də
xaricdə oxuyan tələbələr olaraq bir-birimizi axtarırıq.
"Xocalıya ədalət!" kampaniyasını dəstəkləyirik və
ölkəmiz barədə əsl həqiqətləri xaricilərə çatdırırıq.
Bundan əlavə, keçirdiyimiz bir çox digər
tədbirlərimizdə London İmperial Kolleci ilə yanaşı,
Böyük Britaniyanın digər universitetlərində təhsil alan
azərbaycanlı tələbələr də iştirak edirlər. Bu yaxınlarda
tələbələrimizin yaxından iştirakı ilə London İmperial
Kollecində çox yüksək səviyyədə Novruz Festivalı
keçirdik.
"Daha çox beyində baş verən biokimyəvi mexanizmlərlə
maraqlanıram"
"Beyin elmləri" üzrə bütün dünyada Harvarddan sonra
ikinci, Avropada isə birinci yerdə olan universitetdə
təhsil almaq qürurlandırıcı bir hissdir. Seçdiyim
ixtisas çox vacib və maraqlıdır. Daha çox beyində baş
verən biokimyəvi mexanizmlərlə maraqlanıram.
Apardığımız tədqiqatlardan mənim üçün ən maraqlısı "Bacteriophage
Lambda"nın (bakterial virus) genetik informasiyasının
kitabxanasını yaratmaq olub. Bu tədqiqat əvvəlki
illərdə çox vaxt aparsa da hazırda modern avadanlıqlar
sayəsində bir neçə həftədə aparıla bilər. "Puzzle" (intellektual
oyun) oynamağa bənzəyir, tam olan genetik informasiya
hissələrə (coloniler-bəzi təkhüceyrəli canlılar
bölündükləri zaman bir-birindən ayrılmayaraq sürü əmələ
gətirirlər, coloniler təkhüceyrəli canlılar ilə
çoxhüceyrəli canlılar arasında keçid formasıdır) bölünür
və bu hissələrdən istifadə edərək bölünən genetik
informasiyanın kitabxanası yaradılır. Sənətimi
həqiqətən də çox sevdiyimi 2014-cü ildə Ankarada
keçdiyim praktiki təcrübə zamanı anladım. İstərdim ki,
uğurlu beyin əməliyyatları vətənimdə də olsun. Ancaq
elmi tədqiqatlar olmadan bu sahədə irəliləmək
qeyri-mümkündur.
"Məni elmi tədqiqatlara cəlb edən dünya şöhrətli
professorlar var"
Universitetdə məni elmi tədqiqatlara cəlb edən dünya
şöhrətli professorlar var. Onların arasında Londondakı
Beynəlxalq Neyrocərrahiyə Mərkəzinin qurucusu və
rəhbəri, London Kral Cəmiyyətinin üzvü, professor Henri
Marşı xüsusi qeyd etmək istərdim. H.Marş 40 ildən
artıqdır ki, dünyada beyin şişlərinin aradan
qaldırılması üzrə ən unikal əməliyyatlara rəhbərlik edib.
Professor öz tələbələri ilə ən çarəsiz xəstələri həyata
qaytarıb.
Dərsə, imtahana fərdi şəkildə hazırlaşmağa üstünlük
verirəm. İmtahan, seminar, mühazirələr burada qədim
Avropa ənənələrinə söykənir, ali təhsil ocağında
demokratik yanaşma hökm sürür, mütaliə etmək üçün geniş
imkanlar yaradılmışdır. Böyük Britaniyada təhsil
islahatları ləng gedir. Bu ölkənin təhsil sisteminin tam
təkmilləşdiyini deyə bilərik.
"Təhsilimi tibb üzrə magistr dərəcəsində davam etdirmək
istərdim"
Britaniyanın ən nüfuzlu ali məktəblərindən birinin
azərbaycanlı tələbəsi kimi mənim bir amalım var -
vətənə və xalqıma xidmət etmək. Bunun üçün yeni
ixtisasa yiyələnmək, daha dəqiq, məqsədyönlü, vətənə
lazım olan ixtisas seçilməlidir. Xaricdə oxumaq və
təhsil almaq müsbət haldır. Atalar demişdir: "Çox
yaşayan çox bilməz, çox gəzən, çox görən və çox oxuyan
çox bilər". İstərdim ki, ingiltərəli tələbələr təcrübə
almaq üçün Almaniyaya, ABŞ-a deyil, bizim ölkəmizə,
milli onkologiya mərkəzimizə gəlsinlər.
Planlarım - təcrübələr, laboratoriya işləri, elm və yenə
elmdir. Təhsilimi nanotexnologiya və bərpa tibbi üzrə
magistr dərəcəsində davam etdirmək istərdim. Bu, çox
yeni sahədir, bəzən orqan mühəndisliyi kimi də
adlandırılır, əsas məqsədi nanotexnologiyadan və 3D
printerlərdən istifadə edərək orqan yaratmaqdır. |