Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

 Tələbələrin informatika üzrə respublika olimpiadasının birinci mərhələsi keçirilib

 

Aprelin 6-da Qafqaz Universitetində Heydər Əliyev Fondu, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadasının birinci mərhələsi keçirilib.  

17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın açılış mərasimində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə rəhbərliyi tərəfindən prioritet sahələrdən olan informasiya-kommunikasiya texnologiyalarının  inkişafına daim diqqət göstərildiyini və bu istiqamətdə tədbirlərin reallaşdırıldığını bildirib. Qeyd edib ki, gənc nəsil bu işlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu baxımdan, tələbələrin biliklərinin tətbiqi üçün böyük imkanlar yaradan və ölkəmizdə gələcək kadr potensialının yetişməsinə xidmət edən bilik yarışmalarının təşkili təqdirəlayiqdir.

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç çıxışında universitetlərinin 2007-ci ildən keçirilən informatika olimpiadalarına ev sahibliyi etməsindən məmnun olduqlarını bildirib.

Münsiflər heyətinin sədri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə olimpiadanın şərtləri barədə məlumat verib. Bildirilib ki,  bilik yarışında iştirak etmək üçün ali təhsil müəssisələrindən 63 komanda  qeydiyyatdan keçib. Onlardan 56-nın  qeydiyyatı təsdiqlənib. O, yarışma zamanı komandalara kompüterdə 5 saat ərzində 10 alqoritmik məsələnin proqramlaşdırılması tapşırığının verildiyini, məsələlərin həllinin onlayn avtomatik qiymətləndirmə sistemi vasitəsilə yoxlanılacağını diqqətə çatdırıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və başqaları bilik yarışmalarının İKT üzrə innovativ təfəkkürə malik istedadlı gənclərin müəyyənləşdirilməsi, onların ölkəmizdə bu sahə ilə bağlı həyata keçirilən layihələrə cəlb olunmasına və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmələrinə imkan yaratdığını vurğulayıblar.

Sonra olimpiadanın birinci mərhələsi keçirilib. İlk mərhələdə 14 ali təhsil müəssisəsindən hər birində 3 tələbə olmaqla 50 komanda iştirak edib. Müsabiqədə Bakı ilə yanaşı, Gəncə, Naxçıvan və Sumqayıtdakı ali təhsil müəssisələri də öz komandaları ilə təmsil olunublar.

Olimpiadanın final mərhələsi aprelin 26-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək. Qaliblər "HP" şirkətinin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov