Aprelin 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Magistrantlar Şurası nəzdində fəaliyyət
göstərən "Disput klub" magistrlər, doktorant və gənc
tədqiqatçıların iştirakı ilə "Elmi-tədqiqat işinin
aktuallığının əsaslandırılması" mövzusunda seminar
keçirib. Seminarda III kurs magistr tələbələri
Zəminə Abdullayeva "Azərbaycan etnomusiqişünaslığının
təşəkkülü və əsas inkişaf mərhələləri", Leyla Cumayeva
"Kiçik həcmli muğamların məzmun-intonasiya
xüsusiyyətləri", Günay Abbasova "Fortepiano süita
janrının təşəkkülü və əsas mərhələləri" və Coşqun
Beydullayev "Azərbaycan şifahi ənənəli professional
musiqisinin inkişafında Bakı muğam məktəblərinin rolu"
mövzusunda məruzələr ediblər. Seminarın fəxri qonağı
olan Azərbaycan Milli Elmlər Akademiyasının Elmi işlər
üzrə direktor müavini, sənətşünaslıq üzrə elmlər
doktoru, professor, əməkdar incəsənət xadimi Kübra
Əliyeva maraqlı məsləhətlər verərək tələbələrin
suallarını cavablandırıb.
Tədbirdə "Dizayn sənətinin tarixi və nəzəriyyəsi"
ixtisasında təhsil alan I kurs magistr tələbə Nəsimi
Əliyevin rəngkarlıq və qrafika əsərlərinin sərgisi də
olub. Universitetin professor-müəllim heyəti, magistr
və doktorantlarının iştirak etdiyi tədbirin sonunda I
kurs magistrləri Ədalət Behbudov (tar) və Pərviz
Fərhadov (kamança) IV Beynəlxalq muğam müsabiqəsinin
qalibi olduqları üçün Fəxri fərmanla təltif
ediliblər. |