Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2015 - №12

 

18 nömrəli Bakı Peşə Liseyinin növbəti xeyriyyəçilik tədbiri

 

Böyütmək üçün seçinTəhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan "Müasir Azərbaycan Peşəkarları" layihəsinin icrası başlanandan 18 nömrəli Bakı Peşə Liseyinin müəllim və tələbə kollektivi tərəfindən mütəmadi qaydada xeyriyyəçilik tədbirlərinin həyata keçirilməsi ənənə halını almışdır. Həmin tədbirlərdə tərəfdaş müəssisələr, o cümlədən də "Bərbər" ixtisası üzrə kadr hazırlığını aparan "Eldar Studio" şirkətinin daim yaxından iştirakı xüsusi önəm kəsb edir.

Aprelin 4-də liseyin 20 nəfərdən ibarət Tələbə Parlamentinin üzvləri, 10 nəfər "Bərbər" ixtisası üzrə təhsil alan yeniyetmənin və xeyli sayda kollektiv üzvlərinin də qatıldığı növbəti xeyriyyəçilik tədbiri baş tutmuşdur. Əvvəlcədən aparılmış danışıqlar və görülmüş hazırlıq işlərinin yekununda Səhiyyə Nazirliyinin Həzi Aslanov qəsəbəsində yerləşən 4 saylı Uşaq Vərəm Sanatoriyasında yaşayan 40-dan artıq xəstə uşaqla görüş təşkil olunmuşdur.

İlk öncə bütün uşaqlara hədiyyələr verilmiş, lisey tələbələrinin hazırladıqları uşaq kompozisiyası - nağıl, rəqs proqramı göstərilmiş, viktorinalar keçirilmişdir. Sonra "Aşpaz" ixtisası üzrə təhsil alan bir qrup tələbə tərəfindən uşaqlara nahar süfrəsi və şirniyyat stolu açılmışdır. Liseydə "Bərbər" ixtisasına yiyələnən yeniyetmələr bütün uşaqlara bərbər xidmətləri göstərmiş, onlar üçün maraqlı saç düzümləri etmişlər. Uşaq Vərəm Sanatoriyasına zəruri dərman preparatları, ilk tibbi yardım üçün materiallar, uşaq bezləri, geyim dəyişikləri və sair bu kimi gündəlik tələbat malları da təqdim edilmişdir. 7 saata yaxın müddət ərzində xəstə uşaqlarla qurulmuş bu təmaslar onların böyük marağına, sevincinə səbəb olmuşdur. Müəllim və tələbələrin uşaqlarla xatirə şəkilləri çəkilmiş, sosial şəbəkələrdə ətraflı məlumatlar, eləcə də liseyin internet saytında (18-bpl.com) foto və video xülasələr yerləşdirilmişdir. Göstərilmiş qayğıya və bu cür təşəbbüslərə görə sanatoriya rəhbərliyi liseyə və Təhsil Nazirliyinə öz səmimi minnətdarlıqlarını bildirmişdir.

Qeyd olunmalıdır ki, 18 nömrəli Bakı Peşə Liseyində "Bərbər" ixtisası üzrə təhsil alan tələbələr artıq 3 dəfə Buzovna qəsəbəsində yerləşən 8 saylı sanatoriya tipli internat məktəbində təhsil alan 280 nəfərə, eləcə də digər 2 internat məktəbinin 200 nəfər valideyn himayəsindən məhrum olmuş uşaqlarına bərbər xidmətləri göstərmişlər. Həmin tədbirlərin davamlı xarakter daşıması üçün Təhsil Nazirliyinin aidiyyəti strukturları tərəfindən liseyə lazımi dəstək verilir. Bu cür fəaliyyətin xeyriyyəçilik kimi mənəvi dəyəri ilə yanaşı, liseydə təhsil alan tələbələrin - cəmiyyətin sabahkı üzvlərinin, müstəqil həyata qatılacaq gənclərin, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulduğu kimi, müasir tərbiyə konsepsiyası ruhunda inkişafına da son dərəcə pozitiv təsiri xüsusi vurğulanır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov