Aprelin
8-də Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının
növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti
üzvləri, ali təhsil müəssisələrinin rektorları, BDU Elmi
Şurasının üzvləri, tanınmış alimlər və KİV
nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə
universitetin rektoru, akademik Abel Məhərrəmov açıb.
Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi
kadrların hazırlanması, elmi potensialın
gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə
olunmasının vacib məsələlərdən olduğunu bildirib. Rektor
elmin inkişafını xalqın gələcəyini təyin edən əsas
amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin
elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan
danışıb, bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini
verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı
dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını
söyləyib.
İclasda 2014-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat
işləri haqqında Elm və innovasiyalar üzrə prorektor,
AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadənin
hesabatı dinlənilib. Məlumat verilib ki, Bakı Dövlət
Universitetinin 17 fakültəsinin 127 kafedrasında, 2
elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində
və 24 elmi-tədqiqat laboratoriyasında elmin müxtəlif
istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli
tədqiqatlar aparılır.
BDU əməkdaşları tərəfindən 14, o cümlədən BDU-nun
sahibliyi ilə 8 patent alınıb.
Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin
genişlənməsi və inkişafına da mühüm yer ayırır. Hesabat
ilində respublikada və xarici ölkələrdə fəaliyyət
göstərən 36 elmi təşkilat və ali təhsil müəssisəsi ilə
anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi |