"Mənim universitetim" layihəsinin budəfəki hədəfi
Naxçıvan Dövlət Universitetidir
Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
Naxçıvan
Dövlət Universiteti (NDU) 1967-ci ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun (ADPİ) Naxçıvan filialı kimi
fəaliyyətə başlayıb. 1972-ci ildə ADPİ-nin Naxçıvan
filialının bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu
yaradılıb. Azərbaycan SSR Nazirlər Sovetinin 29 dekabr
1990-cı il tarixli qərarı ilə Naxçıvan Dövlət Pedaqoji
İnstitutu Naxçıvan Dövlət Universitetinə çevrilib.
Ümummilli lider Heydər Əliyevin 12 iyun 2002-ci il
tarixli sərəncamı ilə NDU-ya yüksək özünüidarə statusu,
muxtariyyət hüququ verilib. Hazırda universitetdə 12
fakültədə, bakalavr səviyyəsi üzrə 58 ixtisas və
magistratura səviyyəsi üzrə 39 ixtisaslaşma üzrə 5349
nəfər tələbə təhsil alır. 12 ölkədən 350 nəfər xarici
ölkə vətəndaşı bu universitetin tələbəsidir.
2014-2015-ci tədris ilində NDU-ya 1091 nəfər tələbə
qəbul olub. Universitetin bakalvr məzunlarından 74
nəfəri NDU-ya, 12 nəfər isə Azərbaycanın digər ali
məktəblərində magistraturaya qəbul olublar. 34 tələbə
"Gələcəyin müəllimi" təqaüdü alır. Universitetdə 9
nəfər AMEA-nın həqiqi üzvü, 5 nəfər AMEA-nın müxbir
üzvü, 38 elmlər doktoru, 179 fəlsəfə doktoru, 28
professor, 111 dosent, 194 elmi dərəcəsi olmayan, 88
tədris-köməkçi heyət üzvü çalışır. 2014-2015-ci tədris
ili üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında
ölkə üzrə ali məktəbə qəbul olan ən yaşlı tələbə bu
universitetdə təhsil alır. 2013-cü ildən universitetə
biologiya üzrə elmlər doktoru, professor, AMEA-nın
müxbir üzvü Saleh Məhərrəmov rəhbərlik edir.
Maddi-texniki baza
Naxçıvan
Dövlət Universitetində 11 tədris korpusu və 1
xəstəxana, Elektron Kitabxana, Qonaq evi fəaliyyətdədir.
NDU-da həmçinin konservatoriya, universitet klinikası,
Olimpiya idman mərkəzi, 2 stadion, Botanika bağı və
müasir tipli tələbə evi yerləşir. Azərbaycan ali təhsil
sistemində ilk dəfə olaraq tələbələr üçün üçmərtəbəli
Tələbə Sosial Xidmət Mərkəzi, müasir tipli universitet
qonaq evi tikilib.
Tələbələrin sağlam həyat tərzi keçirmələri üçün 2
qapalı və 2 açıq idman meydançası vardır. 42 ədəd
elektron lövhəli siniflə yanaşı 14 otaqda internet
mərkəzi, 61 auditoriyada proyektorlar quraşdırılıb.
Universitetdə iki informasiya-texnologiya
laboratoriyası var. İşlək kompüterlərin sayı 730
ədəddir, bunlardan 360-ı internetə qoşulub. 2015-ci
ildə universitetdə informasiya - texnologiya
mərkəzinin açılışı olub. Bununla əlaqədar 350 ədəd
fərdi kompüter, 16 ədəd elektron kürsü və
proyektor, 18 ədəd kamera və 18 ədəd geniş ekranlı
televizor quraşdırılıb ki, foyelərdə qoyulan
monitorlarla universitetin bütün informasiyalarının
ötürülməsini təmin etmək, siniflərdə açıq və video
dərslərin, elektron imtahan siniflərində isə
dərslərin və imtahanların gedişinə, həmçinin
korpuslarda mühafizə kameralarının hamısına nəzarət
edilir. Universitetdə 3 internet mərkəzi, nəşriyyat,
media mərkəzi, televiziya studiyası və bir neçə muzey
var. "Fikir" informasiya bülleteni, "Yeni fikir" qəzeti
nəşr olunur. Naxçıvan Dövlət Universitetində Wi-Fi
kampus simsiz internet şəbəkəsindən istifadə olunur.
Bu
ilin əvvəlində universitetdə "Elektron təhsil şəbəkəsi
və rəqəmsal multimedia infrastrukturu" layihəsinin
açılışı olub. Mərkəz kamera-müşahidə, server, texniki
təminat, direktor və mühəndis otaqlarından ibarətdir.
Yeni quraşdırılan "CİSCO" markalı 202 İP telefondan
ibarət vahid telefon şəbəkəsi universitetin bütün
qurumları arasında sürətli və asanlaşdırılmış
kommunikasiyanın təmin olunmasına imkan yaradır. Layihə
çərçivəsində tələbə və müəllimlərin kodlaşdırılması
aparılmış, tələbələr üçün 14 min ədəd ID tələbə bileti,
müəllimlər üçün 2000 ədəd ID kart hazırlanıb. 9 ədəd
yeni kompüter internet şəbəkəsinin və universitet
saytının idarə edilməsi üçün nəzərdə tutulub. Server
otağındakı 8 ədəd "HP" markalı server universitetin
professor-müəllim və tələbə kontingenti haqqında
məlumatların, tədrisə aid bütün sənədləşmə işləri və
müəllimlərin elektron imzalarının, elektron
imtahanların, distant təhsilin və müəllimlərin mühazirə
kontentləri video və slayd şəklində yerləşdirilib, bütün
məlumatların elektron arxivlənməsi üçün 20 illik arxiv
serveri nəzərdə tutulub.
"Universitet" televiziyasında yaradılan yeni
infrastruktur videodərslərin hazırlanmasına və distant
tədrisin tətbiqinə də imkan verəcək. Bu məqsədlə
"Universitet" televiziyasına 2 televizor, 5 yaxa və 2
masaüstü mikrofon dəsti, 6 səsgücləndirici, 1 montaj
kompüteri, 2 videokamera və 12 projektor verilib,
virtual studiya quraşdırılıb. Yeni qurulmuş sistem
idarəetmə, server otağından və studiya otaqlarından
ibarətdir. Sistemin qurulmasında əsas məqsəd
universitetdə distant təhsilə keçid və elektron
universitetin yaradılması ilə bağlıdır. İdarəetmə
otağında kontentlər - videodərslər xüsusi proqram
vasitəsilə "HD" formatda çəkilib yaddaşa yazılır,
universitetin internet portalındakı müəllim üçün
ayrılmış elektron mühazirə bölməsinə yerləşdirilir.
Hazırda "Universitet" televiziyasının və "Nuhçıxan"
radiosunun Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal
formatda yayımına başlanılıb.
Universitetdə
baytarlıq ixtisası üçün yeni üç mərtəbəli bina inşa
edilib. Binanın xarici və daxili müasir dövrün
tələblərinə və ixtisasın profilinə uyğun qurulub.
Birinci mərtəbədə baytarlıq klinikası, diaqnostik
laboratoriya, vivarium, süni mayalanma laboratoriyası,
baytarlıq apteki yerləşir. İkinci mərtəbədə bakterioloji
laboratoriya və əkmə otağı, parazitologiya, fiziologiya
və biokimya, arıçılıq problemləri, ekspertiza,
farmakologiya və toksikologiya laboratoriyası,
sterilizasiya otağının fəaliyyət göstərməsi nəzərdə
tutulub. Üçüncü mərtəbədə anatomiya muzeyi, sitologiya,
histologiya və embriologiya kabineti, patologiya
laboratoriyası, yemləmə, yetişdirmə və genetika
kabineti, elektron sinif və imtahanların qəbulu və
informatika dərslərinin tədrisi üçün kompüter sinfi
yerləşir. Əlavə olaraq, burada 70 nəfərlik akt zalı var.
Digər sahələr kimi, idman sahəsində də universitetin
maddi-texniki bazasının gücləndirilməsi diqqət
mərkəzindədir. 2014 - cü ildə 1 ədəd professional boks
rinqi, 2 ədəd tennis stolu, dəmir yolu ixtisası üçün
1 komplekt vaqonlar alınıb.
İmtahan sessiyası
2014-2015-ci
tədris ilinin payız semestrinin imtahan sessiyasının
şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə
2 istiqamətdə - ənənəvi qaydada (5 test 3 sual olmaqla)
və elektron test üsulu ilə (I, II və III kurslar üzrə)
hazırlıq aparılıb.
I, II və III kursları əhatə edən bütün imtahanların,
eləcə də fakültələrin müraciəti əsasında dördüncü
kursların bəzi imtahanları elektron qaydada götürülüb.
"Elektron test" layihəsinə əsasən bu üsulla qəbul
edilməsi müəyyən olunmuş semestr imtahanlarından hər
biri üzrə test bankına daxil etmək üçün 150 sual
hazırlanıb və sualların sayı 300-ə çatdırılıb, sual və
hər suala biri düzgün olmaqla 5 cavab yazılı qaydada
"Elektron təhsil" şöbəsinə təqdim edilib.
2014-2015-ci tədris ilinin payız semestrinin imtahan
sessiyasında bütün imtahanlar ilk dəfə olaraq 6 sinifdə
130 kompüterin vasitəsi ilə aparılıb. Ümumilikdə 991
semestr imtahanı elektron qaydada keçirilib.
Apelyasiya
komissiyası ilə yanaşı payız semestrinin imtahan
sessiyasının normal şəkildə, təlimatlara uyğun qaydada
keçirilməsini, yarana biləcək münaqişələrin obyektiv və
operativ həllini təmin etmək məqsədi ilə universitetdə
imtahan qərargahı və "Qaynar xətt" xidməti yaradılıb.
Daxil olan şikayətlər vaxtında və obyektiv
qiymətləndirilib.
Elmi
kitabxana
Universitetin kitabxanası 1968-ci ildən fəaliyyət
göstərir. Kitabxananın fondunda dünyanın 30-dan çox
dilində 200 minə yaxın ədəbiyyat saxlanılır. Kitabxana
20 ölkənin 35 universiteti ilə beynəlxalq informasiya
mübadiləsi aparır. Hazırda kitabxanada 6 şöbə, 11 fond
və 11 oxu zalı fəaliyyət göstərir. Kitabxana 15 min
oxucuya ümumi və ixtisaslaşdırılmış oxu zalları vasitəsi
ilə xidmət göstərir. 2013-cü ildən isə kitabxana
elektron kitabxana kimi fəaliyyətdədir. Kitabxananın
fəaliyyətinin əsas istiqamətini, kitabxana biblioqrafiya
proseslərinin avtomatlaşdırılması sistemlərinin tətbiqi
ilə oxuculara kitabxana xidmətinin müasir tələblərə
uyğun qurulmasını təmin etmək, oxuculara və
istifadəçilərə virtual rejimdə xidmət göstərmək üçün
elektron kitabxananın və elektron kataloqun məlumat
bazasının genişləndirilməsi təşkil edilir. "PROLİB"
avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə
sistemi yaradılaraq tətbiq olunur. Elektron kataloqun
bazalarında işlər bu proqram vasitəsi ilə həyata
keçirilir. Elmi Kitabxanada bu günədək 3500 adda 30.000
sayda kitabın elektron kataloqu yazılıb, 5000-dən artıq
kitabın isə tammətnli elektron versiyası hazırlanaraq
oxucuların istifadəsinə verilib. Elmi Kitabxananın bir
neçə korpusda filialları fəaliyyət göstərir.
Azərbaycanda
ilk dəfə olaraq NDU-da Universitet Elmi Şurasının 6 mart
1997-ci il tarixli qərarı ilə "Heydər Əliyev
Universiteti Kitabxanası" təşkil olunub. Bu, ümummilli
liderin həyat və dövlətçilik fəaliyyətini özündə əks
etdirən zəngin kitabxanadır. Burada 3000-dən artıq
kitab, jurnal, albom və s. qorunub saxlanılır.
Tibb Kitabxanası 2000-ci ildən fəaliyyət göstərir.
Burada tibb elminə dair müxtəlif dillərdə 7000-ə yaxın
ədəbiyyat var.
Magistratura üzrə dekanlığın kitabxanası 2011-ci ildən
fəaliyyət göstərir. Kitabxananın fondunda müxtəlif
dillərdə 2000-dən çox ədəbiyyat toplanıb.
Elmi Kitabxananın geniş oxucu kütləsi üçün
www.lib.ndu.edu.az ünvanında saytı yaradılıb.
Elmi-tədqiqat işləri
2014-cü ildə universitetin elmi-təşkilati strukturu 47
kafedradan və büdcədən maliyyələşən "Regionun inkişafı
problemləri" elmi-tədqiqat laboratoriyasından ibarət
olub. Universitet əməkdaşları 2011-2015-ci illər üçün
Universitet Elmi Şurası tərəfindən təsdiq olunmuş
layihəyə əsasən 21 elmi istiqamətdə elmi-tədqiqat işləri
yerinə yetirib. Belə ki, 2014-cü ildə elmi istiqamətlər
üzrə 35 kafedrada və "Regionun inkişafı problemləri"
elmi-tədqiqat laboratoriyasında 262 əməkdaş 22 problem
üzrə 257 mövzuda elmi-tədqiqatlar aparıb. Bütün
istiqamətlər, problemlər və mövzular AMEA Elmi
İnnovasiyalar Mərkəzinin yeni nəşr olunan bilik
sahələrinin universal iyerarxik təsnifatı olan
rubrikatoruna uyğun olaraq sıralanıb və həmin mərkəzdə
qeydiyyata alınıb. 2014-cü ildə NDU əməkdaşlarının 122
kitabı, o cümlədən 30 monoqrafiyası, 2 dərslik, 52 dərs
vəsaiti, 38 metodik vəsait və proqramı, 818 elmi
məqaləsi çap olunub, bunlardan 115-i xarici nəşrlərin
payına düşür. Xaricdə dərc olunan məqalələrin 10-u
Tomson Royter İnstitutu tərəfindən qəbul edilən Science
Citation İndex seriyasına daxil olan jurnallarda dərc
olunub. Həmçinin əməkdaşların 83 tezisi nəşr olunub və
məruzə edilib ki, onlardan da 40-ı xarici ölkələrin
payına düşür. Əməkdaşlardan 1 nəfəri elmlər doktoru
proqramı üzrə, 7 nəfəri isə fəlsəfə doktoru proqramı
üzrə müdafiə edib, 1 nəfər professor, 9 nəfər isə dosent
elmi adı alıb. 2 nəfər əməkdaş AMEA-nın müxbir üzvü
seçilib. 2013-cü ilin oktyabr- noyabr aylarında
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq
etdiyi plana əsasən Naxçıvan Dövlət Universitetində
doktorantura və dissertantura proqramları üzrə qəbul
aparılıb. Qəbulun nəticələrinə əsasən 7 nəfər fəlsəfə
doktoru proqramı üzrə doktoranturaya, 22 nəfər fəlsəfə
doktoru, 5 nəfər elmlər doktoru proqramı üzrə
dissertanturaya qəbul olunub. 2014-cü ildə Naxçıvan
Dövlət Universitetində 3 beynəlxalq, 5 respublika, 23
Muxtar Respublika və ya universitet səviyyəli elmi
konfrans və həmçinin 16 tələbə konfransı keçirilib.
Laboratoriyalar
Təməl tibb fənləri kafedrasında fiziologiya, biokimya,
mikrobiologiya laboratoriyaları, anatomiya, histologiya,
fiziologiya kabinetləri fəaliyyət göstərir. Fakültənin
tabeliyində olan klinik laboratoriyanın imkanlarından da
kafedraya aid praktik dərslərin keçirilməsində istifadə
edilir.
Botanika kafedrasının laboratoriya və kabinetləri.
Kafedranın nəzdində biokimya laboratoriyası və 4 fənn
kabineti fəaliyyət göstərir.
Bitki sistematikası kabineti
2 otaqdan təşkil olunub. Birinci tədris otağı
proyektorla təchiz edilib, 2-ci tədris otağında əyani
vəsaitlər olan yüzlərlə tablo və mulyaj saxlanılır.
Histologiya, embriologiya, sitologiya, genetika, kənd
təsərrüfatı və bitki anatomiyası kabinetlərində müxtəlif
tablolar, preparatlar və digər əyani vəsaitlər var.
Kafedranın həmçinin 1 rəqəmsal, 20-dən artıq müasir işıq
mikroskopu var.
Baytarlıq laboratoriyası.
Ən müasir texniki avadanlıqlarla təchiz olunmuş, bu
günlərdə istifadəyə veriləcək Baytarlıq klinikası,
diaqnostik laboratoriya, vivarium, süni mayalanma
laboratoriyasında baytarlıq ixtisasının tələbələri
təcrübi biliklərini artıracaq, ev heyvanlarında
xəstəliyin diaqnostikası, laboratoriya analizlərinin
həyata keçirilməsi, saylarının çoxaldılması ilə məşğul
olacaqlar.
Kimya kafedrasının laboratoriyası.
Kafedra kimya müəllimliyi, biologiya və əczaçılıq
ixtisasında təhsil alan bakalavrlara xidmət edir.
Yusif Məmmədəliyev adına elmi-tədqiqat kimya
laboratoriyası
1982-ci ilin yanvar ayında yaradılıb. Laboratoriya
müxtəlif cihazlar və reaktivlərlə təchiz edilib. Kimya
kafedrasının laboratoriya və kabineti nəzdində 6
tədris laboratoriyası və 1 fənn kabineti fəaliyyət
göstərir.
Zoologiya kafedrasının laboratoriyaları.
Zoologiya kafedrası nəzdində "İnsan və heyvan
fiziologiyası" laboratoriyası,"İnsan anotomiyası",
"Fiziologiya və biofizika", "Biologiyanın tədrisi
metodikası", "Biocoğrafiya və seçmə fənlər", "Arıçılıq"
kabineti, "Zoologiya muzeyi" açıq hava təcrübə sahəsi
mövcuddur.
"İnsan və heyvan fiziologiyası" laboratoriyasında
fizioloji təcrübələrin aparılması üçün lazım olan
avadanlıqlar və reaktivlər alınıb. Burada sinir-əzələ
fiziologiyası, mərkəzi sinir sistemi, qan, ürək-damar,
tənəffüs, həzm, maddələr və enerji mübadiləsi və s.
üzvlərin funksiyalarının fəaliyyəti araşdırılıb
öyrənilir.
Fiziologiya laboratoriyası
qanın fiziki-kimyəvi xassələrinin öyrənilməsinə,
sinir-əzələ sisteminə aid laborator dərslərinin
keçirilməsi üçün əyani vəsitələrlə təchiz olunub.
Biokimya laboratoriyasında fiziki-kimyəvi, biokimyəvi
analizlərə aid dərslərin keçirilməsi üçün hər cür şərait
vardır. Mikrobiologiya laboratoriyasında
mikroorqanizmlərin morfologiyasını öyrənmək üçün müvafiq
analiz işləri aparılır.
Kabinetlərin təchizatı da müvafiq dərslərin əyani
vasitələrlə təmin edilməsinə imkan verir. Anatomiya
kabinetini təbii, süni skeletlə, daxili orqanların
mulyajları, plakatları ilə təmin edilməsi dərslərin
normal səviyyədə keçilməsinə imkan verir. Histologiya
kabinetində müxtəlif orqan, toxumalara məxsus histoloji
kəsiklər, plakatlar dərslərin mikroskop və şəkillər
üzərində mənimsənilməsinə şərait yaradır. Fiziologiya
kabinetini orqanizmin bütün orqan - toxumalarının
funksiyalarını əks etdirən şəkillərlə təmin edilib.
Universitetin daxili imkanlarından əlavə bəzi dərslər
şəhər xəstəxanalarının laboratoriyalarında keçilir.
Regionun inkişaf problemləri elmi-tədqiqat
laboratoriyası
1992-ci ildən fəaliyyət göstərir. Laboratoriya Naxçıvan
regionunun zəngin maddi və mənəvi sərvətlərini, tarixi
keçmişini, sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı
məsələləri hərtərəfli şəkildə öyrənməklə məşğuldur.
Fizika-riyaziyyat fakültəsi nəzdində informatika
kafedrasının laboratoriyası.
Müasir tipli 8 kompüterin, elektron lövhə və
printerlərin olduğu bu laboratoriyada tələbələr dərsləri
İKT vasitəsilə əyani şəkildə keçirlər, müasir kompüter
proqramlarını, proqramlaşdırma dillərini öyrənirlər.
Fakültədə "Mexanika", "Molekulyar fizika", "Elektrik",
"Optika", "Yarımkeçiricilər" kimi tədrisyönlü
laboratoriyalar da fəaliyyət göstərir.
Memarlıq və mühəndislik fakültəsində NATO-nun "AzNET"
layihəsi əsasında "CİSCO" akademiyasının laboratoriyası
qurulub istifadəyə verilib ki, burada da tələbələr
internet şəbəkələrinin quruluşu və iş prinsipini
öyrənirlər.
Beynəlxalq əlaqələr
Naxçıvan Dövlət Universitetinin Amerika Birləşmiş
Ştatları, İngiltərə, Fransa, Türkiyə Cümhuriyyəti, İran
İslam Respublikası, Rusiya, Macarıstan, Misir Ərəb
Respublikası, Pakistan İslam Respublikası, Cənubi Koreya
Respublikası, Çin Xalq Respublikası, Avstriya və digər
ölkələrin universitetləri ilə əməkdaşlıq əlaqələri
mövcuddur. 82-dən çox dünya universiteti ilə elm və
təhsil sahəsində əməkdaşlıq müqavilələri var. Bundan
əlavə, "Mövlana mübadiləsi" proqramı çərçivəsində
Türkiyənin 40-dan çox universiteti ilə əməkdaşlıq
müqavilələri imzalanıb.
Universitet 2011- ci ildə "Erasmus Mundus" və "Erasmus
Humeria" layihələrinə qoşulub. Tədris ocağı həmçinin 7
Tempus layihəsinin də iştirakçısıdır.
2014-cü ildə Naxçıvan Dövlət Universiteti Mərakeş
Krallığının II Həsən Kasablanka, Rusiya Federasiyasının
Uxta Dövlət Texniki Universiteti, Azərbaycandakı Fransız
Universiteti, Şimali Kiprin Şərqi Aralıq Universiteti,
Polşanın Krakov İqtisad Universiteti ilə əməkdaşlıq
müqavilələri imzalanıb.
Universitetlərarası müqavilələrə əsasən 2014-2015-ci
tədris ilinin ilk semestrində 3 nəfər ingilis dili, 1
nəfər isə alman dili müəllimliyi ixtisası üzrə Şota
Rustaveli adına Batumi Dövlət Universitetində, rus dili
müəllimliyi ixtisası üzrə təhsil alan 3 nəfər tələbə isə
Rusiya Federasiyasının Penza Dövlət Universitetində
təhsillərini davam etdiriblər. Ötən semestri xaricdə
uğurla başa vuran tələbələr ictimai işlərdə də fəallıq
göstəriblər. "Erasmus-Mundus" proqramı beynəlxalq
münasibətlər ixtisaının IV kurs tələbəsi Ağalar Məmmədov
Çexiyada, ingilis dili müəllimliyi ixtisasının III kurs
tələbəsi Güllü Rəhimova isə Rumıniyada bir illik təhsil
almaq hüququ qazanıblar. 2012-2014-cü illərdə Naxçıvan
Dövlət Universitetinin doktorantlarından Şəhanə
Hüseynova kimya, Cəmilə Fərəcova German dilləri ixtisası
üzrə doktorantura təhsillərini Santiago de Compostela
(USC) Universitetində davam etdiriblər.
Universitet və mərkəzlər
Heydər Əliyev Universiteti.
1997-ci ildə yaradılan "Heydər Əliyev Universiteti"
tələbə gəncliyə müstəqil dövlətçiliyimizin ideoloji
aspektlərinin elmi əsaslarla aşılanması sahəsində
siyasi-mənəvi tərbiyə qurumu kimi çox səmərəli fəaliyyət
göstərir.
Burada ötən dövr ərzində 191 məşğələ keçirilib.
Heydər Əliyev Universitetində xarici ölkələrin
Azərbaycandakı səfirlərinin ulu öndərin həyatının və
siyasi fəaliyyətinin həmin ölkələrlə əlaqələrinə dair
mühazirələri təşkil edilir. Yaponiya, Çin, Cənubi
Koreya, Misir Ərəb Respublikası, Polşa, Macarıstan,
Rusiya Federasiyası və başqa ölkələrin səfirlərinin
Heydər Əliyev Universitetindəki mühazirələri maraqla
qarşılanıb. Qeyd edək ki, Heydər Əliyev Universitetinin
filmotekası və kitabxanası da var.
Atatürk mərkəzi.
1995-ci ildə Naxçıvan Dövlət Universitetində Atatürk
Araşdırma Mərkəzi yaradılıb. Məqsəd Türkiyə
Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyat
və fəaliyyətini dərindən araşdırıb öyrənməkdən, türk
dünyasının böyük öndərinin keçdiyi şərəfli yolun
timsalında Azərbaycanın yeni nəslində müstəqillik,
dövlətçilik, dünyəvilik, vətənpərvərlik kimi yüksək
mənəvi dəyərləri tərbiyə etməkdən ibarətdir.
NDU Atatürk Mərkəzi Türkiyə Cümhuriyyətindəki Atatürk
Kültür, Dil və Tarix Yüksək Qurumu ilə, bu quruma daxil
olan elmi-tədqiqat mərkəzləri ilə, həmçinin
Azərbaycandakı Atatürk Mərkəzi ilə əlaqələrin
yaradılması və inkişaf etdirilməsi vəzifələrini də
yerinə yetirir. Naxçıvan Atatürk Araşdırma Mərkəzi
2004-cü ildən Naxçıvan Dövlət Universiteti Atatürk
Mərkəzi adlandırılıb.
"Bilik" tədris-internet mərkəzi.
Bu mərkəz 2011-ci ildə istifadəyə verilib. Mərkəzin
fəaliyyətinin əsas istiqaməti ali məktəb daxilində
müəllim və tələbə heyətinə keyfiyyətli, yüksək sürətli
internet xidməti göstərməkdən ibarətdir.
İnformasiya-kommunikasiya texnologiyaları avadanlıqları
ilə təchiz olunmuş mərkəzdə asudə vaxtın səmərəli
təşkili və İKT sahəsindəki biliklərin artırılması
məqsədilə ofis proqramlarının tədrisi kursları da təşkil
olunur. Mərkəz 6 ədəd stolüstü kompüterlə, 7 ədəd
noutbukla və elektron lövhə ilə təchiz olunub. Mərkəzdə
bütün kompüterlər vahid idarəolunma sisteminə qoşulub.
Ernest Heminquey Mərkəzi
2002-ci ilin may ayında təsis edilən bu mərkəzdə 2003 -
cü ilin mayında Ernest Heminqueyin həyatı və
yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans
keçirilib.
Naxçıvan Dövlət Universitetinin Ernest Heminquey Mərkəzi
həm də muzey kimi fəaliyyət göstərir. Burada dünya
şöhrətli sənətkarın həyatı və yaradıcılığının ən
səciyyəvi məqamlarını əks etdirən çoxsaylı maraqlı
fotolar, nadir sənədlər, tərcümeyi-hal materialları
nümayiş etdirilir. Mərkəzdə filologiya ixtisası üzrə
təhsil alan tələbələr dünya ədəbiyyatına dair dərslər
keçirlər.
İnnovasiyaların ötürülməsi mərkəzi.
Bu mərkəz 2011-ci ildə universitetin tərəfdaş kimi çıxış
etdiyi "İnnovasiyaların işgüzarlığa çevrilməsində
universitetlərin rolunun artırılması" TEMPUS layihəsi
çərçivəsində istifadəyə verilib. Layihənin
konsorsiumunda Azərbaycan, Almaniya, Özbəkistan,
İspaniya və Portuqaliyadan olan ali təhsil müəssisələri
və biznes qurumları tərəfdaş kimi iştirak edir. Mərkəzin
fəaliyyət planının əsas istiqaməti regionun biznes və
sahibkarlıq qurumları ilə universitet arasında əlaqələri
möhkəmləndirmək, sahibkarları dünya alimləri tərəfindən
əldə edilən innovativ texnologiyalarla tanış etməkdir.
Mərkəzdə yerli və xarici mütəxəssislər tərəfindən
müxtəlif istiqamətləri əhatə edən kurslar da təşkil
olunur.
Koreya Mərkəzi.
2011-ci ildə istifadəyə verilən Cənubi Koreya Mərkəzində
Koreyanın dövlət atributları, milli musiqi alətləri,
eyni zamanda, ölkənin tarixini, milli mədəniyyətini,
ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən
elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasitələri
toplanıb. Mərkəzin müasir informasiya texnologiyaları,
Koreya dilində ensiklopediya, lüğət və digər məlumat
nəşrləri ilə təmin olunması diqqət mərkəzində
saxlanılır. Cənubi Koreyanın Rim Çenq Universiteti
Koreya Mərkəzinə tədris ləvazimatları, milli geyimlər və
musiqi alətləri bağışlayıb. 2012-2013-cü tədris ilindən
etibarən Naxçıvan Dövlət Universitetində Koreya dilini
öyrədən kurslar açılıb.
Media mərkəzi.
1991-ci ildə nəşrə başlayan "Fikir" adlı universitet
qəzeti milli-tarixi proseslərin işığında meydana çıxan,
Azərbaycan ali təhsil sistemində çap olunan ilk mətbuat
orqanı kimi xüsusi əhəmiyyət kəsb edir. 1997-ci ildə
universitet nəzdində "Qeyrət" nəşriyyatı yaradılıb.
Naxçıvan Dövlət Universitetinin 2000-ci ildən fəaliyyət
göstərən Mətbuat xidmətinin əsasında Mətbuat şöbəsi
2009-cu ildən etibarən uğurlu fəaliyyəti ilə
universitetlə KİV arasında əlaqələndirici rol oynayır.
2006-cı ildən ayrıca kanalda yayımlanması nəzərdə
tutulan Universitet televiziyası var.
2011-ci ilin aprelindən nəşrə başlayan "Yeni Fikir"
qəzeti, yeni yaradılan "Nuhçıxan" adlandırılan
universitet radiosu, yenidən qurulan universitet
televiziyası (UTV), əyani vasitələr, multimedia və
audio-vizual texniki imkanlarla zəngin televiziya və
radio tədris kabinələri, Mətbuat şöbəsi və jurnalistika
kitabxanasını özündə cəmləşdirən və ən nəhayət, bütün
görülən işlərin yekunu olaraq Media Mərkəzi açılıb.
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi.
İnformasiya-kommunikasiya texnologiyaları şöbəsi (İKT)
2009-cu ildə universitetin mövcud və gələcəkdəki
informasiya strukturunun etibarlı və müasir bir şəkildə
fəaliyyətini təmin etmək üçün qurulub. 2009-cu ildə
universitetdə "CİSCO texnologiyaları əsasında" bütün
universiteti əhatə edən lokal şəbəkə quraşdırılıb.
Universitet internetlə təmin olunan gündən bir çox
xarici universitetlərlə HD keyfiyyətli video
bağlantılar, telekörpülər qurulub.
Ali təhsil ocağının rəsmi internet səhifəsi yaradılıb.
Universitetin həyatında gündəlik baş verən bütün
dəyişikliklər internet səhifəsində yerləşdirilir.
Universitetin internet səhifəsi www.ndu.edu.az-dır.
Mərkəzdə universitet kollektivinin kompüter biliklərini
artırmaq üçün bir çox kurslar və seminarlar keçirilir.
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA)
universitetlə birgə həyata keçirdiyi "Naxçıvan Dövlət
Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal
multimedia infrastrukturunun yaradılması" layihəsi
əsasında KOİCA tərəfindən ayrılan 3 500 000 ABŞ dolları
həcmində vəsait hesabına Media Mərkəzi və
İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi müasir
tələblərə cavab verəcək səviyyədə yenidən qurulmuşdur.
Tələbə Hüquq Maarifləndirmə Mərkəzi
sosial idarəetmə və hüquq fakultəsinin hüquqşünaslıq
ixtisası üzrə tələbələrinin nəzəri biliklərinin daha da
möhkəmləndirilməsi, onların praktikada tətbiqi və digər
fakültələrin tələbələri arasında hüquqi maarifləndirmə
işinin aparılması məqsədilə yaradılıb.
Mərkəz hər tədris ilinin əvvəlində müxtəlif ixtisasların
tələbələri ilə söhbətlər aparır və fəal tələbələri öz
üzvlüyünə qəbul edir. Üzvlüyə qəbul könüllülük prinsipi
ilə aparılır. Təşkilat universitetin hüquqşünaslıq
ixtisası üzrə təhsil alan tələbələri üçün Naxçıvan
Muxtar Respublikası Vəkillər Kollegiyası ilə birlikdə
məhkəmə təlimlərinin təşkilini həyata keçirir.
Tələbə Turizm Assosiasiyası.
2011-ci ildən magistratura fakültəsinin nəzdində
fəaliyyət göstərən bu mərkəzdə turizmlə bağlı layihələr
işlənib reallaşdırılır, konfrans, seminar və forumlar
təşkil olunur. Burada digər turist qurumları ilə
əlaqələrin qurulması, beynəlxalq turizm layihələrinə
qoşulmaq istiqamətində də iş aparılır. Tələbə Turizm
Assosiasiyası tələbələrin Azərbaycanın zəngin təbii
sərvətləri, qədim tarixi, memarlıq abidələri,
mentaliteti, əlverişli coğrafiyası ilə tanışlıq
məqsədilə vaxtaşırı ekskursiyalar təşkil edir.
Azərbaycanşünaslıq mərkəzi.
Mərkəz 2012-ci ildə Azərbaycanın, o cümlədən Naxçıvan
Muxtar Respublikasının tarixini, mədəniyyətini, iqtisadi
əlaqələrini öyrənmək məqsədilə yaradılıb. Mərkəzdə
magistraturada tədris olunan "Azərbaycanşünaslıq" seçmə
fənni ilə bağlı ədəbiyyatlar, əyani vasitələr toplanıb.
Muzeylər
Universitet dünyası muzeyi
1997-ci ildə yaradılıb. İlk fəaliyyətinə 200 eksponatla
başlayan muzeydə hazırda minə yaxın eksponat qorunub
saxlanır. Burada toplanan sənədlər, fotoşəkillər, elmi
əsərlər, məqalələr, dəvətnamələr, elmi nailiyyətlərə
görə verilmiş mükafatlar və başqa eksponatlar elmi və
pedaqoji fikir tariximizin nadir yadigarları kimi
qorunur. Muzeyin universitetdə "Məktəb tarixi",
"Botanika", "İdman", "Təbii sərvətlər" adlı 4 filialı
fəaliyyət göstərir.
Botanika muzeyi
2003-cü ildə təşkil olunub. Muzey təbiətşünaslıq və kənd
təsərrüfatı fakültəsinin tərkibində fəaliyyət göstərir.
Muzeydə Naxçıvan Muxtar Respublikası ərazisində bitən
200-dən çox bitkinin herbarisi və həmin bitkilər
haqqında müvafiq elmi məlumatlar var. Burada dərman
bitkilərinə, həmçinin "Qırmızı kitab"a düşmüş bitkilərə
aid ayrıca bölmələr təşkil olunub.
Zoologiya muzeyi
2013-cü ildə tikinti işləri başa çatdıqdan sonra yenidən
təşkil edilib. Muzeydə Naxçıvan Muxtar Respublikasının
"Qırmızı kitab"ına daxil edilmiş və buraya daxil
edilməyən, lakin muxtar respublikanın faunasında mövcud
olan növlərin plakatları yaradılıb. Muzeydə müxtəlif
heyvan növlərinin müqəvvaları etiketlənərək tələbələrin
ixtiyarına verilib. Burada tələbələr texniki vasitə və
metodların köməyi ilə müxtəlif heyvan növlərinin təyini,
quruluşunu, yayılmasını araşdırır, bilik və
bacarıqlarını möhkəmləndirirlər.
Geologiya və minerologiya muzeyində
Naxçıvan Muxtar Respublikasının geoloji keçmişini,
onun poleocoğrafi şəraitini, təbii sərvətlərini,
geoloji inkişaf tarixini əks etdirən 400-dən artıq
mineral və suxur nümunələri əks etdirilir. Burada
texniki vasitə və metodların köməyi ilə tələbələr
müxtəlif mineralların tərkibini, kimyəvi və fiziki
xüsusiyyətlərini araşdırır, bilik və bacarıqlarını
möhkəmləndirirlər.
Məktəb tarixi muzeyi
1997-ci ildə məktəb tarixi kabineti adı ilə fəaliyyətə
başlayıb. 2007-ci ildən Məktəb tarixi muzeyi
adlandırılıb. Muzey əsas etibarı ilə məktəb və pedaqoji
fikir tarixində layiqli yer tutan ictimai-siyasi
xadimlər və pedaqoqların sənədləri əsasında yaradılıb.
Muzey pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün
əsas tədris mərkəzlərindəndir.
İdman muzeyi
2000-ci ildə yaradılıb. Muzey Pedaqoji fakültənin
tərkibində fəaliyyət göstərir. Bu muzeydə universitetin
idmançı tələbələrinin respublika, muxtar respublika və
beynəlxalq yarışlarda qazandığı kubok, fəxri fərman və
diplomlar nümayiş etdirilir.
Tələbə Həmkarlar Təşkilatı
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK)
öz nizamnaməsi və funksiyaları daxilində tələbələrin
dərsə davamiyyəti, nizam-intizam qaydalarına əməl
etməsi, onların sosial müdafiəsi, asudə vaxtının
səmərəli təşkili, iaşə xidmətinin yüksəldilməsi,
tələbələrlə tərbiyəvi söhbətlərin və mədəni-kütləvi
tədbirlərin keçirilməsi, qabiliyyətli tələbələrin aşkar
olunması və onlara köməklik göstərilməsi istiqamətində
ardıcıl fəaliyyət göstərir.
THİK dövlət gənclər siyasətinin prinsiplərini
reallaşdırmağa xidmət edir və fəaliyyətini əsasən bir
istiqamətdə qurub. THİK muxtar respublikada gedən
ictimai proseslərə fəal münasibət bildirməklə
universitetin ictimai həyatında yaxından iştirak edir.
Təşkilat həmçinin Tələbə evinə ehtiyacı olan tələbələrə
yer ayrılması barədə universitet rəhbərliyinə müraciət
edir, Tələbə evində yaşayanlar üçün orderlər tərtib edir
və təsdiqləyir, Tələbə evində intizam qaydalarına əməl
olunmasına nəzarət edir.
THİK universitetdə beynəlxalq tələbə həftəsinin
rəngarəng tədbirlərlə qeyd olunmasında da aparıcı rol
oynayır. THİK-in təşkilatçılığı ilə bir sıra
viktorinalar, intellektual oyunlar da keçirilir.
THİK öz idarə heyəti ilə universitetin 480 nəfərlik
Tələbə evinə nəzarəti həyata keçirir. Burada yaşayan
tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün
şərait yaradılıb. THİK buradakı 20 nəfərlik oxu zalında
mütaliə gecələri, kitab müzakirələri keçirir, tələbələri
müasir informasiya-kommunikasiya texnologiyalarından,
sürətli Wi-Fi internet şəbəkəsindən istifadəyə cəlb
etməklə onların elmi biliklərinin, dünyagörüşlərinin
artırılmasına xidmət edir. THİK idarə heyətinin üzvləri
muxtar respublika və ümummuniversitet tədbirlərinin əsas
təşkilatçıları və fəal iştirakçılarıdırlar. THİK-in
təşəbbüsü ilə Tələbə evində əlamətdar tarixi günlərə,
milli bayramlara, Azərbaycan tarixində baş verən faciə
və soyqırımlara həsr olunmuş müxtəlif səpgili
tədbirlərin, disputların keçirilməsi və filmlərin
göstərilməsi və müzakirələri, Naxçıvan Muxtar
Respublikasının görməli yerlərinə, tarixi-mədəniyyət
abidələrinə, muzeylərinə, istehsalat və sənaye
müəssisələrinə ekskursiyaların keçirilməsi ənənə halını
alıb.
Müxtəlif idman tədbirləri də THİK-in təşəbbüsü ilə
reallaşdırılır.
Sağlam bədəndə sağlam ruh olar
Hazırda universitetdə tələbələrin fiziki tərbiyəsi ilə
məşğul olan Fiziki tərbiyə və idman oyunları, Bədən
tərbiyəsi və idman kafedraları və Tələbə idman klubu
fəaliyyət göstərir.
Hər il sentyabr-oktyabr aylarında I kurs tələbələri
arasında idmanın müxtəlif növləri üzrə seçmə yarışlar
keçirilir. Bu yarışların məqsədi universitet
fakültələrinin rəhbərlərinin diqqətini tələbələrin
fiziki tərbiyəsinə yönəltmək və istedadlı tələbələri
universitetdə fəaliyyət göstərən idman məşğələlərinə
cəlb etməkdən ibarətdir.
Eyni zamanda yığma komandaları bacarıqlı idmançılar
hesabına komplektləşdirmək məqsədi ilə hər iki ildən bir
NDU-da universiada və çempionat keçirilir. Bu tədris
ilindən etibarən idman klubu yaradılıb və 13 idman növü
üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında
dərsdənkənar məşğələlər təşkil edilir. 2014-cü ildə
Azərbaycan ali məktəblərinin Universiadasında
universitetin sərbəst güləş və badminton (qızlar)
komandaları III yerin sahibi olublar.
2015-ci ildə universitetin I kurs tələbəsi Tayfur Əliyev
boks üzrə Azərbaycan çempionu olub, Toğrul Həsənzadə isə
Azərbaycan Respublikası Ali Məktəblərinin XII Respublika
Universiadasında şahmat üzrə 51 iştirakçı arasında V
yeri tutub.
Mədəni
mühit
Universitetdə Tələbə Teatr Studiyası fəaliyyət göstərir.
Bu studiyaya cəlb edilən müxtəlif fakültələrin
tələbələri tərəfindən 8 tamaşa, müxtəlif ədəbi-bədii
kompozisiyalar hazırlanıb. Yaradıcı heyət Muxtar
Respublikada, eləcə də Türkiyədə keçirilən müxtəlif
tədbirlərdə mədəni-əyləncəli proqramlarla çıxış edib.
Universitetdə opera sənətinin inkişaf etdirilməsi,
tələbələrin vokal musiqi formalarına daha dərindən
yiyələnmələri məqsədilə Tələbə Opera Studiyası fəaliyyət
göstərir. Opera Studiyasının hazırladığı Ü.Hacıbəyovun
"Arşın mal alan" operettası Türkiyənin bir çox
şəhərlərində, Rusiyada, Gürcüstanda uğurla nümayiş
olunub.
Universitetdə son on ildə müxtəlif musiqi qruplarının da
fəaliyyəti diqqət mərkəzində olub. Belə ki, "Firuzə",
"Büllur" vokal qrupları, "Əcəmi", "Gənclik", "Tələbə"
instrumental ansamblları müxtəlif proqramlarla çıxışlar
edirlər. |