Məktəb-lisey kompleksinin komandası qalib oldu
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"
Aprelin 10-da "ABU Arena" İdman Kompleksində
məktəblilərin mini-futbol üzrə Bakı şəhər çempionatının
qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov,
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA)
baş katibinin müavini Sərxan Hacıyev və idman
ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, Təhsil Nazirliyinin AFFA ilə birgə təşkil
etdiyi yarışa paytaxtda yerləşən 305 məktəbdən 3660
nəfər VIII sinif şagirdi qatılıb.
Çempionatın məqsədi lAzərbaycan Respublikasında
2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət
Proqramı»ndan irəli gələn vəzifələri yerinə yetirmək,
iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının
mahiyyətini məktəblilər arasında təbliğ etmək, məktəbli
futbolçuların idman ustalıqlarını artırmaq və
mini-futbolun inkişafına dəstək verməkdən ibarətdir.
Yarışın nəticələrinə görə Bakının Nərimanov rayonunda
yerləşən məktəb-lisey kompleksinin komandası I, Nizami
rayonunda yerləşən 277 nömrəli idman təmayüllü tam orta
məktəbin komandası II, Sabunçu rayonundakı 96 nömrəli
tam orta məktəbin komandası isə III yeri tutublar.
Komandalar Təhsil Nazirliyi tərəfindən kubok, medal,
diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
|