Aprelin
10-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda
"AzScienceNet: mövcud vəziyyəti, imkanları və inkişaf
perspektivləri" mövzusunda respublika elmi-praktik
seminarı keçirilib.
AMEA-nın institut və təşkilatlarının, respublikanın bir
sıra ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak
etdiyi tədbiri İnformasiya Texnologiyaları İnstitutunun
direktoru, akademik Rasim Əliquliyev açaraq son illər
ölkəmizdə elmin və təhsilin inkişafına yönəlmiş bir
sıra mühüm əhəmiyyətli sənədlərin qəbul edildiyini
bildirib. Həmin sənədlərdə elmin informasiya
təminatının gücləndirilməsi, elmi fəaliyyət sahəsində
İKT-nin tətbiqi və elektron elmin formalaşdırılması kimi
mühüm vəzifələrin müəyyənləşdirildiyini söyləyən
direktor rəhbərlik etdiyi institutda bu istiqamətdə
görülən işlərdən geniş söz açıb. Çıxışında AMEA ilə
Təhsil Nazirliyi arasında yaranmış əməkdaşlığı
təqdirəlayiq hal kimi dəyərləndirən Rasim Əliquliyev
bunun elm və təhsilin inteqrasiyasında əhəmiyyətli rol
oynayacağını deyib. Diqqətə çatdırıb ki, seminarın
keçirilməsində də məqsəd elm və təhsil şəbəkələri üzrə
milli operator olan AzScienceNet elm-kompüter
şəbəkəsinin göstərdiyi xidmətlərlə bağlı ölkənin elm və
təhsil qurumlarını məlumatlandırmaqdır.
Qeyd olunub ki, AMEA korporativ şəbəkəsinin əsasında
yaradılmış AzScienceNet elm-kompüter şəbəkəsi
elmi-tədqiqat, elmi-praktik və tədris məsələlərinin
həyata keçirilməsində AMEA-nın institut və
təşkilatlarına, eləcə də əməkdaşlarına genişzolaqlı
İnternet, Wi-Fi, Eduroam, Cloud Computing, Hosting,
e-mail, distant təhsil və s. xidmətlər göstərir.
R.Əliquliyev
AzScienceNet elm-kompüter şəbəkəsinin həmçinin
ölkəmizdə formalaşmaqda olan elektron elmin şəbəkə
platforması və infrastrukturu kimi çıxış ediyini qeyd
edib. Bildirilib ki, "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət
Proqramı" çərçivəsində elmi fəaliyyətin İKT
əsasında yenidən qurulması və inkişaf etdirilməsi
istiqamətində məqsədyönlü işlər görülür.
Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov
çıxış edərək təhsil sistemində İKT-nin tətbiqi ilə
bağlı görülən işlərdən söz açıb. Bu cür tədbirlərin
keçirilməsinin təhsil ictimaiyyətinin İKT sahəsində
bilgilərinin genişlənməsində, tətbiq edilən yeniliklər
barədə məlumatlanmasında əhəmiyyətli rol oynadığını
deyib.
Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun
əməkdaşları və AzScienceNet-in mütəxəssisləri
təqdimatlar ediblər. Təqdimatlarda AzScienceNet
elm-kompüter şəbəkəsinin mövcud infrastrukturundan,
göstərdiyi xidmətlərdən, yüksək hesablama və yaddaş
imkanlarından, elektron elmin inkişafında rolundan,
ruminq və bulud xidmətlərindən, şəbəkənin monitorinqi və
təhlükəsizliyindən, beynəlxalq elmi mühitə
inteqrasiyasından, habelə bu şəbəkədə formalaşan
informasiya bazası üzərində elmi tədqiqat imkanlarından
ətraflı söz açılıb.
Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən
seminarın sonunda İnformasiya Texnologiyaları
İnstitutunun direktoru, akademik Rasim Əliquliyev
iştirakçıların suallarını cavablandırıb.
Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"
Foto Rəşad ZİYADOV |