Aprelin
7-də Azərbaycan Dövlət İqtisad Universitetində
Doktorantların və gənc tədqiqatçıların XIX Respublika
elmi konfransı keçirilib.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən
konfransın açılış mərasimində təhsil naziri Mikayıl
Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
prezidenti Akif Əlizadə, ali təhsil müəssisələrinin
rəhbərləri, respublikanın tanınmış alimləri,
doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət
Muradov konfransı giriş sözü ilə açaraq tədbir
iştirakçılarını salamlayıb. Rektor ali məktəblərlə elmi
tədqiqat müəssisələri arasında əlaqələrin
genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Təhsil naziri Mikayıl Cabbarov çıxışında ulu öndər
Heydər Əliyevin təhsilin, elmin inkişafına, Azərbaycanda
istedadlı uşaq və gənclərə göstərilən qayğıdan bəhs
edərək bu işlərin hazırda ölkə Prezidenti cənab İlham
Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə
çatdırıb. Nazir bildirib ki, qlobal rəqabətin gücləndiyi
bir dövrdə elm və təhsilin rolu sürətlə artmaqdadır.
Mikayıl
Cabbarov gənc tədqiqatçıların inkişafı üçün bütün
resurslardan istifadənin əhəmiyyətindən söz açıb. Bu
istiqamətdə müvafiq işlərin görüldüyünü vurğulayan nazir
bildirib ki, ölkə alimlərinin 50 faizə qədəri Təhsil
Nazirliyi sisteminə daxil olan 27 ali məktəb və
elmi-tədqiqat müəssisəsində çalışır: "Təhsilsiz elm,
elmsiz təhsil ola bilməz. Ənənəvi maksimum elmi bilik
fəlsəfəsindən optimal biliyə keçidin vaxtı çatıb.
Praktiki elmi biliklərin təhsil sistemində tədris
edilməsi üsullarının axtarışında olmalıyıq".
Hazırda təhsil sistemində fəaliyyət göstərən gənc
müəllimlərin sayının az olmasına toxunan nazir bildirib
ki, qarşıda duran vəzifələrdən biri onların sayının
artırılması və keyfiyyətin yüksəldilməsidir.
Mikayıl Cabbarov ali təhsil müəssisələrində gənc
alimlərin və tədqiqatçıların sayının artırılması, eyni
zamanda rolunun yüksəldilməsi üçün xüsusi proqramın
hazırlanacağını qeyd edib. Bu proqram dövlət təhsil
müəssisələri üçün orta və uzunmüddətli hədəfləri
müəyyənləşdirməlidir. Nazir bildirib ki,
universitetlərdə gənc kadrların elmə cəlbi və müəyyən
vəzifələrə təyin edilməsi daha sistemli şəkildə həyata
keçirilməlidir.
Mikayıl Cabbarov çıxışında qeyd edib ki, xaricdə
tədqiqatlarını başa vuran gənc alimlərin ölkəmizin ali
məktəblərində tədrislə məşğul olması mühüm və zəruridir.
Çıxışının sonunda nazir ölkəmizdə I Avropa Oyunlarının
yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verən 10
mindən artıq tələbə könüllüyə təşəkkürünü bildirib və bu
əlamətdar hadisənin uğurlu təqdimatında onların üzərinə
böyük məsuliyyət düşdüyünü qeyd edib.
AMEA-nın prezidenti Akif Əlizadə elm sahəsində aparılan
islahatların əhəmiyyətini vurğulayıb, elmi tədqiqat
mərkəzlərinin təhsil müəssisələri ilə əməkdaşlığının
daha da genişləndiriləcəyini qeyd edib. Azərbaycanda
kifayət qədər güclü elmi potensialın olduğunu deyən AMEA
rəhbəri növbəti illərdə bu potensialın gənclərin
hesabına daha da güclənəcəyini bildirib: "Azərbaycanda
çox güclü gənc elmi elita yaradılmalıdır. Bu elita
Azərbaycan elmini növbəti onilliklərdə uğurla idarə
edəcək".
Sonra doktorantların çıxışları olub.
AMEA-nın 70 illik yubileyinə həsr olunmuş konfrans iki
gün davam edib. Konfransa 20 ali təhsil müəssisəsindən
və AMEA-dan 414 tezis təqdim olunub. Doktorantların və
gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və
müzakirəsi üçün yaradılmış 15 bölməyə tanınmış alimlər
rəhbərlik ediblər.
Bölmələrdə doktorantların, gənc tədqiqatçıların
məruzələri və bölmə sədrlərinin hesabatları dinlənilib.
Sonda doktorantlara və gənc tədqiqatçılara Təhsil
Nazirliyinin sertifikatları təqdim olunub. |