Dünyanın tanınmış universitetlərində tələbələrin 45-55
faizi, Azərbaycanda isə 97-98 faizi 4 ilə məzun olur
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"
n.rahimov@muallim.edu.az
Ölkənin
ali təhsil müəssisələrində apardığımız araşdırmalar
zamanı məlum oldu ki, universitetlərimizə hər il neçə
tələbə qəbul olunursa, ilk buraxılışda təxminən elə
həmin sayda da məzun olur. Dünyanın bir neçə inkişaf
etmiş ölkələrinin universitetlərindən aldığımız
məlumatlarda isə nəticələr bizdəkindən tamamilə fərqli
oldu. Əksər ölkələrdə universitetlərə daxil olanların
ən yaxşı halda yalnız 50-55 faizi müəyyən olunmuş 4 il
müddətinə ali məktəbi bitirib, diplom ala bilirlər.
Təxminən 30-35 faizi 5-10 il müddətinə diplom almağa
müvəffəq olsalar da, 15-20 faizi isə ümumiyyətlə ali
təhsillərini başa vura bilmirlər. Ancaq maraqlıdır ki,
Azərbaycan universitetlərinə qəbul olanların elə ilk
buraxılışda 97-98 faizi diplom alır. Bəs görəsən, bunun
səbəbləri nədir, tələbələrimizin yüksək istedadlı
olmasımı? Necə olur ki, xarici universitetlərdən fərqli
olaraq bizdə müəyyən edilmiş 4 il müddətinə bakalavr
pilləsini bitirmək mümkün olur? Mövcud vəziyyətlə bağlı
suallarımıza cavab tapmaq məqsədilə yerli
mütəxəssislərlə və xaricdə təhsil alan həmyerlilərimizlə
əlaqə saxladıq, məsələ ilə bağlı fikirlərini öyrəndik.
Ayrı-ayrı mütəxəssislərlə söhbət zamanı bildirildi ki,
bizdə 4 il ərzində yalnız diplom almağı düşünən
tələbələr bir mütəxəssis kimi yetişməyi ön planda
tutmurlar. Bununla da cəmiyyətdə belə bir fikir
formalaşır ki, əsas məsələ ali məktəbə daxil olmaqdır.
Daxil oldunsa, deməli diplom da alacaqsan. Tələbələrdə
olan bu əminlik hissi nəticədə onların yüksək səviyyəli
mütəxəssis kimi yetişməsinə də mane olur.
Etiraf edək ki, mövcud vəziyyətlə bağlı ali təhsil
müəssisələrinin üzərinə çox böyük vəzifə düşür. Bəzi ali
məktəblərdə hələ də sovet dövründən qalan mental
problemlər hökm sürür ki, bu da tələbələrin
arxayınlaşmasına, onlarda necə olursa-olsun diplom
alacağam kimi əminlik hisslərinin formalaşmasına gətirib
çıxarır.
Əjdər AĞAYEV,
pedaqoji elmlər doktoru, professor
Bunun
birinci səbəbi ondan ibarətdir ki, Azərbaycanda Sovet
təhsil sistemi hələ də öz təsirini göstərir. Yəni
ixtisas qazanacaq abituriyent konkret o ixtisas üçün
ayrılmış müddətdə mütləq ali təhsilini tamamlamağı
qarşısına məqsəd qoyur. Bu, ona görə belədir ki, həmin
təhsil sistemində ali məktəbdə kurslararası müddətdə
yetirməyən tələbələr ya institutdan xaric edilir, ya da
müəyyən səbəblə onlara akademik məzuniyyət verilir.
Baxmayaraq ki, hazırda Azərbaycan ali məktəbləri Bolonya
prosesinə qoşulmuşlar, lakin ötən ənənə hələ də
baxışlarda mühafizə olunmaqdadır. Bolonya prosesinin
tələbinə görə, konkret təhsil müddəti müəyyənləşdirilsə
də, tələbə ali məktəbi o müddətdən tez və ya gec bitirə
bilər. Burada əsas tələb proqramların tələbə tərəfindən
yerinə yetirilməsidir. Yəni əsas müddət deyil,
keyfiyyətdir. Bolonya prosesində kursdaqalma halları da
yoxdur. Əgər tələbə ikinci və ya üçüncü kursda bir və ya
iki fəndən proqramı ödəməkdə tələb olunan bala müvəffəq
olmayıbsa, o, həmin fənnin proqramını tamam öyrəndikdən
sonra yuxarı kurslarda imtahan verə bilər. Beləliklə,
Bolonya prosesi təhsil müddətində tələbəyə sərbəstlik
verir, proqramın ödənilməsinin vaxtını tələbənin
hazırlığı ilə müəyyənləşdirir. Eləcə də səhhətində,
sosial həyat tərzində problemi olan, yaxud ezamiyyələrə
gedən hər hansı tələbə bütün fənlər üzrə proqramları
ilindən asılı olmayaraq ödədikdən sonra almaq istədiyi
ixtisasın diplomuna nail olur. Bu təcrübə Avropa, ABŞ
ali məktəblərində, eləcə də Türkiyə yüksək təhsil
ocaqlarında mövcuddur. Lakin bu o demək deyildir ki, hər
hansı tələbə istəyinə uyğun olaraq belə bir müddəti
seçsin. Bu, yalnız problemi sübut olunan tələbələrə
aiddir. Yaxud tədris fəallığı ilə seçilən hər kəs (təbii
ki, bu da azdır), məsələn, dörd illik müddəti üç il
müddətinə də bitirə bilər.
Düşünürəm ki, Bolonya prosesinin şəffaflığı, tələbə
demokratiyası, prosesə qayda-qanunlara uyğun olaraq
müstəqil yanaşma prinsipi Azərbaycan ali məktəblərində
xarici təcrübə əsasında tətbiq olunmalıdır. Bu hal
tələbələri müəllim asılılığından, dekanlıqların inzibati
tələblərindən, hansı yolla olursa-olsun qoyulan müddətdə
təhsili tamamlamaq zərurətindən və digər neqativ
hallardan xilas edə bilər.
Yekun olaraq qeyd etmək istərdim ki, Bolonya prosesinə
qoşulan ali məktəblərimiz bu prosesin tələblərini düzgün
yerinə yetirsələr, tələbə müstəqilliyi və
demokratiyasına, təhsildə şəffaflığa, ədalət və
obyektivliyə üstünlük versələr, onların təcrübəsi
beynəlxalq təcrübə ilə üst-üstə düşə bilər.
Buludxan
XƏLİLOV,
ADPU-nun filologiya fakültəsinin dekanı, filologiya üzrə
elmlər doktoru, professor
Düşünürəm ki, bu istiqamətdə ali məktəblərimizdə
fundamental işlər görülməlidir. Təkcə diplomlu kadrlar
hazırlamaq təhsilin son məqsədi ola bilməz. Ali
məktəblər elə bir sistem qurmalıdır ki, tələbələrdə
təhsilə böyük həvəs yaransın. Diplom xətrinə deyil,
ixtisasa yiyələnmək üçün universitetə gəlsinlər. Bunun
üçün müəyyən istiqamətlər, sahələr ciddi bir sistemə
salınmalıdır. Həmin sistem və onun tələbkarlığı kadr
hazırlığı məsələsinin ən ümdə vəzifəsinə çevirməlidir.
Qeyd edim ki, tələbə təhsil almağın çətinliyini,
gələcəkdə yaxşı mütəxəssis olmağın məsuliyyətini dərk
edə bilmir. Bunun bir çox obyektiv və subyektiv
səbəbləri var. Tələbələrin diplom almaq əminliyinə
gəldikdə isə bunun arxasında mental prinsiplər durur.
Lakin tələbələr dərk etməlidirlər ki, təkcə diplom hər
şeyi həll etmir. Bundan başqa, ali təhsil müəssisələri
bilməlidir ki, yüksək ixtisaslı peşəkarlar
hazırlamasalar nüfuzdan düşə bilərlər. Bu mənada ali
təhsil müəssisələrinə hazırladıqları kadrların
peşəkarlığına görə status verilməlidir. Ən əsası ali
təhsil müəssisələrində demokratikləşmə o səviyyəyə qədər
getməlidir ki, tələbə hansı müəllimin mühazirəsini
dinləməyin vacibliyini şüurlu və məqsədli bir işə
çevirsin. Fəlsəfə doktoru, elmlər doktoru diplomlarını
özləri üçün qalxan kimi istifadə edənlərdən - onların
formal fəaliyyətindən əl çəkmək lazımdır. Onların
elmi-pedaqoji xidmətləri praktik fəaliyyətləri ilə
qiymətləndirilməlidir. Bundan başqa, ali təhsil
müəssisələrində fənn proqramlarının və dərsliklərin,
dərs vəsaitlərinin məzmunu yeniləşməlidir. Heç şübhəsiz
ki, bəzi fənn proqramları, dərsliklər və dərs vəsaitləri
zamanın tələbinə cavab vermir.
Şahnaz ŞAHBAZOVA,
Azərbaycan Texniki Universitetinin professoru
Mənim
vaxtilə işlədiyim ABŞ-ın Kaliforniya ştatının Berkli
Universitetinə çox hazırlıqlı tələbələr seçilərək qəbul
edilirlər. Bəzi fakültələrə, məsələn, hüquq, kompüter
elmləri, iqtisadiyyat və s. fakültələrinə qəbul olunan
tələbələrin əksəriyyəti öncədən bakalavr dərəcəsini
almış tələbələr olur. Buna görə də oradakı tələbələrin
80-85 %-i müəyyən edilmiş 4 il müddətinə universiteti
bitirə bilirlər. Yalnız 10-15 % tələbələr hər hansı
səbəbdən- məsələn, tədris prosesinin ağır şərtlərinə
dözə bilmədikdə, fiziki olaraq gücü çatmadıqda,
sağlamlıq ilə bağlı və s. universiteti bitirə bilmirlər.
Amma sonradan onlar həmin vermədiyi fənlər üzrə təkrar
dərslər götürərək və imtahan verərək universiteti
bitirməyə müvəffəq olurlar. Lakin bunu bütün
universitetlərə şamil eləmək olmaz. Belə ki, bir çox
universitetlərdə tələbələr müəyyən edilmiş müddətə, yəni
4 ilə ali məktəbi bitirə bilmirlər. Bu müddət bir çox
hallarda 1-2, hətta 3-4 il müddətinə uzana bilir.
Avropada, xüsusən Almaniyada tələbənin 10 ilə qədər
təhsil prosesini uzatmaq imkanı var. Lakin burda bir
məsələyə xüsusi diqqət yetirmək lazımdır. Məsələn, orada
bir fəndən 3 dəfə qeyri-məqbul alan tələbə
universitetdən tamam xaric olunur. Sonradan həmin
tələbənin universitetə bərpa olunma imkanı olmur.
Tələbələrin universiteti müəyyən olunmuş müddətdə
bitirmə faizi təxminən 50-55 % təşkil edir. Ümumilikdə
isə, yəni müddətsiz olaraq Almaniyanin Zigen
Universiteti nümunəsində təqribən 85-87%-dir.
Azərbaycanda təhsil prosesində tətbiq edilən Bolonya
sistemi tələbələrin dərsə davamiyyətinə və fənn seçiminə
azadlıq vermir. Qəbul olunan tələbələrin təxminən 98 %-i
universiteti müəyyən edilmiş 4 il müddətinə bitirirlər.
Bunun ən başlıca səbəbi Bolonya sisteminin
respublikamızda tam şəkildə tətbiq edilməməsidir.
Mahirə SƏFƏRƏLİZADƏ,
Kanadanın Toronto Universitetinin tələbəsi
Mənim
təhsil aldığım Toronto Universitetində bizim ali
məktəblərdən fərqli olaraq universiteti müəyyən olunmuş
müddətdə bitirmək elə də asan deyil. Çünki burada çox
tələbkar bir sistem var. Ona görə də müəyyən edilmiş
müddətdə, yəni 4 ilə ancaq 40-45% tələbələr universiteti
bitirə bilirlər. Digərləri isə bu müddəti uzatmaq
məcburiyyətində qalırlar. Bunun bir çox səbəbləri var.
Burada tələbənin yüksək ixtisaslı mütəxəssis kimi
hazırlanması çox vacib amildir. Əgər universitet yaxşı
mütəxəssis hazırlaya bilməzsə, bu, onun reytinqinə mənfi
təsir göstərə bilər. Dərslərin və proqramların
çətinliyinə gəldikdə isə bu əsasən fakültələrdən
asılıdır. Elə fakültələr var ki, oranı bitirmək daha
asandır. Məsələn, mənim təhsil aldığım təbiət elmləri
fakültəsində ixtisas proqramları çoxdur. Fiziologiya,
immunologiya, toksikologiya, patobiologiya, genetika,
hüceyrə biologiyasi, sosiologiya, psixologiya və s.
Proqram seçimi ikinci kursda olur və hər proqramın
xüsusi tələbləri var. Ola bilər ki, tələbə təkamül
biologiyası proqramına qəbul olmaq istəyir. Amma
proqramın tələbini ödəmədiyi üçün başqa bir proqram,
məsələn, ekologiya proqramı seçmək məcburiyyətində
qalır. Əgər 3-cü il ekologiya dərslərinə marağının
olmadığını və ya məqbul qiymət almadığını gördükdə yenə
də proqramı dəyişə bilər ki, bu da təhsilin uzanmasına
səbəb olur. Mühəndislik fakültəsində isə vəziyyət
fərqlidir. Belə ki, orada tələbənin proqram seçmək
hüququ yoxdur. Dərslər universitet tərəfindən seçilir.
Əgər tələbə mexanika mühəndisliyi fakültəsinə qəbul
olubsa, artıq 4 illik proqram dərsləri hazır olur və
hər hansı bir imtahandan kəsilərkən başqa proqram seçmə
imkanı olmur. Bu baxımdan, mühəndislik fakültəsində
diplom almaq daha çətindir. Lakin onu da nəzərə çatdırım
ki, burada universiteti yarımçıq qoymaq adi bir haldır.
Tələbələr öz yollarını tapmağa çalışırlar. Əgər qəbul
olduğu ixtisas tələbənin ürəyincə deyilsə, dərsləri,
mövzuları dərindən dərk etmirsə, tələbə başqa yol seçir.
Çünki tələbə fikirləşir ki, yaxşı mütəxəssis olmasa,
yüksək əməkhaqqı olan iş tapa bilməz. Nəzərə çatdırım
ki, bu kimi ölkələrdə mütəxəssislər bilik və
bacarıqlarına görə işə düzəlir. Buna görə də tələbə
diplom almağı yox, yüksək ixtisaslı mütəxəssis olmağı
daha çox düşünür.
Fərid
ABBASOV,
İtaliyanın La Sapienza Universitetinin tələbəsi
Burada təhsil almaq, universiteti bitirmək çox çətindir.
İtaliyada 4 ildir ki, təhsil alıram. Bu müddət ərzində
bir çox məsələlərlə bağlı müşahidələrim olub. Bunlardan
biri də tələbələrin universiteti yarımçıq qoyub
getmələridir. Universitetə qəbul olanların demək olar
ki, ancaq 50-55 %-i buranı bitirə bilir. İlk illər bu
mənə təəccüblü gəlsə də sonralar səbəbini başa düşdüm.
Universitetimizdə çox ciddi bir mühit mövcuddur.
Tələbələrə qaydalardan kənar heç bir güzəşt olunmur.
Tələbələr istər bakalavr, istərsə də magistr dərəcəsində
müəyyən olunmuş krediti verdikdən sonra müstəqil diplom
işi yazmalıdırlar. Bu öhdəlikləri yerinə yetirə
bilməyənlər universitetdən ya xaric olunur və ya dərs
yükü asan olan fakültə dəyişdirmək məcburiyyətində
qalırlar. Yetərli qədər bilik və bacarıqlarının
olmaması, ixtisas fənlərinin çətinliyi səbəbindən hər il
çoxlu sayda tələbə La Sapienza Universitetini tərk
edir. Özü də bu, həmin tələbələr üçün adi haldır. Onlar
universitetdən xaric olsalar belə, bacara biləcəkləri
digər bir ixtisas seçir və həmin ixtisasa yiyələnməyə
çalışırlar.
Turanə
QASIMLI,
Böyük Britaniyanın Nyukasl Universitetinin tələbəsi
Təhsil aldığım Nyukasl Universiteti dünyanın ən yaxşı
universitetləri siyahısındadır. Universitetimizə ümumi
qəbul olanlardan 91% tələbə diplom sahibi olur. Lakin
onların təxminən 40-45 %-i müəyyən olunmuş 4 il
müddətinə universiteti bitirə bilir. Digərləri
hüquqlarından istifadə edərək təhsil müddətini
uzadırlar. Universiteti müəyyən olunmuş müddətə
bitirməyən tələbələrin çoxu yerli tələbələrdir. Onların
göstərdikləri səbəb sadəcə təhsildən bir müddət
kənarlaşıb öz işləriylə məşğul olmaq istəmələridir.
Universitetimizdə tədris materialları ağır olduğuna görə
birinci kursu bitirə bilməyənlər də olur. Mən öz keçmiş
qrup yoldaşlarım və dostlarımın bəzilərindən soruşanda
ki, niyə Nyukasl Universitetini atdınız, verdikləri
cavablarda 1-2 il səyahət etmək və ya başqa ölkədə
təhsil almaq istədiklərini əsas gətirirlər.
Araşdırmalarımız göstərdi ki, bu tendensiya, yəni ali
məktəblərə qəbul olanların demək olar ki, hamısının
diplom ala bilməsi Azərbaycanda Sovet dönəmindən bəri
davam etməkdədir. Əsas fəaliyyəti keyfiyyət deyil,
kəmiyyət, yalançı plan üzərində qurulmuş Sovet rejimi
dağılsa da, bunun bəzi təzahürləri alt-şüurumuzda hələ
də qalmaqdadır. Ölkə Prezidenti və Təhsil Nazirliyinin
ali təhsilin inkişafına göstərdikləri diqqət və qayğıya,
bu sahədə problemlərin həlli istiqamətində görülən
işlərə baxmayaraq universitetlərimizdə hələ də bir çox
çatışmazlıqlar mövcuddur. Mütəxəssislərin və xaricdə
təhsil alan həmyerlilərimizin fikirlərindən məlum olur
ki, Bolonya sisteminin respublikamızda tam olaraq tətbiq
olunmaması, universitetlərimizdə bəzi hallarda
tələbkarlığın mövcud olmaması, hələ də sovet
ideologiyasından uzaqlaşa bilməməyimiz və əsasən
ixtisaslı kadr yox, diplomlu şəxs yetişdirmək təcrübəsi
nəticəsində tələbələrimiz müəyyən olunmuş 4 il müddətinə
ali məktəbi bitirir. Onlar dərs proqramlarını deyil,
daha çox universiteti bitirməyi düşünürlər. |