Portuqaliyanın
paytaxtı Lissabonda bədii gimnastika üzrə Dünya
Kubokunun mərhələsi və beynəlxalq turnir başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a
bildiriblər ki, bu yarışlar vətənə iki bürünc medal
gətirən gimnastımız Marina Durundanın parlaq çıxışı ilə
yadda qalıb. Azərbaycan yığmasının lideri və qarşıda
gələn Avropa oyunlarının idman səfiri Marina top və lent
ilə hərəkətlərdə 3-cü olub. Gimnastımız gürzlər və halqa
ilə hərəkətlərdə də yaxşı nəticə göstərərək 4-cü yerdə
qərarlaşıb. Bundan əlavə, o, çoxnövçülükdə 5-ci yeri
tutub.
Digər bürünc medalı isə Dünya Kuboku çərçivəsində
keçirilən beynəlxalq turnirdə iplə çıxış edən yeniyetmə
gimnastımız Jalə Piriyeva qazanıb.
Yeniyetmələrdən ibarət qrup hərəkətləri komandasının beş
top ilə parlaq çıxışı da diqqətdən kənarda qalmayıb.
Yarışın yekunları üzrə dördüncü olan Azərbaycan
gimnastlarının çıxışı alqışlarla qarşılanıb. |