Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

"İtaliyada Azərbaycan dilini tədris edirəm"

 

Ka Foskari Universitetində təhsil alan Məryəm Mehdiyeva ilə söhbət 

Rüfanə GÜNƏŞ,  "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
 

Bakıda dünyaya göz açıb. 27 yaşı var. 2005-2009-cu illərdə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsində (italyan dili) təhsil alıb. Hazırda İtaliyanın Peruca Universitetinin  beynəlxalq münasibətlər və reklam fakültəsində bakalavr pilləsində oxuyur. Həm də Venesiyanın  Ka Foskari Universitetində Azərbaycan dilini tədris edir. Bundan əlavə, həftədə iki saat "Kitabi-Dədə Qorqud" mövzusunda seminar keçir. Oğlaq bürcündəndir, inadkar və ciddi, özünə qarşı tələbkardır. İncəsənəti,  musiqini, təbiəti və həyatına yeniliklər gətirməyi sevir. Təşkilati işlərdə fəaldır. "İnter"- "Qarabağ" oyununda tərcüməçi olub, amma bu onun futbolla bağlı ilk tərcüməsi deyil.  

- Necə oldu ki, xaricdə oxumağa qərar verdiniz?

-  Səbəblər çox idi. Universitetdə oxuduğum müddətdə dəfələrlə İtaliyaya dil kurslarına getmişdim.  O zaman oradakı təhsil imkanları ilə maraqlanırdım. İtaliyada təhsil almaq üçün cəhd etdim. Bir neçə ay ərzində sənədlərimi toplamaq üçün universitetə, tərcümə üçün notariusa, səfirliyə müraciət etdim. Amma o vaxt indiki kimi deyildi, daha çətin idi. Sənədləri hazırlayıb tərcümə etdirmək böyük enerji və maddi vəsait tələb edirdi. İtaliyadan istənilən bəzi sənədləri Azərbaycanda almaq asan deyildi. Çətinliklə də olsa alındı. Bundan sonra həyatım və gələcəyim dəyişdi. İlk iki il İtaliya dövlətindən təqaüd aldım, amma hazırda öz vəsaitimlə təhsil alıram.

- Bəs necə oldu ki, İtaliyada Azərbaycan dilini tədris etməyə başladınız?

- Ani oldu hər şey. O müddətdə daimi olaraq İtaliyada yaşamağım da ən vacib amillərdən biri idi.  Bu işə böyük şans kimi baxsam da, deməliyəm ki, təsadüflə heç bir əlaqəsi yoxdur. İtaliyanın ən məşhur universitetlərindən birində Azərbaycan dilinin tədrisi ideyasının reallığa çevrilməsində bir çox insanın əməyi var. Bildirmək istərdim ki, fakültə 2013-cü ildə açılıb və Azərbaycan Respublikası tərəfindən maaliyyələşdirilir. Ka Foskari Universitetində təkcə dilimiz tədris olunmur, daimi seminarlar, konfranslar keçirilir, Azərbaycan haqqında araşdırma aparanlara isə hər zaman böyük dəstək göstərilir. Mən də iki ildir ki,  Ka Foskari Universitetində Azərbaycan dilini tədris edirəm.

Böyütmək üçün seçin- İtaliyada Azərbaycan dilinə maraq hansı səviyyədədir?

- Azərbaycan dili universitetdə məcburi fənn olmasa da dilimizə maraq göstərən tələbələr kifayət qədərdir. Kimi Erasmus proqramı ilə Azərbaycana gələcəyi, kimi magistratura təhsilini Azərbaycanın öndə gedən universitetlərinin birində davam etdirmək istədiyi, kimisi də öncəki illərdə dərsə gələn tələbələrin məsləhəti ilə bu seçimi edir. Bu işdə kəmiyyətdən çox keyfiyyətə üstünlük vermək lazımdır. Tələbələr dərsdən razı qalmalı, gələcəkdə Azərbaycanla təhsil və ya iş sahəsində bir əməkdaşlıq qurmağa çalışmalıdırlar.

- Dili öyrədəndə hansı çətinliklərlə qarşılaşırsınız?

- İşini sevən çətinlik sözünü dilinə gətirməz. Tələbə bu sevgini müəllimin gözlərində hiss etməsə dərsə maraq göstərməz. Sinfə daxil olan kimi bütün çətinlikləri, yorğunluğu qapının arxasında qoyub təbəssümlə tələbənin qarşısına çıxmaq lazımdır. Hər dərsin əvvəlcədən planını tuturam, veriləcək suallara hazır olmağa, təkrarlamamağa, dinləyənləri darıxdırmamağa və tələbəylə dialoq qurmaq yolu ilə dərs keçməyə çalışıram.

- İtalyan və Azərbaycan dillərini bilən biri kimi, necə düşünürsünüz, hansı dili öyrənmək daha çətindir?

- İkisi də eyni dərəcədə asan və eyni dərəcədə çətindir. Ünsiyyət qurmaq üçün öyrənilən elementar səviyyə asan görünə bilər, ancaq bir dilə mükəmməl səviyyədə hakim olmaq, fikirlərini sərbəst şəkildə ifadə etmək üçün uzun illər lazımdır. Bəzi italyan tələbələr birinci dil kimi türk dilini öyrənir.

- Çox maraqlıdır, italyanların Azərbaycan haqqındakı bilikləri nədən ibarətdir?

-  Heç tanımayan, yanlış fikirləri olan və daha çox məlumatlı insanlar da var. Ölkəmiz, Azərbaycana sərhəd ölkələr və dinimiz haqqında soruşurlar. Çalışıram ki, Azəbaycan həqiqətləri, ölkəmizin tarixi və sürətli inkişafı barədə onlara dəqiq və dolğun məlumatlar verim. İş sferasında məlumatlı insanlar çoxdur. Azərbaycanla əməkdaşlıq edirlər, biznes imkanlarını qiymətləndirirlər, ölkəmiz haqqında elmi- tədqiqat işləri aparırlar.

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov