Bu
günlərdə Bakıdakı 39 nömrəli tam orta məktəbdə bu
təhsil ocağının adını daşıdığı Azərbaycanın Milli
Qəhrəmanı Rafiq Nəsrəddinovun xatirəsinə həsr olunmuş
"Vətən mənə oğul dedi..." adlı ədəbi-bədii kompozisiya
keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət
himninin sədaları altında Dövlət bayrağı səhnəyə
gətirilib. Tədbir iştirakçıları Vətənimizin bütövlüyü və
azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə
Şükürova Rafiq Nəsrəddinovun xatirəsinin daim ürəklərdə
yaşadığını və qədirbilən xalqımız tərəfindən həmişə
dərin hörmət və ehtiramla anıldığını nəzərə çatdırıb.
Direktor təhsil ocağında şagirdlərin
hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət
yetirildiyini və belə tədbirlərin ənənəvi hal aldığını
bildirib.
Gecənin aparıcıları Azərbaycanın qəhrəmanlıq salnaməsinə
öz adını yazmış Milli Qəhrəman Rafiq Hüseyn oğlu
Nəsrəddinovun göstərdiyi rəşadətdən danışıblar.
Tədbirdə çıxış edən Milli Qəhrəmanın qardaşı Mehdi
Nəsrəddinov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
nümayəndəsi Şirindil Əhmədov və başqaları bildiriblər
ki, bu gün siz müəllimlər kimi biz də fəxr edirik
ki, sizin dərs dediyiniz şagirdlər Azərbaycanın
müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda
mərdliklə vuruşaraq şəhid olublar.
Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında
ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq,
vətənpərvərlik duyğularını tərənnüm edən şeir və
nəğmələr səsləndirilib. Şagirdlər xalqımızın igid
oğulları kimi vətənpərvər olacaqlarına, təhsildə,
ictimai həyatda daim uğurlar qazanacaqlarına söz
veriblər.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |