Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

04 Aprel 2015 - №11

 

Amerikalı musiqiçi tar, ud və kamançada Azərbaycan muğamlarını ifa edib

 

Böyütmək üçün seçinAzərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecində IV Beynəlxalq Muğam Festivalı çərçivəsində amerikalı musiqiçi Cefri  Verbokla görüş keçirilib. Kollecin direktoru,  əməkdar incəsənət xadimi, professor Nazim Kazımov tədbirdə  çıxış edərək bildirib ki, ölkəmizdə ənənəvi olaraq iki ildən bir keçirilən beynəlxalq muğam festivalı böyük maraq doğurur. Ölkəmizin mədəni həyatında böyük əhəmiyyət daşıyan  bu möhtəşəm musiqi bayramı  təkcə paytaxt Bakıda deyil, Azərbaycanın bütün bölgələrində geniş şəkildə qeyd olunur. Muğam festivalının böyük əhəmiyyəti olduğunu vurğulayan N.Kazımov onun  Azərbaycan xalqına məxsus qədim və zəngin musiqi irsinin daha geniş təbliğində, bu milli sərvətimizin bütün dünyada tanıdılmasında, eləcə də onun ümumbəşəri əhəmiyyətinin elmi cəhətdən araşdırılmasında mühüm rol oynadığını söyləyib. Muğam sənətinin müxtəlif mədəniyyətlər arasında dialoq musiqisi kimi təbliğində, Azərbaycan xalqının mənəvi irsi kimi qorunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz  xidmətləri olduğunu xüsusi qeyd edən Nazim Kazımov  məhz onun fəaliyyətinin nəticəsi olaraq, artıq dördüncü dəfədir ölkəmizdə Beynəlxalq Muğam Festivalının keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, kollecdəki budəfəki tədbirin qonağı da festivalın iştirakçısı, amerikalı musiqiçi Cefri Verbokdur. O, dəfələrlə musiqi kollecində çıxış edib. Amerikalı ifaçı bizim milli muğamlarımızı bir çox  ölkələrdə böyük məmnuniyyətlə təbliğ edir.

Sonra öz konsert proqramını təqdim edən Cefri Verbok tarda, udda və kamançada Şur, Segah və Şüştər muğamlarını ifa edib. Onun ifası tədbirdə iştirak edən qonaqlara,  müəllim və tələbələrə xoş təsir bağışlayıb. Cefri Verbok çıxışında  bildirib ki, ilk dəfə olaraq, 1972-ci ildə 20 yaşında Amerikada Azərbaycan muğamını eşidib və ona çox xoş gəlib. Qərara gəlib ki, muğamları ifa etməyi öyrənsin. Xalq artisti Zamiq Əliyevdən tarda, əməkdar artist Ədalət Vəzirovdan kamançada çalmağı öyrənib. Sonra öyrənməsini videokassetlərə baxmaqla davam etdirib. Müntəzəm olaraq Azərbaycana gəlməyə və burada konsertlər verməyə başlayıb. "Azərbaycan musiqisinə, xüsusilə muğamlarına sevgim sonsuzdur. Mən fəxr edirəm ki, bu muğamları öyrənib başqa xalqın nümayəndələrinə də çatdırıram", - deyə Cefri Verbok  bildirib. Sonda o tələbələrə tövsiyə edib ki, Azərbaycan muğamlarının sirlərini daha dərindən  öyrənməyə çalışsınlar və Azərbaycan milli musiqisini, muğamlarını dünyada layiqincə təmsil etsinlər.

Daha sonra musiqi kollecinin Xanım Qaradağlının rəhbərlik etdiyi konsertmeyster  şöbəsinin tələbələri  konsert proqramı ilə çıxış ediblər. Tələbələr Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev,  Vasif Adıgözəlov, Ramiz Mirişli  və başqa  görkəmli bəstəkarların əsərlərini səsləndiriblər.

Konsertin sonunda Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov Cefri Verboka kollektiv adından təşəkkürünü bildirib və ona milli musiqi alətlərimizin təsvirlərindən ibarət fotoalbom bağışlayıb.  

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov