Kəlbəcərin işğalı ilə bağlı şahidlərin təəssüratları
Niyazi RƏHİMOV, "Azərbaycan müəllimi"
n.rahimov@muallim.edu.az
Azərbaycanın qədim yaşayış məskənlərindən biri Kəlbəcər
rayonunun ermənilər tərəfindən işğalından artıq 22 il
ötüb. Zəngin təbii ehtiyatları, müalicəvi mineral
suları, buz bulaqları, uca dağları, gözoxşayan
çiçəklərlə bəzənmiş dağ çəmənlikləri, nadir ağaclı
meşələri ilə canlı təbiət muzeyi olan Kəlbəcərdən
didərgin düşən yerli əhali respublikamızın dörd bir
yanına səpələnmişdir. Hər gün vətən həsrəti, vətən
nisgili ilə yaşayan kəlbəcərlilər ümidlərini üzmür,
doğma dədə-baba yurdlarına qayıdacaqlarını səbirsizliklə
gözləyirlər. Rayonun işğal ildönümü ərəfəsində Kəlbəcər
təhsil işçiləri ilə söhbətləşməyi, onların
təəssüratlarını öyrənməyi özümüzə borc bildik.
Mirzə Kərimov,
Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbin direktoru
Kəlbəcərdə
yerli əhalinin yaxşı tanıdığı şəhər 1 nömrəli orta
məktəbdə direktor işləmişəm. Kəlbəcər şəhər 1 nömrəli
orta məktəbi, onun fəaliyyəti ilə tanış olan insanların
adından deyə bilərəm ki, bu təhsil ocağı respublikanın
öndə gedən məktəbi kimi yaddaşlarda qalıb. Axırıncı dəfə
işğaldan bir gün əvvəl - aprelin 1-də məktəbə getdim.
Ermənilərin atdığı mərmi məktəbimizin bir küncünü
tamamilə dağıtmışdı. Bu mənzərə mənə çox pis təsir
etmişdi və əfsuslar olsun ki, doğma məktəblə vidalaşmalı
olduq. Çox təəssüf ki, müvəqqəti olsa da, belə bir
bölgəni itirmişik.
1993-cü ilin aprel ayının 2-si mənim ömrümü sanki yarıda
qoyan bir gün kimi həyatıma daxil olub. Həmin gün
Kəlbəcər şəhərindəki vertolyot meydançasındakı əhalinin
köçürülməsi, dəhşətli ab-hava heç vaxt yaddan çıxan
deyil. Erməni hərbçiləri şəhərin Ermənistanla sərhəd
hissəsində Qara Qaya adlanan yüksəklikdən top və qrad
qurğularından arası kəsilməyən atəşlər edirdilər. Əhali
rayondakı vertolyot meydançasına yığışmışdı və çarəsiz
insanların köçürülmə prosesi gedirdi. Aprel ayının 2-si
günü meydançadakı qadın və uşaqların naləsi ağlasığmaz
və dəhşətli idi. Həmin anlar indi də tez-tez yada düşür,
yuxularımda gözümün qabağında öz dəhşəti ilə canlanır.
Rayonumuz işğal olduqdan sonra müxtəlif yerlərə
səpələndik. Çətinliklə də olsa məktəblərimizi bərpa
etdik. Bu gün Bakının Nəsimi rayonunda yerləşən
məktəbimiz bir çox uğurlara imza atıb. Məzunlarımız
yüksək ballar toplayaraq ali məktəblərə daxil olur.
Çalışırıq ki, Kəlbəcərdə qoyduğumuz 1 nömrəli məktəbin
ənənələrini burada da davam etdirək.
Bütün kəlbəcərlilər kimi mən də doğma torpaqlarımızın
işğaldan azad olması gününün yaxınlaşdığına inanıram. Bu
inam ordan doğur ki, güclü ordumuz, yüksək tərəqqi
yolunda olan dövlətimiz, öz xalqına arxalanan İlham
Əliyev kimi Prezidentimiz - Ali Baş Komandanımız var.
Məhin Mikayılova,
Kəlbəcər rayon 117 nömrəli tam orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi
Mən
Kəlbəcərin çörəyi, suyu ilə böyümüşəm. Elə əmək
fəaliyyətimə də anadan olduğum Nadirxanlı kəndində
başlamışam. İşğal gününə qədər də həmin məktəbdə
işləmişəm. Qulu Xəlilovun bir sözü var: "Əgər
Azərbaycanı bir qızıl üzüyə bənzətsələr onun brilliant
qaşı Kəlbəcərdir". Doğrudan da Kəlbəcər əsrarəngiz
təbiəti olan bir yerdir.
Ermənilər elan edilməyən müharibəyə başlayana qədər biz
çox dinc yaşayırdıq. Müharibə dövründə isə nə qədər ağır
şəraitdə yaşasaq da hər bir çətinliyə dözürdük. Beş il
mühasirə şəraitində yaşadıq, amma bir gün də olsun
işimizi dayandırmadıq. Daim müəllimlər, yuxarı sinif
şagirdləri əsgərlərin yanında olurdu. Heç kəsin xəyalına
da gəlməzdi ki, bir gün Kəlbəcəri tərk edəcəkdir. Əgər
məndən soruşsalar ki, sənin ən ağır günün hansıdır,
fikirləşmədən cavab verərəm, Kəlbəcərdən çıxdığım gün.
Kəndin 2-3 km yaxınlığında müharibə gedirdi, ancaq heç
kəs kəndi tərk etmək istəmirdi. Amma bizim üçün nə qədər
çətin olsa da Kəlbəcəri tərk etmək məcburiyyətində
qaldıq. Əhali müxtəlif rayonlara paylandı. Biz də Bakıya
gəldik. Çox çətinliklərlə qarşılaşdıq, ancaq hər
çətinliyə dözdük və bu gün Kəlbəcərə qayıtmağı
səbirsizliklə gözləyirik. Hazırda Kəlbəcər rayon 117
nömrəli məktəbdə işləyirəm. Şagirdlərimizi
vətənpərvərlik ruhunda tərbiyə edir, onlara Kəlbəcər
haqqında xatirələrimizi danışır, torpaqlarımızın
qaytarılacağını deyirik. Bəzən şagirdlərimiz sual verir:
"Müəllim, bəs nə vaxt?". Biz bu suala "o gün uzaqda
deyil" deyirik.
Şəfi Murtuzayev,
Kəlbəcər rayon 20 nömrəli tam orta məktəbin
direktoru
Kəlbəcərin
Zivel kəndində böyüyüb boya-başa çatmışam. Elə həmin
kənddə də pedaqoji fəaliyyətə başlamışam. Zivel
kəndində 1992-ci ilə qədər məktəbimiz natamam orta
tipli idi. Hər gün kəndin üstündən erməni
vertolyotlarının uçmasına baxmayaraq, kənd camaatı öz
zəhmətləri hesabına bir neçə sinif otağı tikib, həmin
məktəbin orta məktəb statusu almasına nail oldular.
Lakin cəmi bir il orta məktəb kimi fəaliyyət
göstərən bu tədris ocağı öz məzunlarına attestat
verə bilmədi. Biz öz doğma kəndimizdən, məktəbimizdən
didərgin düşmək məcburiyyətində qaldıq. Həmin günləri
ürək ağrısı ilə xatırlayıram. Biz çox çətinliklə də olsa
doğma torpaqlarımızdan aralı düşdük. Lakin buna
baxmayaraq daim həmin torpaqlara qayıtmaq arzusu ilə
yaşayırıq. İşgaldan sonrakı dövrlərdə bir çox
çətinliklərlə üzləşmişik. İlk illər bizim üçün daha
çətin idi. Belə ki, yeni yaşayış yerlərinə öyrəşə,
adaptasiya ola bilmirdik. Lakin bu çətinliklərə sinə
gərməyə çalışırıq. Vətənə qayıtmağın yolunu təhsildə,
elmdə, inkişafda görürük. Bu məqsədlə Azərbaycanımızın
digər bölgələrində kəlbəcərli şagirdlər üçün məktəblər
təşkil olunub ki, o məktəblərdən biri də hazırda
Abşeron rayon Xırdalan şəhərində fəaliyyət
göstərən 20 nömrəli Kəlbəcər rayon tam orta
məktəbidir. Həmin məktəbin fəaliyyət göstərməsi
üçün vaxtı ilə müəyyən çətinliklərimiz olsa da,
yeni məktəb binası tikildi, şagirdlərin yaxşı
təhsil almaları üçün hər cür şərait yaradıldı.
Bunun nəticəsində bir çox nailiyyətlərimiz,
uğurlarımız olub. Lakin bizim ən böyük arzumuz
cənab Prezidentimiz, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə doğma Kəlbəcərimizi azad
edib ora qayıtmaqdır.
Kamil Əsədov,
Kəlbəcər rayon 12 nömrəli tam orta məktəbin direktoru
Soyuq
mart ayının sonları idi. Kəndimizin camaatı vəhşi
ermənilərdən canlarını qurtarmaq üçün Murov dağını
keçməli idi. Çətinliklə də olsa biz Murov dağını aşdıq.
Amma bu bizim üçün həyat yolu deyildi. Bu yol bizi
həsrətə, nisgilə aparırdı. Artıq 22 ildir ki, bu
gəldiyimiz yolla geri qayıda bilmirik. Lakin bütün
bunlara baxmayaraq sabaha ümidlə baxırıq.
Yaxşı yadımdadır, dərs ilinin axırıncı rübü idi. Bütün
müəllimlər kimi mən də IV rübün başlamasını
səbirsizliklə gözləyirdim. Amma bu belə olmadı, həmin
dərs ilimiz də bütün ümidlərimiz, arzularımız kimi
yarımçıq qaldı. Sonra isə respublikanın müxtəlif
yerlərində məskunlaşdıq. Bizim kimi məktəblərimiz də
diyar-diyar gəzdi. 1993-cü ildə Suraxanı rayonu Yeni
Günəşli qəsəbəsində 12 nömrəli Kəlbəcər rayon tam orta
məktəbi təşkil edildi və sentyabrdan orada yeni şagird
və müəllim kollektivi ilə işə başladıq. Sonra isə
yerimizi Bülbülə qəsəbəsinə dəyişdik.
Həyat mübarizə meydanıdır deyirlər, biz də bütün
çətinliklərə sinə gərib öz şagirdlərimizin təhsil
almasına çalışırıq. Yüksək nəticələr əldə
etmişik.1994-cü ildən indiyə qədər Kəlbəcər rayon 12
nömrəli tam orta məktəbin 11-ci sinfini 137 nəfər şagird
bitirib attestat alıb. Bunlardan 80 nəfəri ali təhsil
müəsisələrinə qəbul olunub, təhsilini başa vurmuşdur.
Kəlbəcərli şagirdlər qaçqınlıqdan əvvəlki ənənəni
saxlayaraq təhsilə böyük maraq göstərirlər. Ali təhsil
alan məzunlarımızdan hazırda 5 nəfər müəllim bizimlə
çiyin-çiyinə çalışır.
Möhtərəm Prezidentin siyasi xəttini dəstəkləyirik və
ümid edirik ki, onun apardığı siyasət nəticəsində
torpaqlarımız azad olacaqdır. Biz Kəlbəcərə qayıdıb,
1993-cü ilin yarımçıq qalmış IV rübünü orada bərpa
edəcəyik.
Buna inanırıq! |