Tarixçi alim Nəsiman Yaqublunun 1918-ci il mart
soyqırımı ilə bağlı müsahibəsi
Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
- Nəsiman müəllim, mart soyqırımı niyə törədildi?
-
Mart hadisələri XX əsrdə azərbaycanlılara qarşı
ermənilərin kəmiyyət baxımından törətdiyi ən böyük
soyqırım hadisəsidir. Çünki həmin hadisələrdə 30 minə
qədər günahsız vətəndaşımız qətlə yetirilib. Ona görə də
biz bu hadisəni soyqırım kimi qeyd edirik. İkinci bir
tərəfdən isə bu, ermənilərin azərbaycanlılara qarşı həm
də ərazi iddialarının nəticəsidir. Məlum olduğu kimi,
1917-ci il oktyabr inqilabından sonra Rusiyada
hərc-mərclik yaranmışdı. Çünki hakimiyyətə gələn
bolşeviklər, başda Lenin olmaqla, bəyan etmişdilər ki,
Rusiyada yaşayan xalqlar ayrılıb öz müstəqil
dövlətlərini qura bilərlər. Lenin "Xalqların hüquq
bəyannaməsi" deyilən sənəd də hazırlamışdı. Məsələn,
həmin sənəd əsasında Finlandiya, Polşa, Ukrayna, Latviya,
Litva öz müstəqilliyini elan etdilər. Belə bir
vəziyyətdə Qafqazda mövcud olan Zaqafqaziya Komissarlığı
və Zaqafqaziya Seymi əməli addımlar ata bilmədi.
Nəticədə Qafqaz xalqlarının müstəqilliyi gündəmə gəldi.
Leninin müəyyən dərəcədə zəifliyi, Rusiyada vətəndaş
müharibəsi bu prosesi sürətləndirdi. Məlumdur ki,
bolşeviklər hakimiyyətə gələndən sonra Qafqaz cəbhəsində
müharibə dayanmışdı. Burada vuruşan ordu Rusiyaya
qayıtmışdı. Həmin vaxt Qafqaz cəbhəsində türklərə qarşı
vuruşan silahlı ermənilər var idi. Çünki I Dünya
müharibəsində çox sayda könüllü erməni dünyanın müxtəlif
ölkələrindən gəlib çar Rusiyasının ordusuna qoşulur və
Türkiyənin müxtəlif ərazilərində- İğdır, Qarsda
qətliamlar törədirdilər. Həmin o silahlı erməni
dəstələri, təxminən 4 minə yaxını gəlib Bakıya yerləşdi.
Soyqırımın əsas təkanverici qüvvəsi bu yerləşmə oldu.
Çünki 4 minə qədər silahlı erməni artıq yerli əhaliyə
ciddi təhlükə yaradırdı. Həmin vaxt Lenin Stepan
Şaumyanı Qafqaz üzrə fövqəladə komissar təyin etdi.
Lakin Şaumyan Gürcüstana gedib orada özünə dayaq qazana
bilmədi. Bakıya gəldi və özünün qondarma
səlahiyyətlərini, planlarını işə saldı. Nə üçün, ona
görə ki, Bakıda azərbaycanlıları çar Rusiyası dövründə
orduya götürmürdülər. Bakıda Şaumyanın sərbəst fəaliyyət
göstərməsi üçün münbit şərait var idi, digər tərəfdən də
4 minə yaxın erməninin Bakıda olması Şaumyanın sərbəst
hərəkət etməsinə yol açırdı. Belə bir gərginlik
yarandığı anda Rusiyada təhsil alan azərbaycanlı
ziyalılar vəziyyətin gərginliyini görüb silahlı dəstələr
yaratmağa başladılar ki, xalqı müdafiə etsinlər.
Məsələn, həmin dəstənin tərkibində xeyriyyəçi milyonçu
Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyev də var
idi.
- Həmin dəstənin fəaliyyəti nədən ibarət idi?
- Nargində türk zabit və əsgərləri saxlanılırdı. Bu
tələbələr ora gedib bir qrup türk zabitini qaçırıb (xilas
edib) gətirirlər Bakıya. Burada o zabitlər
azərbaycanlılara silahdan istifadəni öyrədirdilər. Bu
əsasən İsmailliyyə binasında və indiki Salyan
kazarmasının yanında məktəbdə öyrədilirdi. Lakin bir
qədər keçəndən sonra ermənilər və ruslar bundan xəbər
tutdular. Silahlı dəstə təlimi Lənkəranda davam
etdirməli oldu. Orada Məhəmməd Tağıyev silahla
ehtiyatsız davrandığı üçün dünyasını dəyişdi. Onun
nəşini azərbaycanlı silahlı dəstə (onların sayı az idi)
Bakıya gətirəndə Şaumyan əmr etdi ki, onların hamısı
gəmidə silahsızlaşdırılsın. Dəstə və eyni zamanda yerli
əhali buna etiraz etdi və küçəyə çıxıb nümayiş keçirdi.
Hətta İsmailliyyə binasında əhali müzakirəyə başladı ki,
nəyə görə azərbaycanlılar silahsızlaşdırılır. Bundan
istifadə edən erməni-daşnak birləşmələri Şaumyanın əmri
ilə dinc əhaliyə divan tutmağa başladı. 30, 31 mart və 1
aprel tarixlərində Bakıda olan əksər mətbəələri, mətbuat
idarəxanalarını, məktəbləri, xəstəxanaları, məscidləri
və hətta İsmailliyyə binasını da yandırdılar. Hazırda
Mirzə Ələkbər Sabirin heykəli olan yerdə (heykəlin
yanında) o dövrdə Kaspi mətbəəsi yerləşirdi, onu da
dağıtdılar. Artıq bolşevik və ermənilərin bu hərəkətləri
onlara inamı olan Nəriman Nərimanovda da bir şübhə
yaratdı. O vaxtlar o, "Hümmət" qəzetində yazırdı ki, siz
vətəndaş müharibəsini milli qırğına çevirirsiniz. Bu
hadisələrdə ermənilər azərbaycanlılara qarşı çox
amansızlıq etdilər. Qocaları, körpələri, qadınları
amansızcasına qətlə yetirirdilər. 1918-ci il iyul ayının
15-də Ələkbər bəy Xasməmmədovun başçılığı ilə Fövqəladə
Təhqiqat Komissiyası (FTK) yaradıldı. İstintaq
materiallarından məlum olur ki, ermənilər xalqımıza
qarşı nə qədər qətliamlar törətmiş və amansızlıqlar
etmişdilər. Məsələn, həmin komissiya 5 cilddən ibarət
materiallar topladı. Mən o materialları görmüşəm. O
dövrdə əhalinin çoxu savadsız olduğundan imza əvəzinə
barmaqlarını mürəkkəbə batırıb kağıza basırdılar.
Bununla da təsdiq edirdilər ki, doğrudan da ermənilər
bizə qarşı bu vəhşiliyi törədib.
- Bu qətliamlar təkcə Bakıda deyildi...
- Məsələ bundadır ki, bu hadisə təkcə mart ayında Bakıda
baş verənlərlə yekunlaşmadı. Bir qədər keçəndən sonra
ermənilər digər bölgələrdə də belə qətliamları həyata
keçirdilər. Şamaxının 53 kəndində mart-aprel aylarında
Stepan Lalayevin başçılığı altında 8027 nəfər qətlə
yetirildi, onlardan 4190-ı kişi, 2560-ı qadın, 1277
nəfər isə körpələr idi. Ölkəyə vurulan maddi zərər o
vaxtın pulu ilə 339,5 milyon manata çatmışdı. Qubada
Hamazaspın erməni cəza dəstələri hücuma keçdi. O zaman
Qubada 20 minə yaxın insan yaşayırdı. Mayın 1-dən 9-na
qədər bu qırğınlar davam etdi. 200-ə yaxın ev tamamilə
dağıdıldı. Təkcə mayın 1-də 713 nəfər qətlə yetirildi.
122 müsəlman kəndi dağıdıldı. 2800-dən çox insan qətlə
yetirildi.
Eyni zamanda Qarabağ bölgəsində, Şuşada, Cavanşir və
Cəbrayıl qəzalarında bu hadisələr törədildi. Şuşanı
mühasirəyə almışdılar və əhaliyə zülm edirdilər. Bu
mühasirə türklərin Azərbaycana gəlməsinə qədər davam
etdi. 1919-cu il yanvarın 29-da Xosrov bəy Soltanov
oraya general-qubernator təyin edildikdən sonra
situasiya sakitləşdi.
FTK-nın verdiyi məlumata görə, təkcə Zəngəzur bölgəsində
115 müsəlman kəndini tamamilə dağıtmış, 3257 kişi, 2276
qadın, 2196 uşaq qətlə yetirilmiş və ölkəyə 1 milyard
manat ziyan vurulmuşdu. Qətliamlara sentyabrın 15-də
türklərin Bakını azad etməsindən sonra tamamilə son
qoyuldu. Əgər Bakı şəhəri azad edilməsəydi, bu
qətliamlar davam edəcəkdi. Xalq Cümhuriyyəti dövründə
belə Qarabağ, Zəngəzur bölgələrində silahlı ermənilər
qətllər törətməyə meyillənirdilər. Amma Azərbaycan
ordusu bu hadisələrin qarşısını ala bilirdi.
- Belə bir fakt var, Britaniya hökuməti Şaumyana maddi
yardım edib? Bu fakt nə dərəcədə doğrudur?
- Əlbəttə, Bakı Sovetinə, Bakı Xalq Komissarları
Sovetinə ingilislər də, ruslar da dəstək verirdi. Amma
soyqırımında əsas dəstək Rusiyadan gəlmişdi.
İngilislərin isə Şaumyana yardımı Bakının türklər
tərəfindən azad olunması uğrunda gedən döyüşlərdə idi.
- Lenin Şaumyana yazdığı məktubda bildirir ki, biz
yalnız siyasəti fikirləşməliyik. Amma Şaumyan onun
məktubuna məhəl qoymur və qırğınlara başlayır. Səbəb nə
idi?
- Təbii ki, belə məktub var. Amma onun heç bir
əhəmiyyəti yoxdur. Şaumyanı Zaqafqaziya komissarı təyin
edən Lenin idi. O səlahiyyətləri Şaumyana elə Lenin özü
vermişdi. İkinci tərəfdən ermənilərin bir sözü var, hər
bir erməni həm də daşnakdır. Yəni ermənilər birinci
olaraq tapşırığı Daşnyaksütyun partiyasından alırdı.
- Bu hadisənin kökündə nə dayanırdı?
- Birincisi, ermənilərin Azərbaycan ərazilərində
özlərinə dövlət qurmaq istəyi. Çünki onlar bu dövləti
Türkiyə ərazilərində qura bilmədilər. XIX əsrin
sonlarında Zonquldağda, Vanda çoxlu üsyanlar törətdilər.
Amma oradan torpaq əldə edə bilməyəcəklərini başa
düşdülər. Yalnız Daşnyaksütyun partiyasının proqramında
XX əsrin əvvəllərində edilən dəyişiklikdən və oraya bir
maddə yazılandan sonra (biz yalnız Qafqaz, xüsusilə də
azərbaycanlılar yaşayan bölgədə özümüzə dövlət
qurmalıyıq) belə hadisələr sürətlənməyə başladı. 1905-ci
ilin fevral ayında ermənilər türk-müsəlman soyqırımını
törətmişdilər. 1918-ci il onun davamı idi. İkinci bir
tərəfdən isə ermənilər hər vasitə ilə Rusiyanın təhdidi
altında çalışırdılar ki, Bakı şəhəri Rusiyanın təsirində
qalsın. Yəni Şaumyanın Leninlə gizli yazışmaları bunu
bir daha sübut edirdi ki, ermənilərə gizli dəstək
verənlərdən biri də bolşeviklər idi. Ona görə türklərin
15 sentyabrda gəlib Bakını azad etməsi artıq bu
hadisələrə son qoydu, ermənilər başa düşdü ki, onlar
Bakıda heç bir gücə malik ola bilməyəcəklər.
- 1919-20-ci illərdə AXC həmin günü matəm elan etdi. Bəs
bu hadisələri dünyaya tanıtmaq üçün hansı işlər
görmüşdü?
- O zaman Versal sülh konfransına gedən nümayəndə
heyətimiz özləri ilə mart hadisələrini əks etdirən yüzə
qədər foto aparmışdılar. Beynəlxalq təşkilatlara təqdim
etmişdilər. Bu yaxınlarda həmin fotolar Fransadan
gətirilib.
- Siz bu hadisələri araşdıranlardan birisiniz. Soyqırımı
görən insanların xatirələrini toplaya bilmisinizmi?
- Mən soyqırımı görən insanların bir neçəsi ilə
1988-89-cu illərdə şəxsən danışmışam. Bakının
kəndlərində yaşlı insanlardan faktlar toplayırdım.
Məsələn, yazıçı Aqşin Babayevin atası Əlisəttar
Babayevlə görüşdüm. O hadisəni görmüşdü, danışanda nə
qədər həyəcanlanırdı, ağlayırdı. Deyirdi ki, biz o
vaxtlar uşaq idik. Amma gözümüzün qarşısında
atalarımızı, yaxın adamlarımızı öldürürdülər. Mən hələ
də o qoca kişinin hönkürtülərini unuda bilmirəm. |