Görkəmli bəstəkar Asəf Zeynallı barədə qardaşı qızı
Elmira Zeynallının təəssüratları
Rüfanə GÜNƏŞ, "Azərbaycan müəllimi"
r.qurbanova@muallim.edu.az
Bu
dəfə "Ömrün gizli səhifələri"ndə görkəmli bəstəkar Asəf
Zeynallının 23 illik həyatının və 7 illik
yaradıcılığının səhifələrini vərəqləyəcəyik. Onu da qeyd
edim ki, aprelin 5-də mərhum bəstəkarın anadan
olmasından 106 il ötür. Bəstəkarın qardaşı qızı ilə
görüşməyə gedirəm. Milli Konservatoriyanın nəzdində
Musiqi Kollecində görüşürük Elmira Zeynallı ilə. O,
üzünü görmədiyi, lakin valideynlərindən, əmisindən,
bacılarından eşitdiyi mərhum bəstəkarın həyat yolunun
maraqlı məqamlarını bizimlə bölüşməyə çalışır. Kollecdə
boş auditoriyaların birində söhbət edirik. Digər
otaqlardan birində tarda ifa edirlər. Elə tarın
müşayiəti ilə bu kollecin müəllimi olmuş Elmira Zeynallı
ilə söhbətə başlayırıq.
- Bildiyim qədər əminizi görməmisiniz...
- Xeyr, o, 1932-ci ildə rəhmətə gedib, mən 1940-cı ildə
doğulmuşam. Mənim 3 bacım var idi, onlar əmimi
görmüşdülər. İndi hamısı dünyasını dəyişib.
- Asəf Zeynallı Dərbənddə doğulub, sonra Bakıda yaşayıb.
Necə olub ki, Bakıya gəlib?
- Atamgil 3 qardaş olub, ən kiçiyi Asəf idi. Asəfin 1
yaşı olanda ataları Zeynalabdin dünyasını dəyişir.
Ataları dünyasını dəyişəndən sonra nənəm Əsbənd ailəni
çətinliklə dolandırır. Atam 19-20 yaşında gənc ikən
bütün ailənin yükünü götürüb üzərinə. 1920-ci ildə atam
ailə ilə birlikdə Bakıya köçür. Hələ Dərbənddə olarkən
Asəf peşə məktəbində oxuyurdu.
- Bəs onda musiqi istedadı hardan idi?
- Nənəmin gözəl musiqi duyumu var imiş, özü də yaxşı
qarmon çalırmış. Nənəm qarmonda xalq mahnılarını ifa
edəndə Asəf bütün iş-gücün atıb ona qulaq asırmış.
Bakıda yaşayanda da keyfi olmadığı zamanlarda Asəf
anasına deyirmiş ki, çal. Ona xoş gəlirdi. Ona görə də
musiqiyə uşaqlıqdan alışmışdı. Dərbənddə "Realnıy
uçiliş"də (peşə məktəbində) oxuduğu zamanlarda klarnetdə
ifa edirdi.
- Nənəniz və babanız nə işlə məşğul idi?
- Babam bağban, nənəm evdar xanım olub.
- Asəf Zeynallının digər qardaşları da musiqi ilə məşğul
olurdu?
-
Atam və əmimin musiqi anlayışları yox idi. Əmim hərbiçi
olub. O mənə danışırdı ki, bir dəfə Asəflə Təzəpir
məscidinin yanından keçirdik. Azan veriləndə, dayanıb
qulaq asırdı. Əmim soruşub ki, Asəf, nə oldu? Deyib ki,
dayan, sən başa düşməzsən. Deyir ki, azan bitəndən sonra
soruşdum ki, niyə durmuşdun. Cavab verib ki, mən onu
yazırdım, nota alırdım.
Bir dəfə də deyirdi ki, evdə oturmuşduq. Bayırda bərk
külək əsirdi. Tez-tez şahidi olduğumuz güclü Bakı
küləklərindən idi. Birdən pəncərə açıldı və pəncərənin
şüşəsi gurultu ilə sınıb yerə düşdü. Asəf bu səsi də tez
nota aldı və dedi ki, simfoniya yazanda mənə lazım
olacaq. Doğrudan da həmin səslərdən Asəfin sonralar
orkestr üçün yazdığı 7 süitadan ibarət "Fraqmentlər"də
istifadə olunub. Həmin "Fraqmentlər"ə qulaq asarkən bunu
ayırd etmək olur. Mən özüm də bunun şahidi olmuşam.
1969-cu ildə Asəf Zeynallının 60 illiyi keçiriləndə
rəhmətlik maestro Niyazi bu münasibətlə filarmoniyada
Asəfin əsərlərindən ibarət çox gözəl bir konsert təşkil
etmişdi. Həmin konsertdə simfonik orkestrin ifasında
Asəfin "Fraqmentlər"i də səsləndirildi. Onun bir yerində
sanki şüşə qırılıb yerə tökülürdü...
- Bəs Dərbənddən Bakıya köçəndən sonra həyatları necə
olub?
- Qardaşının musiqiyə olan marağını görən atam deyir ki,
gedək Bakıya, Asəfi Üzeyir bəyə (Üzeyir Hacıbəylini
nəzərdə tutur) göstərim. Bakıya gəlirlər, əmimi 9 illik
məktəbə qoyurlar. Orda oxuyur, həm də eyni zamanda əsər
də yazır. Atam gətirir onu Üzeyir bəyin yanına, onun da
xoşuna gəlir. Deyir ki, gəlsin musiqi kollecində
oxusun. Asəf truba üçün əsər yazır, konsertdə ifa edir
və hamı tərəfindən bəyənilir. Kolleci bitirəndən sonra
konservatoriyaya daxil olur. İlk peşəkar bəstəkardır ki,
konservatoriya bitirib. Orda da müəllimlər onun
istedadına heyran idi. Leopold Rostropoviçdən (Mstislav
Rostropoviçin atası) dərs alıb. Pianinoda, klarnetdə,
trubada, tarda, violençeldə çalırdı. Tələbə ola-ola özü
də konservatoriyada dərs deyirdi. Onun tələbələrindən
Tofiq Quliyev, Cövdət Hacıyev, Qara Qarayev, Əminə
Dilbazinin adını çəkə bilərəm.
-
Tofiq Quliyev, Qara Qarayev Asəf Zeynallı barədə nə
danışırdılar?
- Tofiq Quliyev deyirdi ki, Asəf müəllimi çox sevirdik.
Asəf müəllim hara gedirdi, onun dalınca gedirdim. Fəxr
edirdim ki, onun tələbəsiyəm.
- Ən yaxın dostları kimlər idi?
- Ən yaxın dostları aktyor Hüseynqulu Sarabski, həkim
Fuad Əfəndiyev, dirijor Əşrəf Həsənov, bəstəkar Səid
Rüstəmov, violençel çalan Ələkbər Daşdəmirov olub.
Bülbül ilə çox yaxın idi, "Ölkəm" romansını demək olar
ki, Bülbülə həsr edib. Cəfər Cabbarlı ilə münasibəti
olub. Asəf onun əsərlərinə musiqi yazırdı və teatrda
tamaşaya qoyurdu.
- Bəstəkar olaraq hansı ilklərə imza atıb?
- Təhsil ala-ala əsərlər yazırdı. Azərbaycanda romans,
uşaq süitası janrlarının banisi Asəf Zeynallıdır.
Skripka üçün əsəri də ilk dəfə o yazıb. 1928-1931-ci
illər onun yaradıcılığının ən gözəl illəridir.
"Fraqmentlər süitası" simfonik əsərini o dövrdə yazır.
Leninqrada konsertə gedirlər, onun da əsərləri çalınır,
eyni zamanda əsərlərinə dirijorluq da edir.
-
Eşitdiyimə görə, Asəf Zeynallı o dövrdə tarı müdafiə
edənlərdən biri olub. Buna görə onun üçün hansısa
problemlər yaranıbmı?
- Elədir, Asəf o zamanlar tarı çox tərifləyib. Hətta
"Tarın müdafiəsi" adlı məqalə də yazıb və burada tarı
ləğv etmək istəyənlərə ciddi etirazını bildirir. Xalq
Komissarlığına gedir və çıxış edir. Evdə ailəsi də
qorxur ki, gedərsən sənin üçün pis olar. Amma əmim heç
kimin sözünə baxmır, gedir. Anam rəhmətlik danışırdı
ki, o müdafiədən gələnə qədər nə çəkdik, bir Allah
bilir. Amma çıxışı çox yaxşı keçir. Onu da deyim ki,
1937-ci ilə qədər yaşasaydı, yəqin repressiya qurbanı
olardı.
- Nəyə hirslənərmiş?
- Düzgünlük olmayanda əsəbiləşirmiş.
Ailəyə çox mehriban adam olub. Dərbənddə bizim üzüm
bağlarımız olub. Qızları (bacılarımı) aparırdılar ora.
Ələkbər Daşdəmirova yazdığı məktubda əmim deyirdi ki,
qızlara baxıb elə sevinirəm. Anam danışırdı ki, o
pianinoda çalanda kimsə mane olurdusa əsəbiləşirdi.
Qapını bağlayırdıq ki, uşaqlar mane olmasın.
-
Musiqidən kənar nə ilə məşğul olurmuş?
- İdmanla məşğul olur, çimərliyə gedib üzməyi sevərmiş.
Universitetə girmək, dil, fəlsəfə öyrənmək istəyirmiş. "Musiqi
nəzəriyyəsi" kitabının 3 müəllifindən biri idi.
- Bəs ölümünə səbəb nə idi?
- 1932-ci ildə Bülbül əmimə deyir ki, gəl gedək Qarabağa,
orada xalq mahnılarını nota alaq. Mən oxuyum, sən nota
al. Əmim getmək istəmir, çünki vaxtı yox idi. Teatrda
əsərlərə musiqilər yazırdı. Həm də ictimai işlərlə
məşğul idi. Sonra onu konservatoriyadan Qarabağa
göndərirlər, onlarla birlikdə Bülbül də gedir. 50-dən
çox xalq mahnısını nota alırlar. Ordan qayıdanda yolda
xəstələnir, qarın yatalağına tutulur. Gəlir xəstəxanaya,
amma xəstəxanadan çıxmır.
- Bülbül onunla Qarabağdaki səfərindən nə danışıb?
-
Heç nə demirdi. Bircə onu deyirdi ki, nəsə yeyib, ona
toxunub.
- Son günlərini necə xatırlayırdı ailəniz?
- "Bakı" simfoniyasını yazmaq istəyirdi. Fraqmenti
yazmışdı, qalmışdı simfoniya. Xəstəxanada olduğu
zamanlarda divara notlar yazırmış, soruşanda deyirmiş ki,
bu mənim simfoniyam olacaq.
- Ölümündən sonra nənəniz...
- Nənəm çox pis keçirib onun vəfatını. Bacılarım deyirdi
ki, onun vəfatından sonra səs sala bilmirdik. Nənəm
qoymurdu. Xeyli vaxtdan sonra, qardaşım doğulanda nənəm
təskinlik tapdı. Amma 1942-ci ildə dünyasını dəyişdi.
Hələ anam danışırdı ki, dostları onun ölümünə inanmırdı.
O, rəhmətə gedəndən sonra Hüseynqulu Sarabski özünü
saxlaya bilmirdi, elə hey ağlayırdı. Asəf gənc qızların
da sevimlisi olub. Kövkəb Səfərəliyeva (Milli
Konservatoriyanın nəzdində Musiqi məktəbinin direktoru)
ilə yaxın dost olublar. Hətta deyilənlərə görə Kövkəb
xanımın ondan çox xoşu gəlib, sevib Asəfi.
- Elə mən də onu soruşmaq istəyirdim ki, Asəf müəllimin
istədiyi xanım olub?
- Kövkəb xanım, Marqarita Yepifanova, Xurşid Ağayeva,
daha bir çox xanımların Asəfdən ötrü ürəyi gedirdi. Amma
Kövkəb xanım onu istəyirdi. Ona görə də heç bir zaman
evlənmədi. Asəfin vəfatından sonra bizə tez-tez
gələrdi. Asəfə gəldikdə isə Leninqrada konsertə gedəndə
bir rus qızından xoşu gəlmişdi. Nənəm o qızla
evlənməsinə icazə vermirdi.
- Bəs o qızın adı, sənəti nə idi?
- Musiqiçi idi, nədə ifa edirdi, bilmirdik. Amma dəfninə
gəlmişdi. Anam deyir ki, görən kimi başa düşdük həmin
qızdır. Yaxşı qarşıladıq.
- Bildiyim qədər konservatoriya bir müddət onun adını
daşıyıb
- O rəhmətə gedəndən sonra Üzeyir bəy belə qərara gəldi
ki, konservatoriyanı Asəf Zeynallı adına eləsinlər.
Konservatoriya 1948-ci ilə qədər - Üzeyir bəyin vəfatına
qədər əmimin adını daşıdı. Sonra gəlib atamdan icazə
istədilər ki, konservatoriya Üzeyir bəyin, onun
nəzdindəki musiqi kolleci isə Asəf Zeynallının adına
olsun. Atam dedi ki, söz ola bilməz, elə də olmalıdır.
- Sizə ondan nələr qalıb?
- Ağ-qara şəkilləri, notları, tamamlanmamış simfoniyası,
fraqmenti.
- Ailənizdə adını daşıyan varmı?
- Bəli, əmimoğlu Asəf onun adını daşıyır. Amma təəssüf
ki, heç biri musiqi sənətini davam etdirmədilər.
- Dərbənddəki evdə olmusunuz?
- O evdə indi başqaları yaşayır. Mən Dərbənddə olanda
gedib o evə də baxdım. Onun 60 illiyində Dərbənddə
konsert verdik. Təəssüf ki, orada ata tərəfdən
qohumlarımız qalmayıb.
Bu yerdə müsahibəmiz yekunlaşır. Elmira xanıma təşəkkür
edib, sağollaşıram. |