Samirə KƏRİMVA,
"Azərbaycan müəllimi"
s.kerimova@ muallim.edu.az
Təhsil
Nazirliyinin Milli Təhsil Texnologiyaları Mərkəzi
qeyri-hökumət təşkilatı ilə birlikdə reallaşdırdığı
"Sağlam təhsil-sağlam millət" layihəsi təhsilalanların
sağlamlığının qorunması istiqamətində atılan vacib
addımlardan biridir.
Məlumat üçün bildirək ki, "Sağlam təhsil-sağlam millət"
layihəsi çərçivəsində Bakı şəhərinin 5 (23, 114, 214, 83
və 26), Sumqayıt şəhərinin 1 (31 nömrəli) ümumtəhsil
müəssisəsində ümumilikdə 15 "Sağlam təhsil sinfi"
yaradılıb. Layihəyə başlamazdan əvvəl Azərbaycan
məktəblilərinin sağlamlıq vəziyyətini tədqiq etmək
üçün monitorinqlər həyata keçirilib. Bu sahədə görülən
işlərin elmi-nəzəri və praktik keyfiyyətini təmin etmək
məqsədilə tibb, pedaqogika və gender sahələri üzrə
ekspertlər cəlb edilib.
Bununla bağlı həmçinin dünyanın qabaqcıl təcrübəsi
araşdırılıb. ABŞ, Avropa Birliyi, Yaponiya, Finlandiya,
Ukrayna və Rusiyada görülən işlər ətraflı təhlil olunub.
Mütəxəssislər qeyd edirlər ki, təhsil müddətində oturaq
həyat şəraitinin olması şagirdlərin fiziki və psixoloji
sağlamlığına mənfi təsir göstərir. Təkcə ötən tədris
ilində respublikamızın məktəblərində 2500 şagirdin
bununla bağlı cəlb olunduğu monitorinqlər zamanı məlum
olub ki, uşaqların qamətində, görmə qabiliyyətində,
ürək-damar sistemində artıq bir çox problemlər yaranıb.
Məktəbi bitirərkən isə uşaqların 50 faizində görmə
qabiliyyətinin zəifləməsi, 48 faizində isə qamətlə bağlı
problem olur. Araşdırmalar göstərir ki, sağlam olmaq
üçün oğlanlar qızlara nisbətən 3-5 dəfə daha artıq
fiziki fəal olmalıdırlar.
Əldə edilən ilkin nəticələrə əsasən "Sağlam
təhsil-sağlam millət" layihəsinin pilot layihə olaraq
tətbiqinə qərar verilib. Onu da bildirək ki, yuxarıda
adları qeyd edilən ümumtəhsil müəssisələrinin I
siniflərində yaradılan "Sağlam təhsil sinif"ləri
tibbi-gigiyenik tələblər baxımından tərtib və təchiz
edilib.
Bəs görəsən, 2014-2015-ci tədris ilindən reallaşdırılan
"Sağlam təhsil-sağlam millət" layihəsi haqqında
müəllimlər, mütəxəssislər, psixoloqlar, valideynlər və
şagirdlər nə fikirdədirlər? Əksər mütəxəssislər
tərəfindən əslində təhsilalanların sağlamlığını
qoruyan, təlim və yaradıcılıq nailiyyətlərini yüksəldən
təhsil texnologiyaları kimi dəyərləndirilən bu layihə
adları qeyd olunan məktəblərdə necə həyata keçirilir?
Tətbiqinə start verildiyi vaxtdan keçən müddət ərzində
özünü doğrulda bilibmi?
Suallarımıza aydınlıq gətirmək və "Sağlam
təhsil-sağlam millət" layihəsi çərçivəsində görülən
işlərlə yerindəcə tanış olmaq məqsədilə Bakının 214
nömrəli tam orta məktəbində olduq.
Təhsil ocağında 3 "Sağlam təhsil sinfi" yaradılıb
Yaqut Məmmədova,
214 nömrəli tam orta məktəbin direktor əvəzi
- 1800-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 152
müəllimin məşğul olduğu ümumtəhsil müəssisəsində "Sağlam
təhsil-sağlam millət" layihəsi çərçivəsində 3 "Sağlam
təhsil sinfi" yaradılıb. Övladını birinci sinfə gətirən
valideynlər ilk vaxtlar onları həmin siniflərə qoymağa
tərəddüd etsələr də sonradan təlim şəraitini,
uşaqlarının bilavasitə sağlamlığına yönələn mühiti
gördükdən sonra məhz burada təhsil almalarını istədilər.
Həmin siniflərə valideynlərin marağı getdikcə artır.
Artıq digər valideynlər də övladlarını belə siniflərdə
oxutdurmaq istəyirlər. Gələn ildən imkan olarsa, bu
siniflərin sayını artımaq istərdik.
Bilirsiniz, yaşadığımız müasir dövrdə informasiya
texnologiyalarının sürətli inkişafı və onlardan
uşaqların geniş istifadə etməsi, təhsil müddətində,
eləcə də evdə daha çox oturaq həyat tərzi keçirmələri,
habelə digər amillər Azərbaycanın gələcək nəslinin
sağlam böyüməsində ciddi fəsadlara gətirib çıxara bilər.
Təhsil Nazirliyinin bu məsələləri diqqətdə saxlaması və
"Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində
"Sağlam təhsil sinfi"nin yaradılmasını uşaqların
sağlamlığı ilə bağlı problemlərin həlli istiqamətində
atılan ən mühüm addımlardan biri kimi qiymətləndirirəm.
Layihə biz təhsil işçiləri, eyni zamanda valideynlər
tərəfindən böyük rəğbətlə qarşılanıb.
"Balacalar belə siniflərdə özlərini daha rahat hiss
edirlər
Vüsalə Məmmədova,
məktəbin psixoloqu
- Bu layihənin tətbiqinin ilk günlərində pilot
siniflərdə təhsil alan uşaqların valideynləri ilə
görüşlərim zamanı onun faydasından danışanda
deyilənlərin maraqla qarşılandığını gördüm. Onu da qeyd
edim ki, valideynlər layihəni çox dəstəkləyirlər.
Sinifdə şagirdin az olması onun keçilən dərslərin daha
rahat və asan qavramasına, həmçinin müəllimə hər gün
bütün uşaqlarla eyni dərəcədə məşğul olmasına şərait
yaradır. Burada şagird sıxlığı yoxdur.
İlk dəfə məktəb həyatına qədəm qoyan uşaqlar bu sinifdə
məktəb stressi yaşamırlar. Sinfin özünəməxsus tərtibatı
var, burada əsl yaradıcı bir mühit formalaşıb.
Müəllimlərin şagirdlərə yanaşma tərzi, ünsiyyəti də bir
başqadır. Şagirdlər bu siniflərə böyük həvəs və sevinc
hissi ilə gəlirlər, onlarda əksər birincilərə məxsus
qorxu hissi, depressiyaya düşmək halları demək olar ki,
yoxdur. Balacalar belə siniflərdə özlərini daha rahat,
komfortlu hiss edirlər, dərslərdə aktiv və fəaldırlar.
"Şagirdlərlə birlikdə xüsusi tapşırıqları yerinə
yetiririk"
İradə Mehdiyeva,
"Sağlam təhsil sinfi"nin ibtidai sinif müəllimi
- Onu xüsusi qeyd etmək istərdim ki, layihə biz
müəllimlərin də ürəyincədir. Şagirdlər sinifdə özlərini
rahat hiss edirlər. Onların sağlamlıqlarının qorunmasına
əhəmiyyətli kömək göstərən bu layihə, deyərdim ki,
unikallığı ilə fərqlənir. Burada elə şagirdlər var ki,
onlarda gözlə, qamətlə bağlı problemlər var idi. Artıq
bu sinifdə onlar üçün yaradılmış fərqli bir mühit ötən
müddət ərzində həmin şagirdlərin səhhətlərində müəyyən
müsbət irəliləyişlərin olmasına əhəmiyyətli dərəcədə
təsir göstərib. Uşaqların ayaqlarını taxtadan
düzəldilmiş xüsusi massaj xalçalarının üstünə qoymaları
da onların sağlamlıqlarına mütəxəssislər tərəfindən nə
qədər önəm verilməsindən xəbər verir.
Onu da qeyd edim ki, layihə təkcə şagirdlərin deyil,
müəllimlərin də öz sağlamlıqlarının qeydinə qalmasına
imkan verir. Bilirsiniz ki, "Sağlam təhsil sinfi"ndə
şagirdlərlə yanaşı müəllimlər üçün də ayaqüstə dayanmağa
hündür, həm də oturacaqlı masa quraşdırılıb. Biz də hər
15 dəqiqədən bir yerimizi dəyişirik, əsasən ayaqüstə
oluruq və şagirdlərimizlə birlikdə sağlamlığa xidmət
edən xüsusi tapşırıqları yerinə yetiririk.
"Övladımın sağlam böyüməsi mənim üçün vacib şərtdir"
Təranə Babayeva,
valideyn
- İlk öncə deyim ki, hər zaman yenilikləri qəbul edən
bir insanam. Təhsil Nazirliyi tərəfindən həyata
keçirilən "Sağlam təhsil-sağlam millət" layihəsi barədə
kifayət qədər məlumatlıyam. Eşidəndə ki, bu məktəbdə
layihə çərçivəsində "Sağlam təhsil sinif"ləri yaradılıb,
çox sevindim. Hər bir valideyn kimi mən də uşağımın
oxuduğu müddətdə keyfiyyətli təhsil almasını, təlim
nailiyyətlərinin yüksək olmasını istəyirəm. Eyni zamanda
övladımın sağlam böyüməsi də mənim üçün vacib şərtdir.
Oğlum bu sinifdə təhsil alır. Buradakı mühit,
müəllimlərin şagirdlərə olan münasibəti, tədris prosesi
məni qane edir. Həftənin istirahət günlərində uşaqların
ev tapşırıqları ilə yüklənməməsini də dəstəkləyirəm. Bu
siniflərdə uşaqlar daha rahat və öz fikirlərini
söyləməkdə sərbəstdirlər. Oğlumu bu sinfə qoymaqla heç
də yanılmadığımı düşünürəm. Burada onun həm
sağlamlığına, həm də təhsilinə xüsusi diqqət verilir.
"Sağlam təhsil sinfi" inteqrativ dərslərə daha çox yer
verməsi ilə seçilir
Naidə Hüseynova,
"Sağlam təhsil sinfi"nin ibtidai sinif müəllimi
- "Sağlam təhsil" pilot sinfi o biri siniflərdən
fərqliliyi ilə seçilir. Sinif otağına ayaq atdığın
zaman, obrazlı şəkildə desək, sanki insan özünü
səyahətdə hiss edir.
Sinif otağının küncü yoxdur, hər tərəf dairəvidir,
hündür və oturacaqlı masalar, divarda olan ağac
təsviri daha çox yaşıllığın olması, tavan və divarda
çəkilmiş buludların təsviri, tavandakı işıqlar isə
sanki o səyahətə bir addımın qalmasından xəbər verir.
Pilot siniflərdə öyrənmə hərəkətdə baş verir. 15
dəqiqədən bir hündür masalarda ayaqüstə dayanan uşaqlar
oturacaqlı masalara, oturacaqlı masalarda əyləşən
uşaqlar hündür masalara keçməklə yerlərini dəyişirlər.
Göz əzələlərini və dayaq-hərəkət aparatını məşq
etdirən Dr.Bazarnının Vizual Vestibulyar Məşqçi Sistemi
trenajorunda şagirdlər 1-ci siqnalda yanan işıqları əl
çalmaqla tuturlar. Bu zaman uşaqlarda yan görmənin və
reaksiyanın inkişafı, qan dövranının aktivləşməsi və
dayaq-hərəkət aparatının güclənməsi baş verir. Növbəti
15 dəqiqədə 2-ci siqnal çalınır, tavanda öz əksini tapan
Universal Simvollar Sxemi üzrə məşğələ keçirilir.
Uşaqlar göz və əllərlə nişan alaraq oxlar istiqamətində
də müəyyən olunan sxem üzrə məşğələni davam etdirib
yerlərini dəyişirlər.
Sual oluna bilər ki, hündür masalarda uşaqlar yazını
necə yaza bilirlər? Masalar sagirdlərin boyuna uyğun
tənzimlənir, işçi səthi 16 dərəcə mailliliyi təmin edir.
Sinifdə didaktik asqılar var ki, oraya mövzuya uyğun
şəkillər, materiallar asılır və sonra götürülür. Məqsəd
odur ki, şagirdlər davamlı olaraq yenilənən təlim
materiallarını maraq dairəsində saxlayır, bu zaman
onlarda "duyumluluğun" itməməsi baş verir.
İbtidai siniflərdə şagirdlərdə təlim marağını
yüksəltmək, ətraf aləmi tam dərk etməsi, onlarda
yaradıcı təfəkkürü inkişaf etdirmək bu gün ən aktual
məsələlərdən biridir. Bu baxımdan, "Sağlam təhsil
sinfi" uşaqların yüksək təlim və yaradıcılıq
nailiyyətlərinə nail olmaq üçün inteqrativ dərslərə
daha çox yer verməsi ilə seçilir.
Dərslərimizi keçərkən şagirdlərdə dərsə maraq, müəyyən
hadisələrə emosiya və reaksiya o qədər güclü baş verir
ki, onlar axtarış fəaliyyətində olduğunu hiss edirlər.
Bu da balacaların yaddaşında həkk olunur. Dərin
təəssürat almış şagird yaddaşında həkk olunanları əl işi
vasitəsilə -şəkil çəkmə, yapma, qurma, yonma, oyma ilə
yerinə yetirir. Sonra isə uşaqlar yaddaşlarında həkk
olunanları və əlləri ilə yaratdıqları barədə danışır və
ya yazırlar.
Dərs başa çatdıqdan sonra tənəffüslərdə də oğlanlar
sinifdə quraşdırılan turnikdə dartınır, qızlar arasında
isə oturub-durma yarışı keçirilir.
"6 minə yaxın şagird müayinələrə cəlb olunub"
Nigar Süleymanzadə,
"Sağlam təhsil-sağlam millət" layihəsinin
tibbi-gigiyenik blokunun eksperti, ATU-nun dosenti
- Bir həkim kimi onu deyə bilərəm ki, təhsil müddətində
oturaq həyat şəraitinin olması şagirdlərin fiziki və
psixi sağlamlıqlarına mənfi təsir göstərir.
Biz tibb mütəxəssisləri "Sağlam təhsil-sağlam millət"
layihəsi çərçivəsində Təhsil Nazirliyinin sifarişi
əsasında Milli Təhsil Texnologiyaları Mərkəzinin
təşkilatçılığı və "Coca-Cola"şirkətinin dəstəyi ilə
məktəblilərin sağlamlıq vəziyyətinin müayinəsini
keçiririk. 4 mərhələdə aparılması nəzərdə tutulan tibbi
monitorinqlərdə şagirdlərin bir neçə dəfə müayinəsinin
keçirilməsi planlaşdırılıb.
Məlumat üçün bildirim ki, indiyə qədər artıq iki
mərhələsi keçirilən tibbi monitorinqlər zamanı Bakının
5, Sumqayıtın isə 1 məktəbində 6 minə yaxın I,V və X-XI
sinif şagirdləri müayinələrə cəlb olunub.
Müayinələrin birinci mərhələsi 2014-cü ilin may-iyun
aylarında təşkil edilib. Müayinələrdə əsas məqsəd
məktəblilərin psixi-fiziki sağlamlıq vəziyyətinin
araşdırılması olub. Bəzi statistik rəqəmləri diqqətə
çatdırmaq istərdim. Belə ki, müayinələrin bu
mərhələsində birinci sinfi bitirən şagirdlərin 51,4, V
sinfi bitirən şagirdlərin 51,8, X-XI sinifləri bitirən
şagirdlərin isə 40,9 fazində qamət problemi aşkar
edilib. Buraxılış sinif şagirdlərinin 45 faizində
uzaqdan görmə itiliyi ilə bağlı problemlər olduğu aşkar
edilib.
2014-cü ilin sentyabr-oktyabr aylarında keçirilən ikinci
müayinənin nəticələri göstərib ki, məktəbə yeni qəbul
olunmuş birinci sinif şagirdlərinin 32,8, V sinif
şagirdlərinin 40,3 və X-XI sinif şagirdlərinin 42,6
faizində qamət problemi var.
Ümumiyyətlə, birinci mərhələdə müayinəyə cəlb edilən
məktəblilərin 33,6, ikinci mərhələdə isə 32,3 faizində
uzaqdan görmə itiliyi ilə bağlı problemlər aşkar edilib.
Hazırda monitorinqin üçüncü mərhələsi üzrə işlər
aparılır. Dördüncü mərhələ isə tədris ilinin sonunadək
həyata keçiriləcək.
Onu da qeyd edim ki, oğlan və qızların fiziki inkişafı
vəziyyəti təhlil edilərkən aşkar edilmiş faktlar
xüsusilə diqqəti cəlb edir. Belə ki, fiziki inkişafın
pozulması halları buraxılış siniflərindəki qızların 20,
oğlanların isə 40 faizində müəyyən edilib. Faktlar onu
göstərir ki, eyni təhsil şəraitində oğlanlar arasında
fiziki inkişaf problemləri qızlardan iki dəfə çoxdur.
Biz də o fikirlə razıyıq ki, oğlanların qızlardan 3-5
dəfə daha çox hərəkət etməsinə ehtiyac var. Bu məqsədlə
uşaqların hərəki fəallığa həvəsləndirilməsi, onların
müxtəlif idman məşğələlərində iştirakının əhəmiyyəti
barədə valideynlər arasında mütəmadi söhbətlər
aparılmalıdır və sevinirəm ki, artıq bu məsələ öz
həllini tapmaqdadır.
Bilirsiniz, 4 mərhələli müayinənin birinci mərhələsi
mövcud vəziyyəti öyrənməyə xidmət edirdisə, digər
mərhələlər Bakı və Sumqayıt şəhərlərinin 6 ümumtəhsil
məktəbinin 15 birinci sinfində tətbiq edilən sağlam
təhsil texnologiyalarının səmərəliliyi vəziyyətinin,
"Sağlam təhsil sinif"lərində tədris ili ərzində
şagirdlərin psixi-fiziki sağlamlıq dinamikasının
öyrənilməsi məqsədilə həyata keçirilir. Belə siniflərin
nəticələrini sağlam təhsil texnologiyaları tətbiq
edilməyən siniflərin nəticələri ilə müqayisəli təhlil
etmək üçün qeyri-pilot birinci siniflərdə də oxşar
müayinələr aparılır.
Həkim kimi yeni yaradılmış "Sağlam təhsil sinfi"ni
təqdir edirəm. "Sağlam təhsil-sağlam millət" layihəsi
son dövrlər biz həkimlərin xüsusilə təhsil həyatı
keçirən uşaqların sağlamlığı ilə bağlı keçirdiyimiz
narahatlığımıza, belə demək olarsa, son qoyub.
"Burada təhsil almaq xoşuma gəlir"
Ləman Rəsulova,
"Sağlam təhsil sinfi"nin I sinif şagirdi
Bu sinifdə təhsil almaq xoşuma gəlir. Burada həm dərs
oxuyur, həm də idman hərəkətləri edirik.
Müəllim bizə tapşırıqlar verir, həvəslə onları yerinə
yetiririk. Sinifdə olan hər bir şey bizə maraqlıdır.
Müəllimimiz mehriban danışır, biz də ona öz
fikirlərimizi söyləyirik. Dərslərimizə hər gün
hazırlıqlı gedirik. Hər 15 dəqiqədən bir olan xüsusi
tapşırıqları böyük həvəslə yerinə yetiririk. Mən
ayaqüstə dayanmağı xoşlayıram. Ayaqüstə dayanmaqla lap
tez böyüyəcəyəm.
|