Ustad
Şəhriyarın həyat hikmətindən və şair qənaətindən
qaynaqlanan belə bir məşhur beyti var:
"Könül verdiyin iş ucaldar səni,
Könül vermədiyin qocaldar səni".
İnsanla onun seçdiyi peşə, sənət, özünü həsr etdiyi
fəaliyyət sahəsi arasındakı uyğunluğun, bir növ,
fəlsəfəsini əks etdirən bu sözlərdə böyük həqiqət var.
Doğrudan da, insan özünün istedad və qabiliyyətlərinə
uyğun peşə-sənət seçdikdə, xoşladığı işlə məşğul olduqda
onun uğur şansı yüksək olur. Çünki həyatda özünütəsdiqə,
uğurlu karyeraya, sənətinin kamil bilicisi kimi
tanınmağa, sevilməyə gedən yol sevib-seçdiyin, "könül
verdiyin" işə, sənətə məhəbbətdən keçir. Əgər bu
məhəbbət güclüdürsə, daimidirsə həmişə insanı irəliyə
aparır, ona sərf etdiyi əməkdən məmnunluq gətirir. Bu
mənada öz işini, sənətini sevənlər və bu sevgi fonunda
həyatda ucalanlar xoşbəxt insanlardır. Belə insanlardan
biri haqqında söz açmaq istəyirik. Onun adı, soyadı
Rahim Hüseynov, sənəti müəllimlik, iş yeri Bakı şəhər
193 nömrəli tam orta məktəb, vəzifəsi isə
direktorluqdur. Şairin təbirincə desək, könül verdiyi
müəllimlik sənəti, müəllim kimi, elmi-pedaqoji
araşdırmaçı kimi seçdiyi fəaliyyət sahələri onu
ucaltmış, yaxşı müəllim, təhsil təşkilatçısı, alim kimi
tanıtmışdır.
Hər birimizin tərcümeyi-halında önəmli hadisələr,
tarixlər olur. Rahim müəllimin də bioqrafiyasında
yaddaqalan məqamlar çoxdur. Onlardan birini xüsusi qeyd
etmək istərdik. 1989-cu ildə Belarusun Qomel şəhərində
ümumittifaq elmi-praktik konfransı keçirilirdi.
Konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin
tərkibində gənc alim Rahim Hüseynov da var idi. Tanınmış
pedaqoq-alim, professor Əjdər Ağayev özünün də
iştirakçısı olduğu həmin konfransı R.Hüseynov haqqında
bir yazısında belə xatırlayır: "Konfransın birinci günü
proqram üzrə digər alimlərin məruzələri dinlənildi,
yarımsaatlıq sual-cavabla yekunlaşdırıldı. Konfransın
ikinci günü saat 10-dan 11-dək Azərbaycan
nümayəndələrinin çıxışlarına vaxt ayrılmışdı. Rahim
Hüseynovun beynəlxalq təcrübəni, xüsusilə Avropa,
Amerika təcrübəsini təhlil edən məruzəsindən sonra bu
müddət saat 14-dək uzadıldı. Ona müxtəlif məzmunlu
suallar verildi. Rahim Hüseynovun ətraflı, yeni
məlumatlarla zəngin cavabları konfrans iştirakçılarını
heyrətdə qoymuşdu. O üç saat yarımlıq şərh və izahları
ilə Azərbaycan alimi obrazının parlaq simasını
yaratdı".
Rahim Həsən oğlu Hüseynov 1955-ci il martın 15-də Bakı
şəhərində müəllim ailəsində dünyaya gəlib. 1972-ci ildə
Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbi bitirdikdən
sonra indiki Azərbaycan Dillər Universitetində ali
təhsil alıb. 1976-cı ildə universitetdən ingilis dili
müəllimi ixtisası üzrə məzun olan R.Hüseynov
1976-1977-cı illərdə Sumqayıt Kimya Birliyində texniki
tərcüməçi işləyib. Elə buradan da ordu sıralarına
xidmətə gedib. Həqiqi hərbi xidmətini başa vurduqdan
sonra 1979-1983-cü illərdə indiki Sumqayıt Dövlət
Universitetində ingilis dili müəllimi işləyib, eyni
zamanda universitetin Komsomol Komitəsinin katibi olub.
Təhsilini artırmaq arzusu və elmi-tədqiqatlara həvəsi
1983-cü ildə onu Azərbaycan Dövlət Elmi-Tədqiqat
Pedaqoji Elmlər İnstitutuna gətirib. İnstitutun
pedaqogika üzrə əyani aspiranturasında oxuyub.
Aspirantura illəri Rahim müəllimi həm də fəal araşdırıcı
kimi tanıdıb. O, texniki peşə məktəbi şagirdlərinin
vətəndaşlıq tərbiyəsi mövzusunda apardığı tədqiqatın
nəticələri barədə dövri mətbuatda bir sıra maraqlı
məqalələrlə çıxış edib.
1986-cı ildə aspiranturanı bitirib elə həmin institutun
pedaqogikanın nəzəriyəsi və tarixi şöbəsində elmi işçi
vəzifəsini daşıyıb.1988-ci ildə isə tədqiqat apardığı
mövzu üzrə yazıb hazırladığı dissertasiyasını uğurla
müdafiə edərək pedaqoji elmlər namizədi elmi adına layiq
görülüb. Elə həmin ildən Azərbaycan Dillər
Universitetinin pedaqogika kafedrasında baş müəllim,
dosent vəzifələrində işləyib.
Ölkəmizin ictimai-siyasi həyatında fəallıq, milli oyanış
dövrü kimi xarakterizə edilən ötən əsrin 80-ci illərinin
sonu müasir təhsil, pedaqoji fikir tariximizə də yeni
yanaşmaların meydana gəlməsi illəri kimi düşüb. Həmin
illərdə respublika üzrə istedadlı uşaqların aşkara
çıxarılması və inkişaf etdirilməsi üçün "İstedad"
Assosiasiyası yaradılmışdı. Onun təsisçilərindən biri də
Rahim Hüseynov idi. Rahim müəllim yeni qurumda
pedaqogika sahəsi üzrə rəhbər vəzifədə çalışıb.
Yeri gəlmişkən qeyd edək ki, indi ölkəmizin ən yaxşı
ümumtəhsil müəssisələrindən biri kimi tanınan Bakı
Avropa Liseyi də məhz "İstedad" Assosiasiyasının
təşəbbüsü ilə yaradılmış, liseyin ilk tədris proqramını
Rahim müəllim yazmışdır.
İstedadlı uşaqlarla aparılan iş və toplanan təcrübə
tezliklə öz təsirini göstərmiş, R.Hüseynov 1994-cü ildə
Təhsil Nazirliyində istedadlı uşaqlarla iş sektorunun
müdiri vəzifəsinə irəli çəkilmişdir.
Çoxları Rahim Hüseynovu həm də Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının işçisi kimi tanıyır və xatırlayır. Bu da
təsadüfi deyil. Çünki onun ömrünün və elmi-pedaqoji
fəaliyyətinin 11 ili məhz bu dövlət qurumu ilə bağlı
olub. Rahim müəllim 1995-2006-cı illərdə burada test
metodikası şöbəsinə rəhbərlik edib, bu müddətdə fənlər
üzrə 18 seminarın yaradılması və inkişaf etdirilməsini
təşkil edib. Onun təşəbbüsü və iştirakı ilə 5-11-ci
siniflər üzrə test kitabçaları yaradılıb. R.Hüseynov
eyni zamanda TQDK-nın təşkil etdiyi bir çox layihələrin
rəhbəri olub.
Rahim müəllimin tərcümeyi-halının önəmli tarixlərindən
birini də 2006-2009-cu illər təşkil edir. Bu dövrdə o,
ölkənin ən böyük özəl ümumtəhsil müəssisələrindən olan
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin baş
direktoru vəzifəsində işləyib. Liseydə keçirilən və
ölkədə böyük rəğbətlə qarşılanan intellekt
olimpiadalarının, bir sıra digər layihələrin də
təşəbbüsçüsü və müəllifi Rahim Hüseynov olub.
Rahim müəllim təhsil kompleksinə rəhbərliyi zamanında
qazandığı təcrübəni 2009-cu ildən Bakı şəhər 193 nömrəli
tam orta məktəbdə tətbiq edir. Onun direktor işlədiyi 6
ilə yaxın dövr ərzində məktəb bir sıra uğurlara imza
atıb. Belə ki, 2011-ci ildə "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinini qalibi olub, ötən il isə
məktəbin məzunlarından 6 nəfəri ali məktəblərə qəbul
imtahanlarında 600-dən yuxarı bal toplayıb.
Yazımızın əvvəlində Rahim müəllimin ölkəmizi böyük
beynəlxalq elmi-metodik məclislərdə necə ləyaqətlə
təmcil etdiyini göstərən bir fakt vermişdik. Belə
faktlar isə çoxdur. Belə ki, Rahim Hüseynov işlədiyi
müddət ərzində Avropa, Asiya, Amerikada keçirilən 20-dən
çox elmi konfransın iştirakçısı olub, məruzələr
etmişdir. Onlardan Boston (2000), Honq-Konq (2002),
Moskva (2004), Filadelfiya (2004), Budapeşt (2004),
Kiyev (2005), Dublin (2005), Sinqapur (2006), Astana
(2006), Tiflis (2006), Stokholm (2007) və başqalarında
ingilis və rus dillərində çıxışlarını isə xüsusi qeyd
etmək olar.
Məhsuldar tədqiqatçı olan Rahim Hüseynov 40-dan çox elmi
məqalə, tezis və kitabın müəllifidir.
Rahim Hüseynovun könül verdiyi bir sahə də var: bədii
yaradıcılıq. Çoxlu şeiri, hekayəsi, bir neçə povesti və
romanı var. Povest və romanları mətbuatda çap olunub.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ustad Şəhriyarın yazımızın əvvəlində sitat gətirdiyimiz
beytinin davamı olan başqa bir beyti də var:
"Sevdiyin sənəti intixab etsən,
Yoruldum deməzsən, nə qədər getsən".
60 yaşı bu yaxınlarda tamam olmuş Rahim müəllimə də
yorulmaq sözü yaddır. Çünki o, ömrünü sevdiyi sənətə,
işə həsr edib. Belə insanlar isə, şairin dediyi kimi, nə
qədər getsələr də yorulmurlar. Rahim müəllimə arzumuz da
elə budur: heç vaxt yorulmayasan.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |